12 avqust 2025, 13:15

Adam Amilovdan, Kiryat Ekron, İsrail

Hörmətli cənab Prezident,

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvləri və İsraildə yaşayan bütün azərbaycanlı mühacirlər adından Cənubi Qafqazda çoxdan gözlənilən sülhə yol açan Azərbaycan və Ermənistan arasında sülh münasibətləri haqqında Birgə Bəyannamənin Vaşinqtonda uğurla imzalanması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunmuş bu tarixi hadisə Sizin müdrik rəhbərliyiniz və regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərinizin bariz sübutudur.

Sülh müqaviləsinin imzalanması uzun müddət davam edən münaqişəyə nəinki son qoyacaq, həm də iqtisadi əlaqələrin inkişafına, Cənubi Qafqaz xalqlarının firavanlığına kömək edəcək nəqliyyat dəhlizinin yaradılmasına mühüm töhfə verəcək. Biz İsrail azərbaycanlıları fəxrlə qeyd edirik ki, bu saziş həm də Azərbaycan və İsrail arasında strateji tərəfdaşlığı möhkəmləndirir, dağıdıcı qüvvələrin təsirini məhdudlaşdırır, təhlükəsizlik, ticarət və mədəniyyət sahələrində əməkdaşlıq üçün yeni imkanlar açır.

Bizim “Azİz” Assosiasiyamız həmişə bu əlaqələri inkişaf etdirməyə çalışıb və əminik ki, Cənubi Qafqazda sülh xalqlarımız arasında daha da sıx qardaşlığın əsasına çevriləcək. Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikasına daha da tərəqqi, əmin-amanlıq və sabitlik arzulayırıq.

Qoy bu saziş regionun bütün sakinlərinə xeyir gətirsin və Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirsin.

Hörmətlə,

Amilov Adam, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti

İsrail Dövləti, Kiryat Ekron şəhəri.