12 avqust 2025, 11:20

Hüseynbala Mirələmovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan!

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması ilə uzun illərdir davam edən gərginliyin, ağrı-acının və itkilərin fonunda böyük tarixi addımın atılması hər birimiz üçün böyük bir sevinc və qürur mənbəyidir.

Sizin rəhbərliyinizlə ölkəmiz bu çətin yolda uğurla addımlaya bildi. Dövlətimizin maraqlarını hər zaman ön planda tutaraq apardığınız siyasət nəticəsində bu gün biz sülh və sabitlikdən daha inamla danışırıq. Bu, təkcə sülh deyil, bu, tarixi ədalətə doğru yönəlmiş mühüm bir addımdır.

Sizin qətiyyətli siyasətiniz nəticəsində Azərbaycan əvvəlcə haqq savaşında tarixi Qələbə qazandı, indi isə bu Qələbəni sülhə çevirmək kimi yüksək siyasi məsuliyyəti uğurla yerinə yetirir. Bu mərhələ – güclü dövlətin, milli birliyin və düşünülmüş strategiyanın məntiqi nəticəsidir.

Bir vətəndaş kimi mən fəxr edirəm ki, ölkəmizin rəhbəri münaqişəyə son qoymaqla bölgəmizi təhlükələrdən qoruyur, gənc nəslə sülh və sabitlik içində böyümək imkanı yaradır.

Bu tarixi günlərdə atdığınız addımlar Azərbaycanı daha güclü, daha möhtəşəm bir gələcəyə aparır.

Sizə möhkəm cansağlığı, ölkəmizin rifahı naminə gördüyünüz işlərdə davamlı uğurlar arzulayıram. Vətənə xidmətiniz daim uğurlu və mübarək olsun!

Allah Azərbaycanı və Sizi qorusun!

Dərin hörmətlə,

Hüseynbala Mirələmov, professor, yazıçı-dramaturq,

Azərbaycan Respublikası, Bakı şəhəri