12 avqust 2025, 14:49

Fəridə Pənahovadan, London, Böyük Britaniya

Hörmətli cənab Prezident,

Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlədiyimiz sülh ilə bağlı avqustun 8-də Vaşinqtonda Ağ Evdə Bəyannamənin imzalanması münasibətilə Sizə ən dərin və səmimi minnətdarlığımızı bildiririk. Bu tarixi hadisə xalqımızın taleyində əbədi olaraq qızıl hərflərlə yazılacaqdır.

Biz, Britaniyada yaşayan azərbaycanlılar, Sizin Amerika Birləşmiş Ştatlarına səfərinizin hər addımını qürur hissi ilə izlədik. Həmin gün bütün dünyanın baxışları Ağ Evə yönəlmişdi. Təzyiqlər qarşısında əyilməyən, dünya tərəddüd içində olarkən belə inamını sarsıtmayan, xalqımızı ədalətsizliyin qaranlığından zəfərin parlaq işığına çıxaran bir lider kimi tarix Sizi izləyirdi.

Vaşinqtonda səsləndirdiyiniz sözlər hər bir azərbaycanlının evində əks-səda doğurdu. Sizin çıxışınız təkcə bir dövlət başçısının bəyanatı deyildi, onilliklər boyu səbr və dözümlə yaşamış, ən ağır sınaqlar qarşısında belə qələbə inamını qoruyub saxlayan bir millətin qürurlu səsi idi. Siz hər zaman qətiyyətlə, sarsılmaz iradə ilə dayandınız və bütün dünyaya sübut etdiniz ki, mənəvi haqq və əzmkarlıq ən çətin maneələri belə aşır. Sübut etdiniz ki, dəyişkən müttəfiqlər və qlobal qeyri-müəyyənliklər dünyasında belə qətiyyətli bir xalqın iradəsi, sarsılmaz liderin rəhbərliyi ilə hər bir məqsədə nail olmaq olur.

Sizin uzaqgörənliyiniz və cəsarətiniz sayəsində xalqlarımız arasında düşmənçilik səhifəsi bağlandı. Bu Bəyannamə gələcək nəsillərin təhlükəsizliyi və əmin-amanlığının zəmanətidir. Biz bundan sonra imkanlarımizı, iqtisadiyyatımızı, təhsilimizi gücləndirməyə, elm və mədəniyyətimizi inkişaf etdirməyə yönəldə bilərik.

Ulu Öndər Heydər Əliyev bizə dövlətçilik, liderlik, milli kimlik və müdriklik mirası qoydu. Siz həmin mirası şərəflə qoruyub daha da zənginləşdirdiniz və Azərbaycanın hər zamankından daha güclü olmasını təmin etdiniz.

Azərbaycanın haqqnı müdafiə etmək və onun ləyaqətini qorumaq üçün göstərdiyiniz sarsılmaz əzminizə görə bir daha Sİzə təşəkkür edirik. Sizinlə fəxr edirik və Azərbaycanın beynəlxalq aləmdəki haqqının qorunması yolunda apardığınız səylərinizi dəstəkləməyə davam edəcəyik. Dəstəyimiz, sevgimiz, dualarımız hər zaman Sizinlədir!

Ən dərin hörmət və təşəkkürlərimizlə,

Britaniya Azərbaycan Cəmiyyəti (BAC) və Qarabağ məktəbinin valideynləri və müəllim kollektivi adlndan,

Fəridə Pənahova

Böyük Britaniya, London şəhəri.