Hikmət Mirzəzadədən, Lənkəran, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizi ABŞ-də Azərbaycan ilə Ermənistan arasında imzalanmış Birgə Bəyannamə münasibətilə ürəkdən təbrik edirəm. Bu tarixi nailiyyət Sizin uzaqgörən və qətiyyətli siyasətinizin, həmçinin xalqımızın birlik və iradəsinin parlaq nəticəsidir. Sizin uzaqgörən və prinsipial siyasətiniz sayəsində Azərbaycan həm döyüş meydanında, həm də diplomatiya masasında böyük qələbə qazanmışdır.
Bu nailiyyət təsadüfi deyil. Siz illərlə davam edən gərgin diplomatik mübarizəni möhkəm iradə və güclü siyasi zəkanızla xalqımızın mənafeyinə xidmət edən tarixi zəfərə çevirdiniz. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə gələcək sülh razılaşmasının əsasını qoydu. Siz bu uğuru danışıqlar prosesində də davam etdirərək, Azərbaycanın mövqeyini tam şəkildə qəbul etdirə bildiniz.
Siz, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Onun müəyyən etdiyi strateji xətti uğurla həyata keçirirsiniz. Bu, həm ölkəmizin gələcəyi, həm də bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İnanıram ki, bu tarixi hadisə Ulu Öndərin ruhunu şad etmişdir.
Sizin rəhbərliyinizlə Azərbaycan daha güclü, daha nüfuzlu və daha təhlükəsiz bir dövlətə çevrilmişdir. Xalqımız Sizin ətrafınızda sıx birləşərək, gələcəyə inamla baxır.
Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənimizin inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Mirzəzadə Hikmət Rasim oğlu
Azərbaycan Respublikası, Lənkəran şəhəri.