11 avqust 2025, 16:44

Fərhad Bədəlbəylidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Siz görkəmli dövlət xadimi, böyük siyasətçi, qalib sərkərdə olaraq, Vətənimiz Azərbaycanın ən yeni tarixinin qiymətli səhifələrini yazırsınız. Bu günlər isə bizə Zəfər tariximizin ən şanlı hadisələrini yaşadırsınız! Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addımların atılması böyük tarixi əhəmiyyətə malikdir.

Sizin uzun illər boyu davam edən konfliktlərin və problemlərin həll olunması yolunda göstərdiyiniz böyük əzmkarlıq, diplomatik məharət, daim dövlətimizin və xalqımızın rifahını düşünməyiniz siyasi qələbələrinizin təminatıdır. Bu baxımdan Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr xalqımızın sülhsevərliyinin təsdiqidir. Sizin qətiyyətiniz, nüfuzunuz və siyasi iradəniz sayəsində bütün dünya Azərbaycan dövlətinin gücünə, qüdrətinə, Xalqımızın birliyinə bir daha inandı.

Əziz Prezidentimiz! Beynəlxalq miqyasda Azərbaycan həqiqətlərini dünyaya çatdıran, dövlətin iqtisadi maraqlarını təmin edən və dünyanın ən inkişaf etmiş ölkələri sırasında Azərbaycanı təmsil edən lider kimi Sizinlə qürur duyuruq. Siz beynəlxalq aləmdə dövlətimizin haqqının və hüququnun qarantına çevrilmisiniz. Bu tarixi hadisə münasibətilə Sizi öz adımdan və bütün musiqi ictimaiyyəti adından ürəkdən təbrik edirik!

Sizə uzun ömür, cansağlığı, Vətənimizin xoş gələcəyi və rifahı naminə bütün sahələrdə yüksək nailiyyətlər arzulayırıq.

Biz Sizinlə fəxr edirik!

Dərin hörmət və ehtiramla,

Fərhad Bədəlbəyli, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor

Azərbaycan Respublikası, Bakı şəhəri