11 avqust 2025, 16:10

Əli Əlisoydan, Naxçıvan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizi 2025-ci ilin avqustunda Amerika Birləşmiş Ştatlarına etdiyiniz rəsmi səfər, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış Bəyannamə, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Səfəriniz bir daha sübut etdi ki, Azərbaycan dövləti Sizin uzaqgörən və qətiyyətli rəhbərliyinizlə qlobal arenada etibarlı tərəfdaş, regionda isə barış və sabitliyin əsas dayağı kimi çıxış edir. Siz qalib dövlətin Lideri olaraq hər zaman sülhün, ədalətin və əməkdaşlığın tərəfdarı olmusunuz. ABŞ-da keçirilən görüşlərdə də Sizin bu mövqeyiniz dünya ictimaiyyətinə aydın və qətiyyətlə çatdırıldı.

Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyiniz, qalibiyyətlə başa çatan müharibədən sonra belə intiqam deyil, qarşı tərəfə ədalətli və dayanıqlı sülh təklif etməyiniz Sizin nə qədər məsuliyyətli və müdrik bir Lider olduğunuzu göstərir.

Mən, bir hərbi əməliyyatda iştirak etmiş, vətəndaşlarımızın həyatını təhlükədən xilas etmiş bir zabit kimi, Sizin bu qətiyyətli, təmkinli və dövlətçilik təfəkkürünə əsaslanan mövqeyinizi dəstəkləyir və onunla fəxr edirəm. Sizin rəhbərliyinizlə ölkəmiz yalnız hərb meydanında deyil, həm də diplomatik platformalarda qalib mövqeyini qorumaqdadır.

Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. İnanıram ki, Sizin müdrik siyasətinizlə ölkəmiz daha da güclənəcək və bölgədə əmin-amanlıq daim təmin olunacaq.

Dərin hörmətlə,

Əlisoy Əli,

“Naxçıvan Qaziləri” İctimai Birliyinin həmtəsisçisi.

Azərbaycan Respublikası, Naxçıvan şəhəri.