11 avqust 2025, 15:38

Hümbət Musayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Son illər ölkəmizdə media sahəsində mühüm islahatlar həyata keçirilmiş, jurnalistlərin azad, sərbəst, peşəkar və təhlükəsiz fəaliyyəti üçün münbit şərait yaradılmışdır. Hüquqi, sosial və maddi əsaslar gücləndirilmiş, söz və mətbuat azadlığı, fikir plüralizmi formalaşdırılmışdır.

Mətbu sözün dəyərini, ictimai fikrə təsirini yetərincə qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən milli mətbuatımıza cəmiyyətin etimadı daha da yüksəlmişdir. Ulu Öndərin söylədiyi “Gün gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri artıq həyat həqiqətidir.

“Media haqqında” yeni Qanun informasiya məkanının rəqabət qabiliyyətini artıraraq, jurnalistika peşəsinin nüfuzunu yüksəltdi. Hazırda mətbuatımızın coğrafiyası və ifadə vasitələrinin çeşidi zənginləşmiş, cəmiyyətin ictimai-siyasi həyatında, demokratik proseslərin inkişafında iştirakı və təsir imkanları artmışdır. İnteqrasiya və qloballaşmanın vüsət aldığı indiki dövrdə çap mediasının da əsas məqsədi texnoloji imkanlardan maksimum yararlanmaqla ölkəmiz haqqında obyektiv məlumatları çevik şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Şanlı tariximizin güzgüsü olan demokratik milli mətbuatımız özü də mürəkkəb və şərəfli inkişaf yolu keçməklə sayənizdə Vətən müharibəsindəki Qələbəmizə öz böyük töhfəsini vermişdir. Hazırda qalib ölkənin mətbuatı kimi qarşımızdakı əsas vəzifə müzəffərliyin yaratdığı emosional potensialın postmüharibə dövründə məqsədyönlü şəkildə reallaşdırılması işində cəmiyyətə informasiya təminatı ilə yardımçı olmaqdan ibarətdir.

Möhtərəm Prezident, 44 günlük Vətən müharibəsi dövründə Sizin dünyanın bir çox televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərinə verdiyiniz müsahibələr əsl ustad dərsləri idi. Həmçinin feyk xəbərlərlə “zəhərlənmiş” beyinlərdəki fikri düzgün istiqamətə yönləndirməyə xidmət edən məşəqqətli və çətin prosesin öhdəsindən layiqincə gəlməyiniz bizə real etalon, nümunə oldu.

Sizin müstəqil medianın formalaşmasına və informasiya təhlükəsizliyinə mühüm töhfələr verən çoxşaxəli siyasətinizlə bu gün Azərbaycan mediası beynəlxalq informasiya məkanında öz sözünü deyə biləcək gücə və potensiala sahibdir.

Əziz Prezidentimiz, milli mətbuatımızın 150 illik yubileyi münasibətilə media nümayəndələrinin diplom, medal və fəxri adlarla təltif olunması bizi daha əzmlə çalışmağa motivasiya etməklə ruhlandırır. Mənim jurnalist fəaliyyətimə də yüksək qiymət verərək “Əməkdar jurnalist” fəxri adına layiq gördüyünüz üçün minnətdarlığımı bildirirəm. Bu təltif mənə ölkəmizin həqiqətlərini peşəkarlıq, dürüstlük və prinsipiallıqla dünyaya çatdırmaqda əlavə güc verir.

Sizi əmin edirəm ki, daha intensiv şəkildə işləyəcək, cəmiyyəti düşündürən problemləri qələmə alacaq, analitik, təhlili, fəlsəfi-publisistik yazılarımla beynəlxalq mediada daha çox çıxış edəcək, ictimaiyyətə obyektiv xəbərlər çatdırmaq üçün öz imkan və intellektimi səfərbər edəcəyəm.

Səmimi minnətdarlıq duyğuları və dərin hörmətlə,

Musayev Hümbət Kazım oğlu,

Əməkdar jurnalist.

Azərbaycan Respublikası, Bakı şəhəri.