Azərbaycanın və ABŞ-ın prezidentləri, Ermənistanın Baş naziri Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər

09 avqust 2025, 00:20
Azərbaycanın və ABŞ-ın prezidentləri, Ermənistanın Baş naziri Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər.

Əvvəlcə ABŞ Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident Donald Trampın
bəyanatı

-Bu ölkələr uzun illər ərzində - 35 il müharibə şəraitində olublar. İndi isə onlar dostdur və bundan sonra uzun müddət dost qalacaqlar. Bu gün Ağ Evdə Ermənistan ilə Azərbaycan arasında sülh sammitində hər kəsi qəbul etməkdən böyük şərəf duyuram. Mən böyük insanların bir araya toplanmasından böyük zövq alıram və burada məhz bu baş verir. İki uzaqgörən lider - Prezident Əliyev və Baş nazir Paşinyanı Vaşinqtona səfər edərək bu mühüm bəyannamənin imzalanması münasibətilə təbrik edirəm. Bu, çox vacib bir sənəddir. Mənə bildirildi ki, keçmişdə tərəflər dəfələrlə buna nail olmağı mümkün hesab ediblər, lakin bu baş verməyib. Mən, həmçinin Dövlət katibi Marko Rubio, xüsusi elçi Stiven Uitkoff və Dövlət Departamentində çalışan heyətlərə təşəkkürümü bildirmək istərdim. Eyni zamanda, sizin ölkələrdən də burada dövlət rəsmiləri var və onlar da bu işlərə böyük diplomatik dəstək veriblər.

Ermənistan və Azərbaycan 35 ildən artıq müharibə şəraitində olub. Bu münaqişə uzun illər ərzində insanlara əziyyət və məhrumiyyət gətirmişdir. Bir çox ölkələr, həmçinin Avropa İttifaqı, Rusiya bunun üzərində gərgin çalışıb, lakin buna nail ola bilməyib. Ayaq üstə yuxulayan Co Bayden də bu məsələ ilə məşğul olmağa çalışıb, ancaq nəticəsi necə olub bəllidir. O, yəqin ki, bu işə 12 dəqiqə vaxt sərf edib.

Bu razılaşma ilə biz sülhü təmin etməyə müvəffəq olmuşuq. Biz bir az əvvəl oval ofisdə bu sazişə aid olan çoxsaylı sənədləri və vacib elementləri imzaladıq. Ermənistan ilə Azərbaycan kommersiya və səyahət əlaqələrinin qurulmasına, diplomatik münasibətlərin yaradılmasına sadiqliyini vurğulayır, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət bəslədiyini bəyan edir. Bu iki şəxs o qədər də tez-tez görüşmürdü, ancaq bundan sonra aralarında gözəl münasibətlər olacaq. Mənim üçün böyük şərəf doğuran məqam bu bəyanatda TRIPP, yəni, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun öz əksini tapmasıdır. Bu xüsusi tranzit ərazi vasitəsilə Azərbaycan Ermənistanın suverenliyinə qəti şəkildə hörmət çərçivəsində özünün Naxçıvan bölgəsinə tam çıxış əldə edəcək. Yəni, bunun nəticəsində hər iki tərəf üçün xüsusi əhəmiyyət daşıyan bu ərazidə birgə əməkdaşlıq mümkün olacaq.

Ermənistan ABŞ-la birlikdə bu dəhlizin inkişafı ilə bağlı xüsusi tərəfdaşlıq yaradır. Bu tərəfdaşlıq 99 illik olacaq və bizə vəd verilib ki, bu müddət uzadıla bilər. Bəli, siz bizə söz verdiniz. Orada Amerika infrastruktur şirkətlərinin böyük layihələrlə məşğul olacağını gözləyirik. Onlar bu iki ölkədə çalışmağı arzulayır və bu işlərə böyük maliyyə vəsaiti ayıracaqlar. Bu, üç ölkəyə iqtisadi səmərə gətirəcək və vacib bir region üçün çox əhəmiyyətli xəbərdir.

Bununla yanaşı, ABŞ hər iki ölkə ilə enerji, ticarət, texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinə dair ikitərəfli sazişlər imzalayır. O cümlədən süni intellekt sahəsində. Enerji sahəsinə gəldikdə, burada ölkəmizi energetika naziri Kris Rayt təmsil edir və o, bu işi hər kəsdən gözəl bilir. Onun mənə verdiyi məlumata görə, bu sahə münbitdir və görüləcək işlər var. Mən onun fəaliyyətini yüksək qiymətləndirirəm və ölkədə benzinin qiymətinin ciddi ucuzlaşmasında onun böyük əməyi var. Biz, həmçinin bəlkə tarixdə heç vaxt olmadığı qədər neft və qaz quyuları qazırıq və bu, hələ başlanğıcdır.

Biz, həmçinin müdafiə sahəsində Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığa olan məhdudiyyəti aradan qaldırırıq. Bu, həm Sizin və həm də mənim üçün əhəmiyyətli məsələdir. Bir Prezident olaraq mənim ən böyük istəyim dünyada sülhün və sabitliyin bərqərar edilməsidir.

İndi isə sözü Azərbaycan Prezidentinə vermək istərdim.

x x x

Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Təşəkkür edirəm cənab Prezident. ABŞ Prezidenti tərəfindən bu tarixi tədbirə dəvət edilməyimdən şərəf duyuram. Birincisi, bu gün biz Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq. Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Bu strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri əhatə edir - qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar və terrorizmlə mübarizə. Bu günədək bu sahələrdə əməkdaşlığımız olub və ümid edirəm ki, gələcəkdə də fəal əməkdaşlığımız olacaqdır. Bu, Azərbaycan üçün inkişaf yolunda iqtisadiyyatın şaxələndirilməsi, bu gün olduğu kimi, işsizliyin aşağı səviyyədə saxlanılması və gələcəyə böyük nikbinliklə baxmaq üçün yeni imkanlar yaradır.

Həmçinin cənab Prezidentə məhdudiyyətlərin aradan qaldırılmasına görə təşəkkürümü bildirirəm. Azərbaycana qarşı həmin məhdudiyyətlər 1992-ci ildə - müstəqilliyinin bərpasından bir il sonra tətbiq edilib. Bizə qarşı tətbiq edilmiş bu məhdudiyyət 33 ildən sonra bu gün aradan qaldırıldı. Həqiqətən bu gün Azərbaycan xalqının yaddaşına həm qürur, həm də Prezident Trampa minnətdarlıq hissi ilə həkk olunacaq. Onun həm Azərbaycana olan münasibəti və təkcə bizim regionumuz deyil, - bu gün mən bunu fikir mübadiləmizdə qeyd etdim, - cəmi bir neçə ay ərzində Prezident Tramp Afrikada, Asiyada və nəhayət, Cənubi Qafqazda 30 il ərzində əldə oluna bilinməyəni təmin etdi. Biz insanların qurban verilməsi, böyük itkilər ilə nəticələnən iki çox ağır müharibə aparmalı olduq. Prezident Tramp və onun komandası, bizim yaxşı dostumuz Stiven Uitkoff olmasaydı, Ermənistan və Azərbaycan yəqin ki, hələ də sonsuz danışıqlar prosesində idilər.

Bu, həqiqətən tarixi gündür - biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Trampın düzgün qeyd etdiyi kimi, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq. Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib. Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq.

Cənab Prezident, ölkələrimiz, regionumuz və bütün dünya üçün gördüyünüz işlərə görə bir daha təşəkkür edirəm.

Prezident Donald Tramp: Hər iki şəxs böyük liderdir. Siz neçə ildir ölkənizdə rəhbər vəzifədə çalışırsınız?

Prezident İlham Əliyev: 22 ildir.

Prezident Donald Tramp: 22 il. Bu o deməkdir ki, Siz güclü və ağıllı insansınız, regionunuz dünyanın gözəl bölgəsidir. Bu işdə iştirak etmək mənim üçün böyük şərəfdir.

Söz verilir Ermənistanın Baş naziri Nikol Paşinyana.

x x x

Ermənistanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Nikol Paşinyanın
bəyanatı

-Təşəkkür edirəm, cənab Prezident.

Xanımlar və cənablar. Bu gün biz Ermənistan-Azərbaycan münasibətlərində mühüm nailiyyət əldə etdik. Biz keçmiş tariximizdən fərqli olacaq yeni hekayənin təməlini qoyuruq. Bu sıçrayış Prezident Trampın şəxsi iştirakı və regionumuzda sülhün bərqərar edilməsinə güclü sadiqliyi olmadan mümkün deyildi. Sülh sazişinin paraflanması ölkələrimiz arasında onilliklərdir davam edən münaqişəyə son qoyulmasına yol açacaq, onlar üçün bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşaraq, yeni dövrü başladacaq. Bu gün Prezident Trampın şahidliyi ilə onun da imzaladığı bəyannamə daha çox əminlik və inam yaradır ki, biz Cənubi Qafqazda sülh, rifah, təhlükəsizlik və iqtisadi əməkdaşlıq səhifəsini açırıq. Bu baxımdan, icazə verin, suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsipləri əsasında regionda nəqliyyat yollarının açılmasına dair razılaşmanı qeyd edim. Mən çox məmnunam ki, bütöv bir bölgənin imkanlarını təmin edəcək bağlantılar layihəsi sayılan “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun qurulması üçün Ermənistan ABŞ-la birgə işləyəcək.

TRIPP yolu uzunmüddətli fayda gətirəcək strateji iqtisadi imkanlar açacaq. Onun sayəsində infrastruktura sərmayələr, daha geniş regional bağlantılar təşviq olunacaq, münaqişənin həllində carçı kimi tanınan ABŞ rəhbərliyi ilə əməkdaşlıq güclənəcək. Mən Ermənistan ilə Azərbaycan arasında vəziyyəti tam dəyişən nəticələrin əldə olunmasına görə Prezident Trampa və onun heyətinə təşəkkürümü bildirmək istəyirəm.

Bu gün əldə etdiyimiz razılaşma çox əhəmiyyətlidir. Bu, ölkələrimiz və regionumuz üçün uğurdur, dünya üçün uğurdur. Çünki daha dinc region daha təhlükəsiz dünya deməkdir. Bu, qısaca desək, gücə əsaslanan sülh deməkdir. Cənab Prezident, bu gün əldə olunan böyük nailiyyət qlobal rəhbərliyinizin daha bir təzahürüdür və sizin dünya miqyasında sülh yaradan insan və dövlət xadimi kimi irsinizdir.

Sülhün bərqərar olunması uzaqgörənlik, siyasi cəsarət və qətiyyət tələb edir. Lakin ən vacibi odur ki, o, bu işlərə inamı tələb edir. “İncil”də yazıldığı kimi, “sülh yaradanlar xoşbəxtdirlər, çünki onlar Allahın oğulları adlandırılacaqlar. Tanrı onların yolunu açıq etsin”.

Təşəkkür edirəm və hamımızı təbrik edirəm. Prezident Əliyev, Sizi və hamımızı, Azərbaycan, Ermənistan və ABŞ-dan olan həmkarları, regionumuzun bütün xalqlarını, ölkələrimizin bütün insanlarını təbrik edirəm.

Hamıya təbriklərimi çatdırıram, çünki dediyim kimi, bununla birmənalı olaraq daha yaxşı dünya qurulacaq. Sağ olun.

Prezident Donald Tramp: Əla. Sağ olun.

x x x

Sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Sammitinin nəticələri ilə bağlı birgə bəyannaməni imzaladılar.

x x x

Prezident Donald Tramp: Bu, həqiqətən böyük nailiyyətdir və sizləri təbrik edirəm. Siz iki inanılmaz lidersiniz. Adınız tarixə düşəcək. Mən münaqişənin nə qədər uzun çəkdiyini oxudum. Siz bundan keçmisiniz. Bəzi insanlar gözləntilərinizi doğrultmayıb və sair. Bəlkə siz kimisə qane etməmisiniz. Bilmirəm bunlar sizdə necə olub. Lakin adətən işlər bu cür gedir. Lakin həmin məsələ çox, çox xüsusidir. Beləliklə, mən, ümumiyyətlə, həmin məsələnin ortasında qalmaq istəməzdim, lakin bəzi suallar veriləcək. Həmin məsələyə aid suallar olacaq. Bu gün ərzində biz digər məsələləri də elan edəcəyik.

x x x

Sonra suallar cavablandırıldı.

Sual: Qarabağ ermənilərinə qayıtmaq imkanı veriləcəkmi? Həmçinin Prezident Trampa Nobel Sülh Mükafatının verilməsi barədə aparılan söhbətlərə münasibətiniz necədir?

Baş nazir Nikol Paşinyan: Düşünürəm ki, Prezident Tramp Nobel Sülh Mükafatına layiqdir. Biz onun namizədliyini dəstəkləyəcəyik və təşviq edəcəyik. Təbii haldır. Bir sözlə, düşünürəm ki, bu gün keçirilən tədbir onun bariz nümunəsidir. Ümidvarıq ki, siz bizi dəvət edəcəksiniz.

Prezident Donald Tramp: Bəli. Siz ön cərgədə oturacaqsınız.

Baş nazir Nikol Paşinyan: Bəli. Bəli.

Prezident Donald Tramp: Çox sağ olun.

Baş nazir Nikol Paşinyan: Biz lehinəyik.

Prezident Donald Tramp: Çox sağ olun.

Prezident İlham Əliyev: Olar bir təklif verim?

Donald Tramp: Bəli.

Prezident İlham Əliyev: Bəlkə Prezident Trampa Nobel Sülh Mükafatının verilməsi məqsədilə Nobel Komitəsinə birgə müraciətin göndərilməsində Baş nazir Paşinyanla razılaşaq. Çünki üç onillikdən artıq müharibədə olmuş ölkələrin rəhbərlərinin burada tarixi imza atmaları həqiqətən böyük əhəmiyyət kəsb edir. Bu, Prezident Trampın rəhbərlik səylərinin nəzərəçarpan nəticəsidir. Heç kəs buna nail ola bilməyib. 1990-cı illərin əvvəlindən burada çox prezidentlər olub, Minsk qrupu olub. Yeri gəlmişkən, 1992-ci ildə fəaliyyətə başlamış həmin qrupa bu gün biz erməni həmkarımla son qoyuruq. ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqlar üç onillikdən çox çəkdi və heç bir nəticə vermədi.

Bəs əgər Nobel Sülh Mükafatı Prezident Trampa verilməsə, kimə verilməlidir? Mən heç bir iş görməmiş, lakin mükafat almış şəxslərlə bağlı Nobel Sülh Mükafatının çox müəmmalı qərarlarının tarixinə varmaq istəməzdim. Lakin Prezident Tramp altı ay ərzində möcüzə yaratdı. Bir sözlə, düşünürəm ki, erməni həmkarım da dəstəkləyəcək. Auditoriyanın reaksiyasından hesab edirəm ki, biz qayıdan kimi birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik.

Ümid edirəm ki, mən, həmçinin Prezidentin mükafatlandırma mərasiminə qoşulacağam. Ümidvarıq ki, o, bizi mərasimə dəvət edəcək.

Prezident Donald Tramp: Sağ olun. Siz təbii ki, olacaqsınız. Çox sağ olun.

Baş nazir Nikol Paşinyan: İndi imzalamaq üçün layihəmiz varmı?

Prezident Donald Tramp: Baxarıq, necə olacaq.

Prezident İlham Əliyev: Biz imzalamaq istərdik.

Prezident Donald Tramp: Çox sağ olun. Çox yaxşı. Bilirsiniz, burada və orada hər zaman kiçik problemlər olur, elə deyilmi? Böyük problemlər həll olunub. Ən böyüklər artıq geridə qaldı.

Prezident İlham Əliyev: İlk növbədə, qeyd etmək istərdim ki, bu gün biz artıq neçə vaxtdır danışıqlar prosesində olan sülh sazişini parafladıq. Onun burada, dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində və Birləşmiş Ştatların hörmətli Prezidenti qarşısında paraflanması faktı göstərir ki, tərəflərdən heç biri geri çəkilməyəcək. Bununla bağlı heç bir şübhə yoxdur.

Əgər bizlərdən kimsə, Baş nazir Paşinyan və ya mənim özüm geriyə çəkilmək istəsəydik, buraya gəlməzdik. Beləliklə, Siz, eləcə də Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, bu gün baş verən hadisə Qafqaza sülh, uzunmüddətli sülh, əbədi sülh gətirəcək.

Prezident Donald Tramp: Həqiqətən, çox əla bəyanatdır.

Baş nazir Nikol Paşinyan: Üzr istəyirəm, tam razıyam. Heç bir əlavəm də yoxdur.

Prezident Donald Tramp: İki əla bəyanatdır, bununla belə, əla hazırlanmış bəyanatdır. Oldu. Gəlin, bir neçə sual da dinləyək. Buyurun.

Sual: Cənab Prezident, Cənubi Qafqazda bir çoxları Amerikanın Azərbaycanla ikitərəfli münasibətlərdə olan maneələrin və dünyanın həmin hissəsindəki sülhün olmamasının günahını Sizin sələfiniz Co Bayden və onun Dövlət katibi Antoni Blinkenin üzərinə qoyur. Ölkənizin və administrasiyanızın Azərbaycan və Ermənistanla tərəfdaşlığının gücləndirilməsi Sizin üçün nə dərəcədə əhəmiyyətlidir? Bu, Sizin irsiniz üçün nə kimi əhəmiyyət kəsb edir?

Prezident Donald Tramp: Bəli, mənim üçün əhəmiyyətlidir. Bilirsiniz, keçmişdə nəyin baş verdiyini bilirəm, çünki çox oxumuşam və onlar arasında uzun müddət çox ağır münasibətlər olub. Yəni, müharibə olub. Bir çox dövrlərdə müharibə olub. Amma işlər düzəlir və ona görə onlar əla insanlardır.

Mən Ermənistandan çox insanı tanıyıram. Hər iki ölkədən çox insanı tanıyıram və onlar inanılmaz şəxslərdir. Baş vermiş hadisələr gərək olmayaydı. Arzu edirdim ki, burada daha tez olum. Əgər seçkilər başqa cür keçsəydi, bu gün hər şey əla olardı. Mən ziddiyyətli danışmaq istəmirəm, lakin qeyd edirəm ki, seçkilər saxtalaşdırılmışdı.

Məsələni dörd il tez həll edə bilərdim. Lakin həqiqət göz qarşısındadır. Əgər seçkilər saxtalaşdırılmasaydı, mən burada dörd il əvvəl olardım. Biz həmin müqaviləni dörd il əvvəl imzalaya bilərdik. Lakin bu, baş vermədi. Bayden administrasiyası həqiqətən çox az iş gördü, əslində, heç nə etmədi. Bu iş üçün heç nə etmədilər. Mənim solumda və sağımda iki çox ağıllı insan əyləşib. Onlarla tanış oldum, onlar çox ağıllı insanlardır. Düşünmürəm ki, onlar nə vaxtsa məni məyus etsinlər. Onlar müəyyən işlərə görə mənə zəng edə bilərlər. İndi mən onları sınaqdan keçirəcəyəm və onlar mənə zəng edəcəklər, çünki bunu sevirlər. Lakin onlar hər hansı problem yaratmayacaqlar.

Bizim çox əhatəli sazişimiz var. Bu, sülh sazişidir, atəşkəs deyil. Bu, elə bir məsələ deyil ki, sonraya saxlayaq. Bu, sülh sazişidir və onlar bir-biri ilə çoxlu işgüzar əlaqələr yaradacaqlar. Onlar Birləşmiş Ştatlarla iş quracaqlar və mən isə hər zaman, ən azı burada olduğum zaman onların nə dərəcədə ağıllı, nə dərəcədə yaxşı insan olduqlarını xatırlayacağam.

Ticarət və digər məsələlərə gəldikdə, biz hər zaman 100 faiz dərəcəsində işləyirik. Biz onlara yaxşı olması üçün öz yolumuzla gedəcəyik. Onlar çox yaxşı iş gördülər və çox cəsarət göstərdilər. Onlar dünyanın çox mürəkkəb, olduqca çətin bölgəsindən gəliblər. Bu, dünyanın çox çətin, lakin mühüm hissəsidir. Onlar ağıllı, lakin məğrur insanlardır. Bilirsiniz, onların böyük enerji sərvətləri var. Mən Kris ilə söhbət etdim və o dedi ki, onların sərvəti çox böyükdür. Lakin sərvət hər zaman problemləri həll etmir. Başqa məsələlər tələb olunur. Onlar çox xoş təəssürat bağışlayan iki liderdir və onlarla işləmək şərəfdir.

Mən həyatları xilas etmək istəyirəm. İnsan həyatını xilas etməkdən məmnun oluram. Bu belədir! Bilirsiniz, insan həyatını xilas etdiyin təqdirdə, dinc, sülhsevər dünya yaranır. Adətən, bu, kifayət qədər yaxşı nəticə verir. Mən hər kəsə, xüsusən də bu gün addım atmağa cəsarətli olmuş iki böyük liderə təşəkkürümü bildirirəm. Onlar tarix kitablarına düşəcəklər. Burada iştirak etmək böyük şərəfdir.

Çox sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2025
17:14
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il sentyabrın 16-da Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi...

17 noyabr 2025, 17:14