Aynur Camalqızından, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan jurnalistlərinin şərəfli peşə bayramı - Milli Mətbuatımızın 150 illiyi ilə bağlı imzaladığınız Sərəncam bizim əməyimizin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu Sərəncamla təltif olunan onlarla jurnalist arasında "Teleqraf" Media Qrupunun 5 əməkdaşının da adı var. Göstərdiyiniz diqqətə görə şəxsən özümün və "Teleqraf" ailəsinin adından Sizə dərin təşəkkürümü çatdırıram.
Cənab Prezident, Azərbaycan mediasına son illər dövlətimizin və hökumətimizin göstərdiyi diqqət media təmsilçiləri qarşında təkcə yeni üfüqlər açmır, həm də şərəfli peşə sahibləri kimi bizim məsuliyyət və cavabdehlik hissimizi artırır.
Sizin mühüm beynəlxalq və yerli tədbirlərdə müsahibələriniz, jurnalistlərlə təmaslarınız bizim üçün bir dərs vəsaiti xarakteri daşıyır, bizə yeni stimul verir.
Ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərdə peşəkarlıq səviyyəmizin artırılması kimi qarşımıza məqsədlər qoyur.
Müasir rəqəmsal dünyada medianın üzərinə düşən vəzifələrin aktuallığını dərk edərək bundan sonra da Vətənimizin, Dövlətimizin mənafeyi naminə əlimizdən gələn qədər yüksək peşəkarlıqla fəaliyyət göstərməyə çalışacağıq.
Göstərdiyiniz diqqətə görə bir daha Sizə təşəkkür edirəm.
Hörmətlə,
Aynur Camalqızı, Əməkdar jurnalist, "Teleqraf Media Qrup"un baş direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri