Əhməd İsmayılovdan, Bakı, Azərbaycan
Zati-Alilərinizin rəhbərliyi ilə mediaya göstərilən davamlı dövlət qayğısı, həyata keçirilən sistemli islahatlar və hüquqi-institusional mexanizmlərin təkmilləşdirilməsi nəticəsində Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, müasir informasiya mühitinə sürətlə inteqrasiya olunmuşdur. Milli mətbuatımızın 150 illik yubileyinin dövlət səviyyəsində yüksək şəkildə qeyd olunması və media nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi medianın cəmiyyətdəki strateji roluna verilən dəyərin bariz nümunəsidir.
Bu istiqamətdə atılan növbəti mühüm addımlardan biri kimi "Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda keçirilən 3-cü Şuşa Qlobal Media Forumuna verdiyiniz hərtərəfli dəstəyə, Forumun yüksək səviyyədə təşkil olunmasına göstərdiyiniz xüsusi diqqətə və şəxsən Forum iştirakçıları ilə keçirdiyiniz səmimi, dərin məzmunlu görüşə görə Zati-Alilərinizə minnətdarlığımızı ifadə edirik.
Forum çərçivəsindəki çıxışınızda səsləndirdiyiniz müdrik fikirlər və qlobal media məkanına dair fundamental baxışlarınız beynəlxalq media ictimaiyyəti tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış, regional və qlobal çağırışlara dair praqmatik yanaşmanız, eləcə də informasiya təhlükəsizliyi və bir çox aktual mövzulardakı mövqeyiniz Forumun intellektual məzmununun əsasını təşkil etmiş, onun strateji əhəmiyyətinin beynəlxalq səviyyədə qəbuluna səbəb olmuşdur.
Zati-Alilərinizin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirilən bu kimi beynəlxalq tədbirlər həm ölkəmizin beynəlxalq nüfuzunun artmasına, həm də regionda sülh, əməkdaşlıq və informasiya mübadiləsinin inkişafına mühüm töhfələr verir, tərəfinizdən nümayiş etdirilən açıq dialoq mühiti və Forumun nəticələrinə olan inam bu qlobal platformanın gələcəkdə daha da genişlənəcəyinə və Azərbaycan Respublikasının media diplomatiyası sahəsində lider mövqeyini möhkəmləndirəcəyinə dair əminliyi gücləndirir.
Möhtərəm cənab Prezident!
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Zati-Alilərinizin müvafiq Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmağımız yüksək etimad, böyük şərəfdir və bu ali diqqətə görə dərin minnətdarlığımızı bildirir, Azərbaycan mediasının inkişafı istiqamətində Zati-Alilərinizin etimadını daim doğrultmaq və tapşırıqlarını icra etmək üçün əzmlə çalışacağımızı bir daha ifadə etmək istərdik.
Zati-Alilərinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətində davamlı uğurlar və Azərbaycan Respublikasının inkişafı naminə həyata keçirdiyi şərəfli missiyada sonsuz nailiyyətlər arzulayırıq.
Hörmətlə,
İsmayılov Əhməd, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.