30 iyul 2025, 16:48

Aqil İsgəndərovdan, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünyada yaşayan bütün azərbaycanlılar kimi mən də Sizinlə fəxr edir, qürur duyuram.

Sizin ölkəmizin inkişafı, xalqımızın firavanlığı üçün etdikləriniz ölçüyəgəlməzdir. Hazırda da diplomatik uğurlarınızı sevə-sevə izləyir, fərəhlənirik.

Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə ərazi bütövlüyümüz bərpa edildi, eyni zamanda, Azərbaycan xalqının qüruru özünə qayıtdı. Fəxr edirəm ki, qəhrəman Ordumuzun rəşadəti ilə əldə olunan Qələbəmizdə mənim də payım var.

Vətən müharibəsində yaralanaraq xəsarət alanda hər an ayağa qalxıb yenidən hərbi sırada durmağı, müqəddəs işimizi başa çatdırmağı arzulayırdım. Fədakar həkimlərin sayəsində bu arzuma çatdım.

Müharibədən sonrakı arzuma da Sizin sayənizdə çatdım. Ailəmin maddi rifahını yaxşılaşdırmaq üçün işlə təmin edildim. Hazırda var gücümlə işləyərək Vətənimə xeyir verir, ailəmin arzularını həyata keçirirəm.

Cənab Prezident, xalqımız əbədi olaraq Sizinlə fəxr edəcək. Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.

Çox sağ olun, cənab Prezident.

Hörmətlə,

İsgəndərov Aqil Tofiq oğlu.

Azərbaycan Respublikası, Astara rayonu.