Hüquq Salmanovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Milli mətbuatın 150 illik yubileyinin qeyd olunduğu əlamətdar gündə Sizin Sərəncamınızla “Əməkdar jurnalist” fəxri adına layiq görülmək mənim üçün xüsusi şərəfdir.
Medianın mütərəqqi inkişafına şəxsi diqqətinizi Ümummilli Lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş, mətbuatın inkişafına, milli maraqların təbliği və təşviqinə, dövlət suverenliyinin təntənəsinə yönəlmiş davamlı addımlarla göstərirsiniz. Azad, həqiqət tərəfdarı olan, eyni zamanda, ictimai-siyasi proseslərin düzgün məcrada getməsinə məsul mətbuatın inkişafına, jurnalistlərə daim diqqət və qayğı göstərirsiniz. Media nümayəndələrinə fəxri adların verilməsi, mətbuat orqanlarına birdəfəlik yardımın göstərilməsi, ən əsası isə jurnalistlərin mənzil-məişət problemlərinin həllinə yönəlmiş və dünyada analoqu olmayan sərəncamların imzalanması bir daha təsdiq edir ki, ölkəmizdə media resursları dövlətimizin başçısının diqqət mərkəzindədir.
2026-cı ilin mayında 120 illik yubileyini qeyd edəcəyi ən qədim qəzetlərdən biri olan “Bakinski raboçi”nin redaksiya heyəti də istisna deyil. Bizə göstərilən etimadı doğrultmaq üçün bundan sonra da Sizin müdrik rəhbərliyinizlə milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi, Vətənimizin rifahı naminə çalışmaq, müstəqil Azərbaycanın yaratdığı yeni reallıqların və haqq işimizin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün əlimizdən gələni edəcəyik.
Qlobal tolerantlıq modeli olan, bütün beynəlxalq ictimaiyyətin maraqları naminə həyata keçirilən humanist siyasətiniz bir daha təsdiq edir ki, hər bir azərbaycanlının Prezidenti olmaq üçün verdiyiniz vəd sadəcə söz deyil, dediyiniz hər kəlmə kimi imzaya ehtiyacı olmayan anddır. Sizin sayənizdə biz, Azərbaycan jurnalistləri həm ölkə daxilində, həm də xaricdə özümüzü daim güvəndə hiss edirik, çünki məhz Sizin kimi Prezident arxamızda dağ kimi dayanır. Sizi özümüz üçün ən etibarlı dayaq hesab edərək hər zaman Sizə arxalanır və bu məsələdə heç vaxt yanılmırıq. Ona görə də icazə verin, Sizə dərin minnətdarlığımızı ifadə edim ki, milli jurnalistikanın dövlət başçılarının böyük əksəriyyətinə örnək olan belə səmimi, obyektiv, güclü və vicdanlı dostu var. Uca Allah Sizi qorusun.
Salmanov Hüquq.
“Bakinski raboçi” qəzetinin əməkdaşı.
Azərbaycan Respublikası, Bakı şəhəri.