24 iyul 2025, 14:25

Vüsalə Mahirqızıdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə imzaladığınız Sərəncamla peşəkar, ömrünü milli mətbuatımızın inkişafına həsr etmiş onlarla jurnalist təltif olunub. Təltif edilənlərdən 9 nəfəri "APA Media Qrup"un əməkdaşıdır. Bu diqqətə görə şəxsən özümün və kollektivimizin adından Sizə dərin təşəkkürümü bildirirəm.

Cənab Prezident, bir neçə gün əvvəl III Şuşa Qlobal Media Forumunda Azərbaycan mediasının, jurnalistlərin fəaliyyətinə çox yüksək qiymət verdiniz. Mediamızın peşəkarlığı, nüfuzu və təsiretmə gücü barədə yüksək fikirləriniz bizə motivasiya verir.

Son illər Azərbaycan mediasında yeni inkişaf mərhələsi başlayıb. İndi mediamız daha konseptual və məqsədyönlü çalışır. Bunun nəticəsidir ki, Azərbaycanla bağlı xəbər və hadisələrdə yerli mediamız dünya mediasının əsas istinad mənbəyinə çevrilib.

Ölkəmizdə çoxsaylı regional, həmçinin COP29 kimi qlobal əhəmiyyətli tədbirlərin keçirilməsi isə bizim beynəlxalq tədbirləri işıqlandırmaq təcrübəmizi artırmaqla yanaşı, xarici media qurumları ilə yeni əlaqələr qurmağımıza da şərait yaradır.

Azərbaycan mediasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha təşəkkür edirəm.

Hörmətlə,

 

Vüsalə Mahirqızı

Əməkdar jurnalist, “APA Media Qrup”un baş direktoru,

Mətbuat Şurası İdarə Heyətinin üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri.