03 iyul 2025, 17:35

Natiq Məsimovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı, həmin dövlətin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafeyinə uyğun siyasət yeritməsindən çox asılıdır.

Sizin Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirməyiniz nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bütün sahələrdə müsbət göstəricilərə imza atmışdır.

Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində - istər dövlət quruculuğunun möhkəmləndirilməsində, istərsə də regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artmasında, yoxsulluq səviyyəsinin azaldılmasında müsbət nəticələr əldə edilmişdir. Dövlət tərəfindən ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarlığın fəaliyyətinə verilən yüksək qiymət, Sizin sahibkarlığın inkişafına göstərdiyiniz böyük diqqət və qayğıkeşlik sahibkarları daha əzmlə fəaliyyət göstərməyə sövq edir.

Sahibkarlığın inkişafı təkcə sosial-iqtisadi tərəqqiyə deyil, həm də ölkədə ictimai siyasi sabitliyin möhkəmlənməsinə, demokratikləşmə prosesinin sürətlənməsinə təkan verən mütərəqqi prosesdir. Eyni zamanda, iş adamlarının sayının çoxalması bir çox sosial problemlərin həllinə yaxşı imkanlar açır. Sevindirici haldır ki, dövlətin hər tərəfli dəstəyi müqabilində öz məsuliyyətini düzgün dərk edərək xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, əhalinin problemlərində iştirak edən sahibkarların sayı da getdikcə artır. Sahibkarların böyük əksəriyyəti əhalinin rifahı və həyat səviyyəsinin yüksəlməsi naminə könüllü fəaliyyət göstərirlər.

Möhtərəm cənab Prezident, görülən bütün işlər Azərbaycan xalqının, vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır.

Sahibkarlığın inkişafına, o cümlədən əhalinin rifah halının yaxşılaşmasına göstərdiyiniz diqqət və qayğıya görə bələdiyyəmizin üzvləri və kəndimizin sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, ölkəmizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə davamlı nailiyyətlər arzu edirəm.

Hörmətlə,

Məsimov Natiq,

Baş Kəldək bələdiyyəsinin sədri.

Azərbaycan Respublikası, Şəki rayonu.