Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub

26 iyun 2025, 11:20

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.

Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib.

Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.

Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.

Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55