Zaur Əliyevdən, Münster, Almaniya
Hörmətli cənab Prezident.
Avropa Azərbaycan Mərkəzinin üzvləri adından Sizə dərin ehtiramımızı bildiririk. Yaxın Şərqdə baş verən və geniş beynəlxalq rezonansa səbəb olan silahlı qarşıdurmalar fonunda Azərbaycan Respublikasının nümayiş etdirdiyi prinsipial mövqe, beynəlxalq hüquqa sadiqliyiniz və humanitar öhdəliklərin icrasında göstərdiyiniz qətiyyətli yanaşma tərəfimizdən böyük diqqət və məmnuniyyətlə izlənilir. Hazırkı mürəkkəb geopolitik şəraitdə, xüsusilə İran–İsrail qarşıdurmasının nəticəsi olaraq təxliyəyə ehtiyacı olan üçüncü dövlətlərin vətəndaşları üçün Azərbaycan ərazisində yaradılan humanitar şərait və həyata keçirilən koordinasiyalı tədbirlər, beynəlxalq humanitar hüququn əsas prinsiplərinin, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının praktiki tətbiqinə nümunəvi töhfə olmuşdur.
Həmin Konvensiyalar silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsini, humanitar çıxış imkanlarının təminini və dövlətlərin bu sahədəki beynəlxalq öhdəliklərini təsbit edir.
Astara sərhəd-keçid məntəqəsində xüsusi humanitar prosedurların tətbiqi və yüzlərlə mülki şəxsin təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olaraq Bakıdakı hava limanı vasitəsilə aid olduqları ölkələrə təxliyəsi, bu öhdəliklərin yüksək səviyyədə icra olunduğunu nümayiş etdirir.
Azərbaycan Respublikasının bu istiqamətdə göstərdiyi fəaliyyət, eyni zamanda, dünya dövlətləri arasında artan hüquqi və diplomatik nüfuzunun aydın təzahürüdür. Biz, Avropa Azərbaycan Mərkəzi olaraq, Azərbaycan Respublikasının beynəlxalq hüquqa əsaslanan bu siyasi xəttini və humanitar prinsipiallığını öz fəaliyyətimizdə nümunəvi model kimi qəbul edir və Avropa ictimaiyyətində bu dəyərlərin təbliği istiqamətində fəaliyyət göstəririk.
Sizin siyasi iradənizlə aparılan işlər yalnız regional sabitlik və hüquq çərçivəsində deyil, eyni zamanda, insan təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq sahəsində də yüksək etimad doğurur. Azərbaycanın beynəlxalq hüquq subyektləri arasında məsuliyyətli tərəfdaş kimi formalaşması və bu mövqeyini konkret əməli fəaliyyətlərlə gücləndirməsi, həm dövlətlərarası münasibətlərdə, həm də humanitar böhranların həllində hüquqi legitimliyə söykənən praktiki mexanizmlərin təşviqi baxımından nüfuzlu presedent yaradır.
Cənab Prezident, Avropa Azərbaycan Mərkəzi olaraq, Azərbaycanın beynəlxalq hüquqa, sülhə və insani dəyərlərə əsaslanan fəaliyyətini yüksək qiymətləndirir, bu prinsiplərin Avropa müstəvisində tanıdılması və qorunması istiqamətində öz fəaliyyətimizi davam etdiririk. Sizə və Azərbaycan xalqına davamlı sülh, beynəlxalq aləmdə hüquqi etimad və sabit inkişaf arzulayırıq.
Hörmət və ehtiramla,
Əliyev Zaur, Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü.
Almaniya Federativ Respublikası, Münster şəhəri.