05 iyun 2025, 15:43

“İlin Könüllüsü” mükafatına layiq görülmüş gəncdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Azad ölkəmizin qalib xalqının qalib gənci kimi bu sətirləri yazmaq mənim üçün çox qürurvericidir. Ulu Öndər Heydər Əliyevin gənclərə dəstək və qayğı göstərilməsi ənənəsi bu gün Sizin tərəfinizdən layiqincə davam etdirilir.

Bu gün Sizin gənclər siyasətiniz respublikamızda gəncliyin inkişaf yoluna işıq salır, gənclərin dövlət idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edir. Sizin rəhbərliyinizlə gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

Ölkəmizin güclü olması, COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi dünya ictimaiyyəti tərəfindən də qiymətləndirildi. Bir çox böyük və güclü ölkələrin Azərbaycanla hesablaşması bir gənc kimi mənə fəxr hissi yaşadır. Azərbaycan Cənubi Qafqazda rəqabət qabiliyyətinə görə ən güclü, MDB regionunda isə ən sürətlə inkişaf edən ölkələrdən biridir. Əminik ki, ölkəmizin artan beynəlxalq nüfuzu, qlobal gücü və Sizin apardığınız uğurlu inkişaf və quruculuq siyasəti Azərbaycana bundan sonra da böyük nailiyyətlər qazandıracaqdır.

Bu il bizim üçün fəxr və qürurverici ildir. Sizin sərəncamına əsasən ölkəmizdə “Konstitusiya və Suverenlik” ili elan olunmuşdur. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq ölkəmizdə bu istiqamətdə bir çox layihələr icra olunur və sevindirici haldır ki, bu gün burada yenə könüllülərin, gənclərin sayı çoxluq təşkil edir.

Azərbaycan gəncləri Vətən müharibəsindən də şərəflə çıxdılar. Bununla da gənclərimiz, fevralın 2-ni Azərbaycanda Gənclər Günü elan edən Ulu Öndər Heydər Əliyevin tövsiyələrini yerinə yetirdilər, Sizin etimadınızı doğrultdular. Mən bütün gənclər adından bildirirəm: biz fəxr edirik ki, Azərbaycan könüllüsüyük, Azərbaycan gənciyik və Qalib ölkənin Qalib gəncləriyik!

Hörmətlə,

Pirəliyev Famil, “İlin Könüllüsü" mükafatına layiq görülmüş, Sumqayıt Dövlət Texniki Kollecinin Tələbə-Gənclər Təşkilatının sədri

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.