04 iyun 2025, 13:31

Gəncə şəhərinin ziyalılarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

28 May – Müstəqillik Günü münasibətilə Laçın şəhərində təşkil olunmuş möhtəşəm tədbirlər – Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin iştirakı ilə keçirilmiş yüksək səviyyəli Zirvə Görüşü və eləcə də Laçın Beynəlxalq Hava Limanının açılışı müstəqil Azərbaycanın gücünü, regional həmrəyliyini və sarsılmaz qardaşlıq bağlarını bir daha nümayiş etdirdi.

Şərqi Zəngəzur bölgəsində keçirilmiş bu tədbirlər Azərbaycanın dost və qardaş ölkələrlə – xüsusilə Türkiyə və Pakistanla – strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndiyini göstərdi. Sizin rəhbərliyinizlə Vətən müharibəsində qazanılmış şanlı Qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri – o cümlədən Laçın Beynəlxalq Hava Limanının açılışı və Kəlbəcər-Laçın avtomobil yolunun inşası – regionun nəqliyyat, iqtisadi və sosial inkişafının davamlılığını təmin edən mühüm addımlardır.

Sizin prinsipial siyasətiniz sayəsində Azərbaycan bu gün regionda və dünyada sabitlik, inkişaf və ədalətin simvoludur. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin Azərbaycanın ərazi bütövlüyünə dair prinsipial mövqeyi strateji həmrəyliyimizin parlaq ifadəsidir. Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının birgə dalğalanması və “üç ruh – bir qəlb” çağırışının səslənməsi xalqlarımız arasında mövcud olan sarsılmaz birliyin rəmzinə çevrilmişdir.

Gəncə şəhərinin ziyalıları və elm ictimaiyyəti inanırıq ki, bu tarixi görüşlər və qardaşlıq həmrəyliyi regionda sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına mühüm töhfə verəcək. Xalqlarımız arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyimizi ifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və əmin-amanlıq arzu edirik.

Əminik ki, Azərbaycan–Türkiyə–Pakistan qardaşlığı Sizin sayənizdə daha da möhkəmlənəcəkdir.

Dərin ehtiramla,

Fuad Əliyev - AMEA-nın həqiqi üzvü, akademik, Gəncə ziyalılar

cəmiyyətinin sədri

Rasim Tağıyev- AMEA Gəncə bölməsinin sədr müavini

Əlimuxtar Muxtarov- AMEA Gəncə bölməsinin Elmi işlər üzrə sədr müavini

Fərhad Mirzəyev -AMEA Gəncə bölməsinin Elektron Xidmətlər Şöbəsinin müdiri

Sara Əzizova--AMEA Gəncə bölməsinin Sənədlərlə iş şobəsinin müdiri

Azərbaycan Respublikası, Gəncə şəhəri