21 may 2025, 16:21

Tamilla Məmmədovadan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Böyük fəxr və qürur hissi ilə qeyd etmək istəyirəm ki, Sizin diqqət və qayğınız sayəsində ölkəmizdə mədəniyyət və incəsənət sahələri inkişaf edir. Mədəniyyət və incəsənət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması, yaradıcılıq imkanlarının genişləndirilməsi, onların müxtəlif orden və medallarla, fəxri ad və mükafatlarla təltif edilməsi ilə bağlı imzaladığınız və mühüm əhəmiyyət daşıyan sərəncamlarınız deyilənlərin bariz nümunəsidir. Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz daimi qayğı və diqqətinizin növbəti təzahürü olan “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” 2025-ci il 8 may tarixli Sərəncamınızla bizi növbəti dəfə sevindirdiniz.

Əziz Prezidentimiz, mənə Azərbaycan Respublikası Prezidentinin mükafatının verilməsi ilə əlaqədar olaraq, həmçinin incəsənətə və onun xadimlərinə qayğıkeş münasibətinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Tamilla Məmmədova, Azərbaycan Respublikasının Əməkdar artisti, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi

Azərbaycan Respublikası, Bakı şəhəri.