Arif Babayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!
Məni ölkəmizin ən yüksək mükafatlarından biri olan Heydər Əliyev Mükafatı ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin ənənələrini layiqincə davam etdirərək ölkəmizin mədəni irsinin, dəyər və sərvətlərinin qorunmasında göstərdiyiniz diqqət və qayğı bizim üçün çox önəmlidir. Ulu Öndərin hər bir incəsənət xadiminə xüsusi yanaşması, yorulmadan onları dinləməsi, xüsusi qayğı ilə əhatə etməsi hər birimizin yaddaşında ən xoş xatirə kimi qalır.
Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, qeyri-maddi mədəni irsimiz olan muğama verdiyiniz dəyər, onun dünya səviyyəsində tanıdılması yolunda atılan addımlar mənim kimi bir çox incəsənət xadimini ürəkdən sevindirir. Uzun illər xalqımızın qəlb ağrısı olan işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası, mədəniyyətimizin dirçəlməsi, bir neçə gün öncə Sizin şəxsi təşəbbüsünüz ilə Ağdam Muğam Mərkəzinin fəaliyyətə başlaması muğam sənəti üçün tarixi töhfədir. Ağdam Muğam Mərkəzinin açılış mərasimini və tədbir çərçivəsində təşkil edilmiş möhtəşəm konserti şəxsən izlədim, bu ahıl yaşımda sevinc dolu göz yaşlarına qərq oldum.
Bu illər ərzində Heydər Əliyev Fondu tərəfindən keçirilən "Muğam aləmi” Beynəlxalq Muğam Festivalları, Muğam Televiziya Müsabiqəsi, uzun zaman sonra Şuşada bərpa olunan "Xarıbülbül” Festivalı torpaq həsrəti ilə yanan insanların qəlbinə məlhəm oldu.
Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!
Bir daha mənə olan diqqətinizə, sənətimə verdiyiniz bu böyük qiymətə görə Sizə öz dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.
Hörmətlə,
Arif Babayev, Xalq artisti, “İstiqlal” ordenli
Azərbaycan Respublikası, Bakı şəhəri.