Sucəddin Mirzəyevdən, Lənkəran, Azərbaycan
Hörmətli cənab Prezident!
Teatrdakı fəaliyyətimi nəzərə alaraq məni Prezident mükafatına layiq gördüyünüz üçün Sizə təşəkkür edirəm. Bir neçə gün əvvəl imzaladığınız “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncam məni həm sevindirdi, həm də gələcək fəaliyyətim üçün həvəsləndirdi.
Fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini davam etdirərək, Siz xalqımızın tarixinə, mədəniyyətinə böyük diqqət və qayğı göstərir, mədəniyyət və incəsənət xadimlərini böyük uğurlara ruhlandırırsınız. Sizin bu qəbildən olan sərəncamlarınız bütövlükdə Azərbaycan mədəniyyətinə və bir qolu olan teatr sənətinə verilən böyük dəyərdir.
Bu əvəzolunmaz sevinc hissini mənə yaşatdığınız üçün Sizə bir daha minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Sucəddin Mirzəyev,
Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist
Azərbaycan Respublikası, Lənkəran şəhəri.