06 may 2025, 14:30

Razif Balabəyovdan, Qusar, Azərbaycan

Möhtərəm cənab Prezident!

Qusar rayonunda aparılan abadlıq-quruculuq işləri, xüsusilə işğaldan azad olunmuş Qarabağımızın bərpası fonunda çox təqdirəlayiq və sevindirici hadisədir. Sizin inkişafyönümlü göstərişlərinizin həyata keçirilməsi bizim rayonda da hiss olunmaqdadır. Xüsusilə, Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-Aşağı İmamqulukənd-Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı verdiyiniz Sərəncam bizlər üçün böyük sevinc və qürur mənbəyi oldu. Bu qərar sayəsində kəndimizin infrastrukturunun yenilənməsi, sakinlərin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addım atılmış oldu. Yenilənmiş yol həm şagirdlərimizin məktəbə daha rahat və təhlükəsiz şəkildə gedib-gəlməsinə, həm də ümumilikdə kəndimizin sosial həyatının canlanmasına böyük töhfə verəcəkdir.

Sizin müdrik rəhbərliyiniz altında ölkəmizin hər bir bölgəsində olduğu kimi Qusar rayonunda da görülən işlər gələcək nəsillər üçün möhkəm təməl və ilham mənbəyidir. Məktəb kollektivi olaraq həyata keçirdiyiniz genişmiqyasli islahatlara, bölgələrə göstərdiyiniz xüsusi qayğıya görə dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzu edirik.

Hörmətlə,

Aşağı İmamqulukənd ümumi kənd orta məktəbinin kollektivi adından:

Balabəyov Razif Minabəddin oğlu.

Azərbaycan Respublikası, Qusar rayonu, Aşağı İmamqulukənd kəndi.