05 may 2025, 10:33

Əflatun Amaşovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 25 aprel tarixli Sərəncamınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Hesab edirik ki, bu mühüm dövlət sənədi Azərbaycan jurnalistikasına, bütövlükdə milli mətbuatımıza verdiyiniz yüksək dəyərin növbəti təzahürüdür.

Cənab Prezident, Siz Azərbaycan mediasına diqqət və qayğını dövlət siyasətinin mühüm tərkib hissəsi elan etmiş, əməli addımlarınızla jurnalistlərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş, onların müxtəlif dövlət təltiflərinə layiq görülmələrinə, habelə redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasınadək, bir çox stimullaşdırıcı tədbirlər reallaşdırmısınız. Bunun nəticəsidir ki, hazırda milli mediamız dünyanın Cənubi Qafqazla bağlı başlıca istinad mənbəyidir. Əlbəttə, belə bir statusun əldə olunmasında böyük əzmkarlıqla inkişaf etdirdiyiniz Azərbaycanın beynəlxalq miqyasda malik olduğu yüksək nüfuzun, qazandığı misilsiz nailiyyətlərin müstəsna rolu var. Əminik ki, Sizin rəhbərliyiniz altında Vətənimiz gələcəkdə daha böyük uğurlara imza atacaqdır. Jurnalistlərimiz üçün bu uğurların müjdəçisi olmaq böyük şərəfdir.

Möhtərəm cənab Prezident, Sizə bir daha milli mətbuatımızın şanlı ənənələrinin yaşadılması, onun dövlətçilik tariximizdəki rolunun vurğulanması baxımından böyük qədirbilənlik nümunəsi hesab etdiyimiz sərəncamınıza görə dərin minnətdarlığımızı bildirir, Zati-alinizə güclü və qüdrətli Azərbaycan naminə müqəddəs fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Əflatun Amaşov,

“Xalq qəzeti'nin baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.