30 aprel 2025, 15:40

Xanlar Vəliyevdən, Bakı Azərbaycan

Möhtərəm cənab Prezident!

Məni yüksək dövlət mükafatı – 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinizə görə Sizə – xalqına qarşı son dərəcə xeyirxahlığı ilə seçilən, dövlətinə və millətinə sonsuz məhəbbət bəsləyən ali bəsirət sahibinə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.

Ulu Öndər Heydər Əliyevin zəngin siyasi-mənəvi irsinə əsaslanan müdrik siyasətiniz və mətin iradəniz nəticəsində milli intibahının şərəfli dövrünü yaşayan dövlətimiz artıq dünya miqyasında sayılıb-seçilən lider ölkələrin sırasındadır. Bu möhtəşəm uğur Sizin dərin zəkanız, yüksək erudisiyanız, bənzərsiz dövlətçilik istedadınız və qətiyyətli siyasi iradəniz hesabına qazanılmaqla, şəxsinizin bəşəri lider olmağının sübutudur.

Sizin yüksək sərkərdəlik bacarığınız və qətiyyətli siyasətiniz sayəsində Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etdiyinə görə hər bir Azərbaycan vətəndaşı kimi bizim ailəmiz də Sizinlə fəxr edir, Sizə sonsuz sevgilərini bildirməkdən qürur duyuruq.

Möhtərəm Prezident!

Siz, eləcə də hörmətli Mehriban xanım yalnız müdriklik, mərdlik, əzmkarlıq nümunəsi deyil, həm də ölkəmizin hər bir vətəndaşına qarşı mehribanlıq, xeyirxahlıq və qayğıkeşliyinizlə xalqımızın tükənməz məhəbbətini qazanmış ilahi şəxsiyyətlərsiniz. Sizin tərbiyənizlə böyümüş övladlarınız da insanlıq üçün nümunə olan şəxsiyyətlərdir.

Sizin sayənizdə xalqımızın alın ləkəsi təmizləndi, müqəddəs torpaqlarımızdan mənfur düşmənin izləri silindi. Bu son dərəcə mürəkkəb, hətta ağlasığmaz işləri həyata keçirməyin nə qədər çətin olduğunu başa düşürəm. Siz millətinizə olan sonsuz sevginizə görə hər çətinliyə sinə gəlmisiniz. Qoy Uca Tanrı daim Sizə yar olsun, Sizi pənahında saxlasın.

Zatı-aliləri!

Növbəti dəfə ən yüksək səviyyədə mənə göstərdiyiniz etimadın mahiyyətini dərindən dərk edirəm.

Ulu Tanrı Sizi və ailə üzvlərinizi qorusun. Daim var olun, möhtərəm Prezident!

Dərin hörmət və minnətdarlıq hissləri ilə,

Xanlar Vəliyev

Azərbaycan Respublikası, Bakı şəhəri.