29 aprel 2025, 15:55

Elməddin Qarayevdən, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bu gün respublikamızın hər bir bölgəsində geniş abadlıq-quruculuq işləri həyata keçirilir, yeni parklar salınır, yollara asfalt çəkilir, küçələrə yeni işıqlandırma sistemləri quraşdırılır. Sizin regionlara olan diqqət və qayğınızın nəticəsidir ki, şəhər və rayonlarımız, kənd və qəsəbələrimiz öz görkəmini gündən-günə dəyişir və gözəlləşir. Bizim kənd də əvvəlki kənd deyil. İndi kəndimiz yaşamaq üçün daha firavandır, daha əlverişlidir.

Son vaxtlarda bizim Oraban kəndinin içməli su təchizatının yaxşılaşdırılması və əsas avtomobil yolunun asfaltlaşdırılması kənd sakinlərinin böyük sevincinə və razılığına səbəb olmuşdur.

Cənab Prezident, Sizin siyasi kursunuzu, müdrik addımlarınızı daim dəstəkləyir, doğma Azərbaycanımızın daha qüdrətli dövlət olması və inkişafı naminə apardığınız misilsiz işlərinizdə Sizə yeni-yeni müvəffəqiyyətlər diləyirik.

Hörmətlə,

Elməddin Qarayev

Azərbaycan Respublikası, Şəki rayonu, Oraban kəndi.