Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz.
Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.
Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır.
Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.
Eyni zamanda, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi.
Bir daha demək istəyirəm, əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.
Bir daha xoş gəlmisiniz.
X X X
Prezident Frank-Valter Ştaynmayerin bəyanatı
-Hörmətli həmkarım cənab Prezident, bu səmimi dəvətə görə dərin təşəkkürümü bildirir və göstərilmiş qonaqpərvərliyə görə bütün alman nümayəndə heyətinin adından təşəkkür edirəm. Çox ürəyimizcə oldu. Siz qeyd etdiniz ki, Azərbaycanda birinci dəfə deyiləm, bu vəzifədə ilk dəfədir gəlirəm. Prezident kimi birinci dəfə gəlirəm. Əvvəllər Azərbaycanda dəfələrlə olmuşam. Amma axırıncı dəfə 2016-cı ildə səfər etmişdim və artıq doqquz il keçib üstündən. Hazırda dünyada vəziyyət çox sürətlə dəyişir və geosiyasi baxımdan 9 ildə o qədər dəyişikliklər olub ki, 2016-cı ildə ölkənizə səfərim mənə artıq uzaq keçmiş kimi görünür. Şadam ki, bu gün yenidən gəlib görüşdük və çox geniş fikir mübadiləsi apara bildik. Əslində, həmişə bu mübadiləni aparmışıq. Bakıda olmasa da, başqa yerlərdə görüşmüşük, telefonla söhbət etmişik. Münxen Təhlükəsizlik Konfransında görüşmüşük, eləcə də Sizin Berlinə səfərinizi yaxşı xatırlayıram. Keçənilki görüşdə müzakirə apardıq və şadam ki, səfərinizə cavab olaraq bu gün ölkənizdəyəm.
Cənab Prezident, biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. Əvvəla, şvabiyalı kəndlilərin burada - Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrini yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar. Bunu ona görə xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik.
Bu cür mübadilədən çox məmnunam. Şadam ki, bir-birimizlə həmişə açıq danışa bilmişik. Həm ümumi fikrimiz olduğu mövzularda, həm də mövqeyimiz fərqləndiyi məsələlərdə səmimi danışa bilmişik. Hər iki tərəf geniş söhbətlər əsnasında bir-biri ilə açıq danışıb, söhbətlər aparıb. Hazırda çox sürətli və dramatik dəyişikliklərin baş verdiyi dünyada yaşayırıq. Cənab Prezident, Siz ölkələrimizi birləşdirən meyarları artıq qeyd etdiniz. Beynəlxalq hüququn qorunması, dünyanın tənzimlənən əsaslarla inkişaf etməsində marağımız da bizi birləşdirir və biz gələcək nəsillərə də düzənsiz dünyanı qoyub getmək istəmirik.
Bizim üçün strateji mövzularda da müzakirə apardıq. Eyni zamanda, iqtisadi əməkdaşlıq perspektivlərimizi müzakirə etdik. Siz artıq bir neçə meyarı qeyd etdiniz. Bununla belə, 2022-ci ildə Azərbaycan Almaniyada böyük rol oynayıb. Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü və mən buna görə Sizə çox təşəkkür edirəm. Sizin sözlərinizdən elə başa düşdüm ki, burada qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik. Çünki o, hələ də kifayət həcmdə deyil. Bir sözlə, bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var.
Çox şadam ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq. Son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunuz daha sabit bölgəyə çevriləcək. Bununla mən, cənab Prezident, Sizin toxunduğunuz bir məsələyə də münasibət bildirmək istəyirəm. Siz qonşu Ermənistan arasında sülh münasibətləri haqqında danışdınız. Bu sülh prosesinin çox böyük əhəmiyyəti var. Kənardan müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu, bizə böyük təəssürat bağışlayır. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfi bu münasibətlə təbrik edirəm ki, artıq anlaşma yaranıb. Martın 13-də bu sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bu müqavilə haqqında mən bu gün səhər danışanda cənab Prezidentə dedim ki, bu anlaşma ilə ümid doğuran bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümid edirəm ki, vəziyyət daha da inkişaf edəcək və ondan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gəlib çıxacaqsınız, nəhayət sizin regionunuzda əsl və davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid bəsləyirəm və sizi həmin anı əldən buraxmamağa çağırıram. Bütün çətinliklərə və maneələrə baxmayaraq, bu yol qət edilib, xeyli addımlar atılıb və sona qədər getmək lazımdır. Bununla belə, təbii olaraq, kompromislər üçün cəsarət, siyasi iradə lazımdır, nəticədə siyasi müqavilə həqiqətən də həyata keçə bilər və qüvvəyə minər. Ümid edirəm ki, hər şey alınacaq və biz, həmçinin kənardan bacardığımız qədər, necə mümkündürsə öz dəstəyimizi verəcəyik. Çox sağ olun.