16 aprel 2025, 16:52

Rafael Qvaladzedən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Fəaliyyətimə yüksək qiymət verərək, məni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Mən 54 il məhkəmə və hüquq mühafizə orqanlarında, o cümlədən 33 il müstəqil Azərbaycan dövlətinin məhkəmə sistemində işləmişəm və hər zaman Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Zati-aliləriniz tərəfindən diqqət və qayğı hiss etmişəm.

Müasir Azərbaycan dövlətçiliyinin yaranması və inkişafında, ölkəmizin tərəqqisində əvəzsiz xidmətləri olmuş dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin həyatımda çox böyük rolu olmuşdur. Məhz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə həyat yoldaşım və mən yüksək məhkəmə orqanlarına hakim təyin edilmişik.

Zati-aliləriniz tərəfindən mən ikinci müddətə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təqdim edilmiş və yüksək dövlət təltiflərinə layiq görülmüşəm.

Dahi Heydər Əliyevin yaratdığı dövlətə, ödənilməz borcum olan Azərbaycan xalqına xidmət etməyi, imkanlarım daxilində Sizin həyata keçirdiyiniz geniş islahatların cüzi bir qisminin iştirakçısı olmağı hər zaman özümə böyük şərəf bilmiş və mənə göstərilmiş etimadı doğrultmağa çalışmışam.

Möhtərəm cənab Prezident,

Sizin rəhbərliyiniz altında Azərbaycan misilsiz uğurlara nail olmuşdur. Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində azad edilən doğma Qarabağda və digər bölgələrdə yenidənqurma və bərpa işləri müvəffəqiyyətlə həyata keçirilməkdədir.

İcazə verin, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə Sizə möhkəm cansağlığı, yeni uğurlar və sevinc diləyim.

Dərin hörmətlə,

Rafael Qvaladze

Azərbaycan Respublikası, Bakı şəhəri.