Zaur Əliyevdən, Münster, Almaniya
Hörmətli cənab Prezident,
Antalya şəhərində keçirilmiş Diplomatiya Forumunda ali səviyyəli iştirakınız, region və dünya miqyasında gündəmdə olan mühüm məsələlər üzrə ifadə etdiyiniz mövqelər, nümayiş etdirdiyiniz siyasi uzaqgörənlik və liderlik, Avropa Azərbaycan Mərkəzi və Avropada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları tərəfindən böyük qürur və rəğbətlə qarşılanmışdır. Sizin bu nüfuzlu platformada ortaya qoyduğunuz qlobal baxış, Azərbaycanın sadəcə regional deyil, yeni formalaşan beynəlxalq sistemdə, müasir dünya nizamında getdikcə daha fəal və yönverici bir gücə çevrildiyini açıq şəkildə nümayiş etdirdi. Post-pandemiya dövründə, geosiyasi qütbləşmənin dərinləşdiyi və yeni iqtisadi, təhlükəsizlik və enerji xəritələrinin çəkildiyi bir zamanda Azərbaycan artıq prosesləri müşahidə edən deyil, proseslərə yön verən aparıcı dövlətlərdən biridir.
Forum çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Suriya, Gürcüstan, Sudan və Avropa Şurasının rəhbər və rəsmi şəxsləri ilə keçirdiyiniz mühüm ikitərəfli görüşlər yalnız diplomatik fəallığın deyil, həm də böyük güclər arasında körpü rolunu oynayan balanslı xarici siyasətin təzahürüdür. Xüsusilə ABŞ-ın nüfuzlu “Axios” nəşrində yayımlanmış məqalədə Azərbaycanın Türkiyə ilə İsrail arasında vasitəçilik təşəbbüsünün beynəlxalq səviyyədə etiraf olunması, ölkəmizin diplomatiyasının artıq region sərhədlərini aşdığını və qlobal təsir gücünə sahib olduğunu göstərdi. İki strateji tərəfdaşımız arasında münasibətlərin normallaşmasına yönəlmiş bu həssas prosesin rəsmi Bakı tərəfindən inamla və təmkinlə idarə olunması, dünya dövlətləri üçün Azərbaycanın etibarlı tərəfdaş və sülh missiyalarında öncül rol oynayan dövlət kimi qəbul olunmasına zəmin yaratmışdır. Bu təşəbbüsünüz həm Ankara, həm də Təl-Əviv tərəfindən müsbət qarşılanmış, beynəlxalq media və siyasi dairələrdə geniş rezonans doğurmuşdur.
Cənab Prezident, Sizin ADA Universitetindəki son çıxışınızda da bu qlobal baxış və strateji yanaşma aydın şəkildə hiss olunurdu. Orada səsləndirilən fikirlər yalnız Azərbaycanın daxili və regional siyasətinə deyil, həm də qlobal idarəetmə, iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, enerji sabitliyi və süni intellektin tənzimlənməsi kimi qlobal çağırışlara verdiyiniz konstruktiv töhfələrin ifadəsi idi. Çıxışınız bir daha göstərdi ki, Azərbaycan dünya miqyasında mühüm fikirlər səsləndirə və bu fikirlərlə proseslərə real təsir göstərə biləcək səviyyədədir.
Sizin həyata keçirdiyiniz düşünülmüş və çevik xarici siyasət nəticəsində Azərbaycan artıq beynəlxalq güc mərkəzləri ilə bərabər masada əyləşən, qlobal əməkdaşlıq formatlarında müstəqil mövqe sərgiləyən, münaqişələrin həllində söz sahibi olan bir dövlətdir.
Avropa Azərbaycan Mərkəzi və Avropada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları adından bildiririk ki, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi və haqq səsinin dünyaya çatdırılması istiqamətində atılan hər addımı tam şəkildə dəstəkləyir, bu yolda Sizinlə həmrəy olduğumuzu bəyan edirik.
Cənab Prezident, xalqımız və dövlətimiz naminə göstərdiyiniz yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı və müdrikliyinizlə qurduğunuz bu siyasi kursun daha da möhkəmlənməsini diləyirik. Sizin rəhbərliyinizlə Azərbaycanın daha böyük qlobal nailiyyətlərə imza atacağına qəti şəkildə inanırıq.
Dərin Hörmətlə,
Zaur Əliyev,
Avropa Azərbaycan Mərkəzinin sədri,
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü
Almaniya Federativ Respublikası, Münster şəhəri.