03 aprel 2025, 16:00

Ramiz İsayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Sərəncamınız ilə artıq 16 ildir ki, aprelin 10-u inşaatçıların peşə bayramı günü kimi qeyd edilir. Biz - inşaatçılar peşə bayramımızı Sizin Ali Baş Komandanlığınızla tam suveren və müstəqil bir dövlətin vətəndaşları kimi işğaldan azad olunmuş torpaqlarımız da daxil olmaqla, Azərbaycanın hər bir guşəsində fəxrlə qeyd edirik.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə respublikamızda tikinti sektoru sürətlə inkişaf edib, sənayenin bütün sahələrində böyük inkişafa nail olunub. Bu illərdə tikinti, maşınqayırma, kənd təsərrüfatı, kimya, elektrotexnika, yüngül sənaye və digər sahələrdə onlarla nəhəng istehsalat obyektləri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri fəaliyyətə başlayıb. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə quruculuq prosesinə daha güclü təkan verilib.

Böyük bir şərəf hissi ilə qeyd etmək istərdik ki, rəhbərliyinizlə Azərbaycanın şanlı Ordusunun düşmənlə mübarizədə qazandığı Zəfərdən sonra Sizin göstərişinizlə Qarabağ və Şərqi Zəngəzur hazırda başdan-başa nəhəng tikinti-abadlıq və quruculuq meydanına çevrilib. Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası olaraq istər iştirak etdiyimiz beynəlxalq sərgilərdəki təmsilçilər, istərsə də Azərbaycana dəvət etdiyimiz inşaatçı qonaqlarımız ölkəmizin hər bir bölgəsində, xüsusən də işğaldan azad olunmuş Qarabağımızda aparılan inşaat işlərini nəinki yüksək qiymətləndirir, bu işlərin dünya inşaat tarixinin mühüm hissəsi və ən önəmlisi, örnək səhifəsi kimi qeyd edirlər.

Hörmətli cənab Prezident, bu məktubu Sizə yazmaqda məqsədimiz Sərəncamınız ilə hər il aprelin 10-nun inşaatçıların peşə bayramı olaraq qeyd edildiyinə, eyni zamanda, inşaatçılara yaradılan şəraitə, diqqətə və qayğıya, ən önəmlisi isə Sizin rəhbərliyinizlə ölkəmizin bir memarlıq simvoluna çevrilməsinə görə bütün üzvlərimiz adından Sizə səmimi-qəlbdən təşəkkür etməkdir. Sizə dərin təşəkkür edir və əmin edirik ki, hər zaman inşaatçılara göstərdiyiniz etimadı doğruldaraq, inşaat sektorunda Sizin sadiq əsgərləriniz kimi fəaliyyət göstərəcəyik.

Sizə dərin hörmət və ehtiram hissi ilə,

İsayev Ramiz,

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.