İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib

01 aprel 2025, 11:09
İlham Əliyev İran Prezidentinin siyasi məsələlər üzrə müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib.

Qəbula görə minnətdarlığını bildirən Mehdi Sənayi İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Ölkəmizə daha əvvəllər də səfər etdiyini xatırlayan qonaq Azərbaycanın davamlı inkişafının şahidi olduğunu dedi.

Mehdi Sənayi İranın qonşu dövlətlərlə, xüsusilə tarixi, dini, mədəni bağlılığı olan Azərbaycan ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğuladı, hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişafından məmnunluğunu bildirdi.

Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın və İranın ortaq dəyərləri bölüşdüyünü qeyd edərək, son dövrlərdə ikitərəfli qarşılıqlı səfərlərin dinamikasını müsbət qiymətləndirdi.

Prezident İlham Əliyev Mehdi Sənayinin Azərbaycana səfərinin ikitərəfli gündəliklə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlığını ifadə etdi.

Görüşdə ölkələrimiz arasında nəqliyyat, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparıldı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu.

Söhbət zamanı Ağbənd istiqamətində Araz çayı üzərində körpünün tikintisi prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55