Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

28 mart 2025, 16:10

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

 

Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.

Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.

Əziz bacı və qardaşlarım!

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2025-ci il

SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05