16:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin...
21 fevral 2025, 16:00Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 21 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi üçün tənzimləmənin və nəzarətin (keyfiyyətə nəzarət də daxil olmaqla), habelə mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmini ilə bağlı xidmətlər göstərilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (bundan sonra – BMAT) beynəlxalq standartlarını və tövsiyə olunan təcrübəsini (bundan sonra – beynəlxalq standartlar və tövsiyə olunan təcrübə), digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, rəsmi emblemi, müvafiq ştampları və blankları vardır.
1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. Agentlik işçilərinin xidməti geyim forması və fərqləndirmə nişanları vardır.
1.8. Agentliyin rəsmi adı aşağıdakı kimidir:
1.8.1. tam halda – “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs, qısaldılmış halda – DMAA;
1.8.2. ingilis dilində tam halda – “The State Civil Aviation Agency” public legal entity, qısaldılmış halda – SCAA.
1.9. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.3. müvafiq sahədə tənzimləməni və nəzarəti həyata keçirmək;
2.1.4. müvafiq sahədə mülki hava limanlarının, aerodromların, helikopter meydançalarının və digər mülki aviasiya obyektlərinin fəaliyyətinə nəzarəti həyata keçirmək;
2.1.5. müvafiq sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə zəruri tədbirlər görmək;
2.1.6. Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin idarə edilməsi sistemini təşkil etmək və onun fəaliyyətini təmin etmək üçün tədbirlər görmək;
2.1.7. aviasiya hadisələri və insidentləri baş vermədən, insanların həyat və sağlamlığına, əmlakına zərər vurulmadan, bütövlükdə hər hansı narahatlığa yol verilmədən uçuşların təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək;
2.1.8. Azərbaycan Respublikasının hüdudlarında müvafiq sahədə uçuşların təhlükəsizliyinə, aviasiya təhlükəsizliyinə, aviasiya texnikasının səmərəli istifadəsinə və istismarına nəzarəti həyata keçirmək;
2.1.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;
2.1.10. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Agentliyin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, məqsədli proqram və sahə standartları layihələrinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. Agentliyin fəaliyyətini Nazirliklə və müvafiq sahədə fəaliyyət göstərən digər qurumlarla əlaqələndirmək;
3.1.3. müvafiq sahəyə aid beynəlxalq müqavilələrlə bağlı danışıqlarda iştirak etmək;
3.1.4. Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;
3.1.5. qanunda nəzərdə tutulan hallarda və beynəlxalq tələblərə uyğun olaraq, mülki hava gəmisinin istismarçılarına və mülki aviasiya ilə əlaqədar fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə hüquqmüəyyənedici sənədlər vermək, xarici dövlətlərdə verilən analoji sənədlərin tanınması, onların verilməsindən imtina edilməsi, qüvvədəolma müddətlərinin məhdudlaşdırılması, dayandırılması və ləğvi barədə qərarlar qəbul etmək;
3.1.6. beynəlxalq standartların və tövsiyə olunan təcrübənin milli qanunvericilikdə implementasiyasına münasibət bildirmək, qeyd edilən beynəlxalq standartların və tövsiyə olunan təcrübənin milli qanunvericilikdə implementasiyası ilə bağlı Nazirliyə təkliflər vermək, mülki aviasiya sahəsində fəaliyyət göstərən subyektlərə beynəlxalq standartları və tövsiyə olunan təcrübəni əks etdirən icrası məcburi olan göstərişlər vermək;
3.1.7. müvafiq sahədə münasibətləri tənzimləyən beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğun olaraq, tələblərə riayət edilməsinə nəzarətin həyata keçirilməsini və keyfiyyətə nəzarət sisteminin tətbiqini təmin etmək;
3.1.8. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, onlardan irəli gələn beynəlxalq standartlar və tövsiyə olunan təcrübə ilə müvafiq sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları və tətbiq olunan təcrübəsi arasında fərqlərin mövcudluğu barədə aidiyyəti üzrə Nazirliyə və BMAT-a məlumat vermək;
3.1.9. uçuşların təhlükəsizliyinin, həmçinin aviasiya təhlükəsizliyinin təmin olunması və idarə edilməsi sahəsini tənzimləyən daxili qanunvericiliyin, beynəlxalq standartların və tövsiyə olunan təcrübənin tətbiqi məqsədilə təlimatlar hazırlamaq, təsdiq etmək və rəsmi internet informasiya ehtiyatında yerləşdirmək;
3.1.10. beynəlxalq standartları və tövsiyə olunan təcrübəni nəzərə alaraq, Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.1.11. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqi ilə bağlı Nazirliyə təkliflər vermək;
3.1.12. uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində nəzarəti həyata keçirmək;
3.1.13. uçuşların və aviasiya təhlükəsizliyinin, hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahələrində qlobal, regional və milli səviyyədə mütəmadi yenilənən müvafiq aviasiya planlarını hazırlamaq, həmin planların icrasına nəzarət etmək;
3.1.14. BMAT-ın və digər sahəvi beynəlxalq təşkilatların tələb etdikləri müvafiq sahə üzrə bəyanatları qəbul etmək;
3.1.15. uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi ilə bağlı beynəlxalq standartların və tövsiyə olunan təcrübənin xidmət təminatçıları tərəfindən səmərəli yerinə yetirilməsinə nəzarət etmək;
3.1.16. mülki aviasiya sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunluğuna nəzarət etmək;
3.1.17. təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün xidmət təminatçılarından uçuşlarının təhlükəsizliyi ilə bağlı məlumatları toplamaq, həmin məlumatların vahid bazasını formalaşdırmaq və risklərin qiymətləndirilməsi məqsədilə təhlillər aparmaq, habelə mülki hava gəmiləri uçuşlarının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müvafiq sahədə fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərin fəaliyyətinə nəzarəti həyata keçirmək, nəzarət tədbirlərinin nəticələri barəsində Nazirliyə məlumat vermək və aşkarlanmış pozuntuların aradan qaldırılmasını mülki aviasiya sahəsində fəaliyyət göstərən subyektlərdən tələb etmək;
3.1.18. uçuşların təhlükəsizliyinin məqbul hesab olunan həddini əldə etmək, təhlükə mənbələrini aşkarlamaq və risklərə nəzarət etmək, aviasiya hadisələrinin və insidentlərinin qarşısının alınması üçün uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarət çərçivəsində, habelə Azərbaycan Respublikasının hava məkanında aeronaviqasiya, meteoroloji təminat və telekommunikasiya xidmətlərinin və xidmət vasitələrinin keyfiyyəti ilə bağlı mütəmadi müfəttiş yoxlamaları və monitorinqlər aparmaq, Azərbaycan Respublikasının hava limanlarına uçuşlar yerinə yetirən digər dövlətlərə mənsub hava gəmilərinin perron yoxlamalarını həyata keçirmək və aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, milli və beynəlxalq tələblərə uyğun olaraq digər yoxlamalar keçirmək, icazə və tanınma üzrə prosedurların tətbiq olunduğu fəaliyyəti yoxlamaq, icra olunmuş yoxlamaların və monitorinqlərin nəticələri barəsində Nazirliyə məlumat vermək;
3.1.19. aviasiya təhlükəsizliyi sahəsində dinamik dəyişən risklərə adekvat cavab tədbirlərinin hazırlanmasında iştirak etmək;
3.1.20. fəaliyyət istiqamətlərinə uyğun olaraq aviasiya təhlükəsizliyi sahəsində innovativ texnologiyaların və müasir avadanlıqların tətbiqinin hüquqi və təşkilati əsaslarını işləyib hazırlamaq, bu tədbirlərin aviasiya təhlükəsizliyi xidmətləri, hava limanları və hava gəmilərinin istismarçıları tərəfindən həyata keçirilməsinə nəzarət etmək;
3.1.21. mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktları ilə bağlı yaranmış böhran vəziyyətinin nizamlanması üçün əməliyyatlarda iştirak etmək, həmçinin qanunsuz müdaxilə aktları barədə xidməti araşdırma aparmaq, araşdırmalar üzrə hesabatlar hazırlamaq və qanunsuz müdaxilə aktlarının qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirmək;
3.1.22. hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, görülən işləri mütəmadi təhlil etmək, problemlərin həlli yollarını araşdırmaq və bununla bağlı Nazirliyə müvafiq təkliflər vermək;
3.1.23. Agentlik tərəfindən hüquqi və fiziki şəxslərə verilən sənədlər itirildikdə, zədələndikdə və ya yararsız hala düşdükdə onların dublikatını vermək;
3.1.24. səlahiyyətləri çərçivəsində, mülki aviasiya sahəsinə münasibətdə milli və beynəlxalq tələblərə uyğun olaraq, mülki aviasiya ilə əlaqədar fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxsləri, aviasiya avadanlığı və vasitələrini sertifikatlaşdırmaq, həmçinin verilmiş sertifikatların şərtlərinə onlar tərəfindən riayət olunmasına nəzarət etmək;
3.1.25. mülki hava gəmisinin istismarçılarına və mülki aviasiya ilə əlaqədar fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə verilmiş hüquqmüəyyənedici sənədlərin tələblərə uyğunluğuna nəzarət etmək;
3.1.26. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, şəhadətnamə, vəsiqə və ya sertifikatlar vermək, həmçinin xarici dövlətlərin səlahiyyətli orqanlarının verdikləri analoji sənədlərin müəyyən olunmuş qaydada tanınmasını həyata keçirmək;
3.1.27. müvafiq sahədə yüklərin və poçtun, bort ehtiyatlarının, hava limanı tədarüklərinin aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə (tədarükçülərə) sertifikatlar və fərdi kod nömrəsi vermək, onların reyestrini aparmaq və verilmiş sertifikatların şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;
3.1.28. mülki pilotsuz uçuş aparatlarını məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələr vermək;
3.1.29. mülki hava gəmilərinin dövlət qeydiyyatını və reyestrini, aviasiya personalının şəhadətnamə, vəsiqə və sertifikatlarının, sertifikatlaşdırılmış mülki hava limanlarının, aerodromların və helikopter meydançalarının və mülki aviasiya sahəsində fəaliyyət göstərən subyektlərin reyestrlərini aparmaq;
3.1.30. xidmət təminatçıları tərəfindən Azərbaycan Respublikasının hava məkanında uçuş qaydalarının tələblərinə riayət olunmasının təmin edilməsinə nəzarəti həyata keçirmək;
3.1.31. mülki hava gəmisi istismarçılarının xüsusi şəraitlərdə uçuş əməliyyatlarının yerinə yetirilməsinə hazırlığını yoxlamaq və onlara müvafiq icazələr vermək;
3.1.32. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq mülki aviasiya sahəsində fəaliyyət göstərən bütün subyektlər üçün mülki hava gəmilərinin və hava limanlarının rejim zonalarının ərazisində digər nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinə və istismarına dair texniki tələb, qayda və təlimatların layihələrini Nazirliyə təqdim etmək, onların icrasına nəzarəti həyata keçirmək;
3.1.33. Azərbaycan Respublikasının ərazisinə və Azərbaycan Respublikasının ərazisindən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasını həyata keçirmək istəyən istismarçılara icazələr vermək, habelə xarici dövlətdə müvafiq icazə almış xarici dövlətlərin istismarçılarının tanınmasını həyata keçirmək;
3.1.34. təhlükəli yüklərin mülki hava gəmiləri ilə təhlükəsiz daşınmasına nəzarət etmək;
3.1.35. təhlükəli yüklərin göndərilməsi və mülki hava limanlarında emalı (qəbulu, saxlanılması, qorunması və hava gəmisinə yüklənməsi) ilə məşğul olan fiziki və hüquqi şəxslərin, təyin olunmuş poçt operatorları tərəfindən təhlükəli yüklərin poçtla göndərilməsi zamanı Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, beynəlxalq standartların və tövsiyə olunan təcrübənin şərtlərinə riayət olunmasına nəzarət etmək;
3.1.36. xarici dövlətlərin rəsmi nümayəndə heyətini və (və ya) diplomatik poçtu daşıyan xarici hava gəmilərinə Azərbaycan Respublikasının mülki hava limanlarına enməsi və Azərbaycan Respublikasının hava məkanı üzərindən keçməsi ilə bağlı icazələr vermək;
3.1.37. mülki eksperimental və mülki hava gəmiləri ilə hərbi avadanlığın (ləvazimatın), hərbi avadanlıq (ləvazimat) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) daşınması üçün icazə vermək;
3.1.38. xarici ölkələrin dövlət aviasiyasına məxsus hava gəmilərinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarına enməsi ilə bağlı rəy vermək;
3.1.39. Azərbaycan Respublikasının hüdudlarında müvafiq sahədə uçuşların təhlükəsizliyinə, aviasiya texnikasının səmərəli istifadəsinə və istismarına nəzarəti təmin etmək;
3.1.40. mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsinə, mülki hava gəmilərinə texniki xidmət göstərilməsinə nəzarəti həyata keçirmək;
3.1.41. aviasiya texnikasının təmirini və texniki xidməti həyata keçirən təşkilatlar və istismarçılar tərəfindən uçuşa yararlılıq normalarına riayət olunmasına nəzarət etmək;
3.1.42. Azərbaycan Respublikasının hava məkanında və mülki hava limanlarında hava gəmilərinin uçuşlarına aeronaviqasiya, telekommunikasiya, informasiya xidmətləri və meteoroloji xidmət göstərilməsini təşkil etmək və həmin xidmətləri göstərənlər üçün tələblərin müəyyənləşdirilməsində iştirak etmək;
3.1.43. mülki hava limanlarının, aerodromların, helikopter meydançalarının beynəlxalq uçuşlar üçün açılması (bağlanması) barədə Nazirliyə təkliflər vermək;
3.1.44. aerodromyanı ərazinin hüdudlarında yaşayış məntəqələrinin layihələndirilməsinə, inşasına, habelə sənaye, kənd təsərrüfatı və digər obyektlərin inşasına və yenidən qurulmasına uçuşların təhlükəsizliyinə dair tələblərə riayət edilməklə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq razılıq vermək;
3.1.45. uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada razılıq vermək;
3.1.46. mülki aviasiyaya hava hərəkəti xidmətlərini təmin edən xidmət təminatçılarına hava hərəkətinə xidmətin, o cümlədən meteoroloji xidmətin həyata keçirilməsinə razılıq vermək;
3.1.47. hava limanlarının (aerodromların), yerüstü naviqasiya vasitələrinin texniki vəziyyəti və istismarı ilə bağlı məlumatları toplamaq və təhlil etmək;
3.1.48. aerodromların ərazisində hava gəmilərinə texniki və yerüstü xidmətlər göstərən xüsusi avtonəqliyyatın istismarı, uçuşların radio-işıq texniki təminatı, aerodromların sertifikatlaşdırma tələblərinə uyğun istismarı ilə bağlı müfəttiş yoxlamaları aparmaq;
3.1.49. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, hava limanlarının, aerodrom və helikopter meydançalarının inşası və yenidən qurulması ilə əlaqədar müvafiq ərazilərin ayrılması, tədqiqat, layihələndirmə və tikinti fəaliyyəti üçün rəy vermək və bu işlərin aidiyyəti qurumlarla əlaqələndirilməsi məqsədilə işçi qruplar yaradılması ilə bağlı Nazirliyə təkliflər vermək;
3.1.50. mülki aviasiyanın fəaliyyəti ilə bağlı ətraf mühitin mühafizəsi sahəsində ümumi koordinasiya işi aparmaq;
3.1.51. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya Katibliyinin funksiyalarını həyata keçirmək;
3.1.52. mülki hava limanlarında hava gəmiləri üçün müəyyən edilmiş uçuş vaxt slotlarının paylanılması işində iştirak etmək, bu sahədə nəzarəti həyata keçirmək, aşkar edilmiş nöqsanlarla bağlı tədbirlər görmək;
3.1.53. aviasiya hadisəsi zamanı axtarış və xilasetmə işlərinin təşkilində iştirak etmək;
3.1.54. Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən digər ərazilərdə qəzaya uğramış mülki hava gəmisi heyətinin və sərnişinlərinin axtarışı və xilas edilməsi üçün xidməti araşdırma aparmaq, eləcə də xarici dövlətlərin axtarış və xilasetmə işlərinə məsul olan aviasiya qəza-xilasetmə üzrə həyata keçirilən zəruri tədbirlərdə iştirak etmək;
3.1.55. Azərbaycan Respublikasının ərazisində (mülki hava limanlarında və onlardan kənarda) mülki hava gəmilərinə münasibətdə qəza-xilasetmə və yanğınsöndürmə işlərinin təşkilinin monitorinqini aparmaq;
3.1.56. fövqəladə hallarda aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə müvafiq sahədə fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlarda səfərbərlik hazırlığını həyata keçirmək, mülki müdafiə tədbirləri görmək, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək;
3.1.57. mülki hava gəmilərinə münasibətdə baş vermiş aviasiya hadisələri və insidentləri ilə bağlı hadisə yerində iştirak, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyaya yardım göstərmək, aviasiya hadisələrinin və insidentlərinin qarşısını almaq məqsədilə aviasiya ictimaiyyəti arasında informasiyanın yayılmasını həyata keçirmək, aviasiya hadisələrinin və insidentlərinin uçotunu aparmaq;
3.1.58. aviasiya hadisələrinin və insidentlərinin monitorinqinin, onların araşdırılmasına nəzarətin həyata keçirilməsi və qarşısının alınması məqsədilə uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi üzrə məlumatların avtomatlaşdırılmış qaydada toplanılması və təhlili sistemini təsdiq və tətbiq etmək;
3.1.59. aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasında və araşdırma materiallarının tərtibində iştirak etmək;
3.1.60. mülki aviasiya sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən müvafiq sahədəki insidentlərə dair xidməti araşdırmanın vəziyyəti ilə bağlı monitorinq keçirmək;
3.1.61. aviasiya hadisələrinin qarşısının alınmasına dair tövsiyələr hazırlamaq məqsədilə Azərbaycan Respublikasının mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizlik vəziyyəti ilə bağlı təhlillər aparmaq, onların nəşrini və xidmət təminatçılarına göndərilməsini təmin etmək;
3.1.62. beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda uçuş marşrutlarını təsdiq etmək, bu marşrutların istismarına, habelə “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, fiziki və hüquqi şəxslər tərəfindən müntəzəm və qeyri-müntəzəm (çarter) uçuşların həyata keçirilməsinə icazə vermək;
3.1.63. müvafiq sahəyə aid beynəlxalq müqavilələrin (sazişlərin) layihələrini işləyib hazırlamaq, yeni hava əlaqələrini (marşrutlarını), beynəlxalq hava daşımaları üçün uçuş tezliklərini və onların yerinə yetirilməsinin kommersiya şərtlərini müəyyən etmək;
3.1.64. qəza halları istisna olmaqla, hava gəmisində olan şəxslərin həyat və sağlamlığına təhlükə yarandığı hallarda və ya texniki nasazlıq səbəbindən Azərbaycan Respublikasının hava məkanına daxil olan beynəlxalq uçuşları yerinə yetirən hava gəmilərinin enməsi üçün, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, hava limanını müəyyən etmək;
3.1.65. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qurumlarının təkliflərinə əsasən, hava məkanının konkret hissələrini mülki aviasiya üçün qadağan olunmuş və ya məhdudlaşdırılmış zona kimi müəyyən etmək;
3.1.66. Azərbaycan Respublikasının ərazisində yerli hava xətlərində aviadaşımalar və aviasiya xidmətinin bütün növləri ilə bağlı tarif və yığımların tətbiqinə dair Nazirliyə təkliflər vermək;
3.1.67. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, hava nəqliyyatı vasitələri ilə xarici ölkələrə və ya xarici ölkələrdən daşınan sərnişinlərin icbari fərdi qəza sığortası üzrə icbari qaydada sığortalanmasına nəzarət etmək;
3.1.68. beynəlxalq hava daşımaları ilə məşğul olan mülki hava gəmiləri heyətlərinin və Agentlik personalının pasport-viza təminatı üçün tədbirlər görmək;
3.1.69. Agentliyin nəzarət funksiyasını həyata keçirən müfəttişlərini xüsusi geyim forması ilə, əməyin təhlükəsizliyi ilə bağlı fərdi qoruyucu vasitələrlə və səlahiyyətlərini təsdiqləyən vəsiqələrlə təmin etmək;
3.1.70. aviadaşımalar bazarının rəqabət əsasında formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, mülki aviasiya sahəsində fəaliyyət göstərən subyektlərin rəqabəti məhdudlaşdıran hərəkətlərinin qarşısının alınması üçün müvafiq tədbirlər görülməsi ilə əlaqədar Nazirliyə məlumat vermək;
3.1.71. fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.72. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentlik əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.73. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.74. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.75. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.76. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.77. mülki aviasiyaya dair müvafiq texnoloji, texniki, iqtisadi, maliyyə, sosial, ekoloji və digər məlumatlardan ibarət informasiya sistemi yaratmaq;
3.1.78. hava limanları xidmətləri və aeronaviqasiya xidmətləri ilə bağlı yığımların hesablanması qaydasına (metodikasına) uyğun müəyyən edilmiş yığımların tətbiqi ilə əlaqədar hava limanı və aeronaviqasiya sahəsində fəaliyyət göstərən subyektlərə münasibətdə iqtisadi nəzarəti həyata keçirmək və Nazirliyə hesabatlar təqdim etmək;
3.1.79. mülki aviasiya sahəsində fəaliyyət göstərən subyektlərin, o cümlədən mülki hava limanlarının fəaliyyətinin iqtisadi tənzimlənməsini həyata keçirmək, iqtisadi və maliyyə vəziyyətini təhlil etmək;
3.1.80. müvafiq sahəyə maliyyə yardımı və texniki yardım cəlb edilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığa dair Nazirliyə təkliflər vermək;
3.1.81. müvafiq sahəyə investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə üçün əlverişli şərait yaradılmasına dair təkliflər hazırlamaq;
3.1.82. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və təlim kursu proqramlarının tərtibi ilə bağlı tələbləri müəyyən etmək, aidiyyəti tədris mərkəzlərinin təlim kursu proqramlarını təsdiq etmək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.83. müvafiq sahədə müqavilə əsasında ödənişli əsaslarla hazırlıq kursları və təlimlər təşkil etmək;
3.1.84. müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərin ayrı-ayrı kateqoriyalarının sağlamlıq vəziyyətinin, həmçinin onların peşəkar hazırlıq səviyyəsinin yoxlanılması üçün tədbirlər görmək, onların nəzəri və praktiki bilik səviyyəsi üzrə testlər keçirmək;
3.1.85. uçuş heyətinə mürəkkəb uçuş (hava) şəraitlərində uçuşlara icazələr verilməsi üçün yoxlamalar həyata keçirmək;
3.1.86. uçuş heyətinin, hava hərəkətinə xidmət dispetçerlərinin və digər aviasiya personalının sağlamlığına tibbi nəzarətin monitorinqini keçirmək;
3.1.87. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək;
3.1.88. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.89. dövlət və hökumət başçıları, habelə yüksəkvəzifəli nümayəndə heyətləri üçün nəzərdə tutulmuş uçuşların (liter reyslərin) hazırlanmasına və yerinə yetirilməsinə nəzarəti həyata keçirmək;
3.1.90. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və aviasiya sahəsini tənzimləyən digər normativ hüquqi aktlarda müəyyən olunmuş hallarda mülki aviasiya sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən təqdim edilmiş sənədləri təsdiq etmək;
3.1.91. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.92. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğvi haqqında Nazirliyə təkliflər vermək;
3.2.2. müvafiq sahə üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;
3.2.3. müvafiq sahədə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.4. müvafiq sahə üzrə təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.2.5. müvafiq sahədə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər və sərəncamlar vermək və bundan irəli gələn digər tədbirlər görmək;
3.2.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar, komitələr və komissiyalar yaratmaq, həmçinin onların yaradılması təşəbbüsü ilə çıxış etmək və işində iştirak etmək;
3.2.7. uçuşların təhlükəsizliyinin, aviasiya təhlükəsizliyinin təmin edilməsi, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması məsələlərinə dair məlumatları əldə etmək;
3.2.8. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, o cümlədən mülki aviasiya sahəsində fəaliyyət göstərən subyektlərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.9. müvafiq sahədə beynəlxalq standartların və tövsiyə olunan təcrübənin icrası məqsədilə elmi və kommersiya təşkilatlarını, müstəqil ekspertləri və mütəxəssisləri, o cümlədən xarici mütəxəssisləri müqavilə əsasında öz fəaliyyətinə cəlb etmək;
3.2.10. mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmini ilə bağlı yerli və xarici fiziki və hüquqi şəxslərə müqavilə əsasında xidmətlər göstərmək;
3.2.11. Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.12. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.13. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.14. müvafiq sahənin fəaliyyətini tənzimləmək məqsədilə strukturların yaradılması, ləğvi və yenidən təşkili üzrə təkliflər vermək;
3.2.15. Agentliyin müfəttiş yoxlamalarını həyata keçirən müfəttiş heyəti vasitəsilə hava gəmilərinə, xidməti otaqlara daxil olmaq, texniki vasitələrlə, mülki aviasiya sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyətinə dair bütün sənədlərlə (məlumatlarla) maneəsiz tanış olmaq, müvafiq sahədə çalışan vəzifəli şəxslərə uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri barədə tapşırıqlar və müfəttiş göstərişləri vermək, habelə onların icra müddətlərini müəyyən etmək;
3.2.16. geyim formaları nümunələrinin, fərqlənmə nişanlarının və mülki aviasiyada geyim formalarının daşınması qaydalarının təsdiq edilməsinə dair təkliflər vermək;
3.2.17. təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq, mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müvafiq sahədə fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərin fəaliyyətinin müfəttiş yoxlamaları keçirilən zaman mülki aviasiya sahəsində fəaliyyət göstərən müvafiq subyektlərin nümayəndələrini bu yoxlamalara cəlb etmək;
3.2.18. uçuşların təhlükəsizliyinə, aviasiya təhlükəsizliyinə birbaşa təhdid yaradan çatışmazlıqlar və pozuntular aşkar olunduqda, həmin təhdidlər aradan qaldırılanadək mülki hava gəmilərinin və aerodromların, onların avadanlığının istismarını dayandırmaq, mülki aviasiya mütəxəssislərini işdən kənarlaşdırmaq və bu hallar üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə zəruri tədbirlər görmək;
3.2.19. hərbi və digər xüsusi rejimli zonaların yaxınlığında yerləşən hava limanları və aerodromların təhlükəsizliyinə təhdidlər yarandıqda, həmin hava limanlarının və (və ya) aerodromların təhlükəsizliyi təmin olunana qədər mülki məqsədlər üçün istismarına məhdudiyyətlər tətbiq etmək və ya onların fəaliyyətini dayandırmaq;
3.2.20. BMAT tərəfindən nəşri tələb edilən Aeronaviqasiya Məlumatlar Toplusunun, Aeronaviqasiya Məlumat Xidmətinin və heyətə vaxtında çatdırılması mühüm olan məlumatlardan ibarət bildirişin yayımlanmasını təmin etmək;
3.2.21. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.22. müvafiq sahədə maliyyə-iqtisadi, investisiya və tarif-qiymət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
3.2.23. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsi barədə Nazirliyə təkliflər vermək;
3.2.24. müvafiq sahədə işlər görmək və xidmətlər göstərmək;
3.2.25. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən olunmuş hallarda digər ödənişlər tutmaq;
3.2.27. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.
4.3. Agentliyə ümumi rəhbərliyi və nəzarəti 4 (dörd) üzvdən – sədr və onun 3 (üç) müavinindən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin sədrini Azərbaycan Respublikasının Prezidenti, İdarə Heyəti sədrinin müavinlərini isə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.
4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müavinləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.5.2. Nazirliklə razılaşdırmaqla, Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
4.5.3. Agentliyin inkişaf istiqamətləri ilə bağlı Nazirliyə təkliflər vermək, strateji məqsəd və planlarını müəyyən etmək;
4.5.4. Agentliyin fəaliyyətini təşkil etmək;
4.5.5. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və BMAT-ın beynəlxalq standartları və tövsiyə olunan təcrübəsinə uyğun olaraq, onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin müvafiq sahədə çalışan personalın əməkhaqqından az olmamaq şərtilə təsdiq edilməsi, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
4.5.6. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.5.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;
4.5.8. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.5.9. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.5.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək və bu barədə Nazirliyə məlumat vermək;
4.5.11. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;
4.5.12. bu Nizamnamənin 3.1.74-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.5.13. Agentliyin strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.5.14. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;
4.5.15. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.5.16. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.5.17. Agentliyin fəaliyyəti ilə əlaqədar İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
4.6. İdarə Heyətinin sədri ayda azı bir dəfə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.7. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.8. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.10. İdarə Heyətinin sədri:
4.10.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.10.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.10.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.10.4. öz təşəbbüsü, habelə İdarə Heyətinin hər hansı bir üzvünün təklifi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.10.5. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
4.10.6. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.10.7. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.10.8. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.10.9. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, onun idarə, filial və nümayəndəliklərinin və tabeliyindəki digər qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;
4.10.10. Agentlik işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.10.11. Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
4.10.12. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim edir, onların həvəsləndirilməsi üçün tədbirlər görür;
4.10.13. işçilərin sosial hüquqlarının həyata keçirilməsini təmin edir, işçilərin maddi təminatının və əmək şəraitinin yaxşılaşdırılması, habelə mülki aviasiya personalına tətbiq edilən xidmət şərtlərinin Agentliyin işçilərinə də tətbiq edilməsi üçün tədbirlər görür;
4.10.14. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.10.15. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.10.16. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.10.17. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.10.18. Agentliyin kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir.
4.11. İdarə Heyətinin üzvləri:
4.11.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.11.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.11.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.11.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.11.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.12. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Agentliyin nizamnamə fondunun məbləği 2 636 206 (iki milyon altı yüz otuz altı min iki yüz altı) manatdır.
5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsinin vəsaiti, Agentliyin öz fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait, beynəlxalq təcrübəyə əsasən aviadaşıyıcılar tərəfindən hava limanlarına və aeronaviqasiya xidmətlərinə görə ödənilən məbləğdən nəzarət funksiyaları ilə bağlı yığımlar, ianələr, qrantlar, cəlb edilən investisiyalar və qanunla qadağan edilməyən digər vəsait hesabına formalaşır.
5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.
5.6. Agentliyin müvafiq sahədə gördüyü işlərin və göstərdiyi xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirir.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
_________________________________
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin...
21 fevral 2025, 16:00Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 21 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Mülki...
21 fevral 2025, 13:08Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, mülki aviasiyada idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə həyata keçirilən fəaliyyətin optimallaşdırılması...
21 fevral 2025, 13:072025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu...
21 fevral 2025, 13:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanının...
20 fevral 2025, 16:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...
20 fevral 2025, 12:47Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan...
20 fevral 2025, 12:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar...
20 fevral 2025, 12:41PDF yükləyin
20 fevral 2025, 12:39Azərbaycan Respublikasının
2025-ci il 3 fevral tarixli Qanunu ilə təsdiq edilmişdir
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ
Maddə 1. Təltif edilən...
20 fevral 2025, 12:37