Zaur Əliyevdən, Münster, Almaniya
Hörmətli cənab Prezident.
Fevralın 18-də Qarabağa etdiyiniz səfəri böyük qürurla izlədim. Doğulduğum və böyüdüyüm Ağdam şəhərinin bərpası ilə əlaqədar Sizə dərin təşəkkürümü bildirirəm. Ağdam təkcə bir şəhər deyil, həm də mənim üçün xatirələrlə, məhəbbətlə və milli qürurla dolu bir yerdir. İşğal dövründə şəhərimizin məruz qaldığı dağıntılar və zülmlər hər bir ağdamlı kimi, məni də dərin kədərə qərq etmişdi. Lakin Sizin rəhbərliyiniz və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız azad edildi, indi Ağdam yenidən dirçəliş yolunda irəliləyir.
Bir vaxtlar işğal nəticəsində "Qafqazın Xirosiması" və "Ruhlar şəhəri" adlarını almış Ağdam indi Sizin rəhbərliyiniz və dövlətimizin qətiyyəti sayəsində gündən-günə inkişaf edir. Şəhərimizin keçmişdə məruz qaldığı ağır zərərlər və dağıntılar indi yerini müasir infrastruktur obyektlərinə, yeni yaşayış komplekslərinə, bərpa edilən mədəni və tarixi abidələrə verir. Bu dəyişikliklər yalnız şəhərin görünüşünü dəyişmir, həm də Ağdamın ruhunu dirçəldir, bu torpaqlarda yaşayan insanların ümidlərini və inamını artırır.
Sizin şəxsi diqqətiniz və dəstəyiniz ilə Ağdamda həyata keçirilən bərpa və yenidənqurma işləri hər bir vətəndaş kimi, məni də dərindən məmnun edir, qürurlandırır. "Hilton Garden İnn" kimi müasir hotelin inşası, Ağdam Muğam Mərkəzinin yaradılması, yeni yaşayış kompleksləri, məktəblər və digər sosial obyektlər şəhərimizin parlaq gələcəyinə inamımızı daha da artırır. Bu layihələr yalnız infrastrukturun bərpası deyil, həm də Ağdamın keçmiş əzəmətinin və zəngin mədəni irsinin bərpasıdır.
Xüsusilə Qarabağ xanlarının türbələrinin və İmarət kompleksinin bərpası, Əsgəran qala-kompleksinin konservasiyası və möhkəmləndirilməsi tarixi abidələrin qorunması və dirçəldilməsi, milli kimliyimizin və mədəniyyətimizin qorunub saxlanması baxımından böyük əhəmiyyət daşıyır. Bu işlər nəinki Ağdamın, həm də bütün Azərbaycanın tarixi yaddaşının canlandırılmasına xidmət edir.
Bu böyük dirçəliş prosesində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və töhfələri də əvəzolunmazdır. Fondun həyata keçirdiyi layihələr, xüsusilə mədəni irsimizin bərpası, tarixi abidələrin qorunması və sosial obyektlərin inşası sahəsində göstərdiyi fəaliyyət Ağdamın və digər azad edilmiş ərazilərimizin dirçəlişinə əhəmiyyətli dərəcədə kömək edir. Heydər Əliyev Fondunun bu dəyərli işlərinə görə də dərin təşəkkürümü bildirirəm.
Sizin rəhbərliyinizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən bu böyük işlər nəinki işğaldan azad olunmuş ərazilərdə yaşayan insanlar, həm də bütün Azərbaycan xalqı üçün ümid və ilham mənbəyidir. Ağdamın dirçəlişi yalnız bir şəhərin bərpası deyil, həm də Azərbaycanın bütövlüyünün, müstəqilliyinin və gücünün rəmzidir.
Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı işlərə görə Sizə və Mehriban xanım Əliyevaya bir daha dərin minnətdarlığımı bildirirəm. Ağdamın və azad edilmiş digər ərazilərimizin gələcəyi parlaq olacaq və bu, Sizin qətiyyətiniz, Azərbaycan xalqının birliyi və möhkəm iradəsi sayəsində mümkündür.
Sizin rəhbərliyinizdə Azərbaycanın daha da inkişaf edəcəyinə və bütün dünyada nüfuzunun artacağına inamım tamdır.
Dərin hörmətlə,
Əliyev Zaur Əbülfəz oğlu.
Almaniya Federativ Respublikası, Münster şəhəri.