Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

12 fevral 2025, 12:08
Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Dəvətimi qəbul edərək ölkəmizə rəsmi səfər etdiyinizdən olduqca məmnunam. Bu, tarixi səfərdir və ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində ilkdir. Əminəm ki, səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq. Bu gün Prezidentlə görüşümüz zamanı biz qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri artıq müzakirə etdik. Bu gün müzakirələrimizi nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdirəcəyik.

Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.

Biz regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik, ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. Mən 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim.

Mən, həmçinin Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm. Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.

Biz, həmçinin Somalidə sərmayə imkanlarını müzakirə etdik. Bildiyiniz kimi, cənab Prezidentin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. Düşünürəm ki, həmin proses davam etməlidir. Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində biz digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik.

Müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir. Bu gün sənəd imzalandı və sabah cənab Prezident Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış olacaq. Hazırda nümayəndə heyətlərinin görüşü zamanı biz bu imkanları birmənalı şəkildə müzakirə edəcəyik. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, sabah, həmçinin xüsusi təyinatlılarımız cənab Prezidentə təqdim olunacaq. Bir sözlə, düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.

Mən, həmçinin dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyətini vurğulamaq istərdim. Əslində, bu gün imzalanmış razılaşmalardan biri həmin sahəni əhatə edir. Azərbaycanda artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Bilirəm ki, Prezidentin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər var və əgər siz qərar qəbul etsəniz, bəyənsəniz, biz sizin ölkədə oxşar sistemi qura bilərik.

Təbii ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Bilirəm ki, xarici işlər nazirlərimiz çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə ediblər. Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.

Cənab Prezident, Azərbaycana bir daha xoş gəlmisiniz və mən sizə xoş səfər arzu edirəm.

X X X

Sonra Somali Prezidenti bəyanatla çıxış etdi.

Prezident Hasan Şeyx Mahmudun bəyanatı

-Cənab Prezident, çox sağ olun. Münasibətlərimizin tarixində ilk dəfə Azərbaycana səfər etmək, Azərbaycana səfər edən ilk Somali Prezidenti olmaq mənim üçün həqiqətən də böyük şərəfdir.

Qardaş Azərbaycanın paytaxtı Bakıda olmaqdan, hörmətli qardaşım və dostum Prezident İlham Əliyevlə səmərəli müzakirələr aparmaqdan böyük şərəf və qürur hissi duyuram. Səmimi qəbula və qonaqpərvərliyə görə Zati-alinizə minnətdarlığımı bildirirəm. Mənim və nümayəndə heyətimin fikrincə, bugünkü görüşümüz çox məhsuldar keçib və bu, Somali-Azərbaycan münasibətlərində yeni eranın başlanğıcı deməkdir.

Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür. Bu gün biz əsasən tərəflər arasında daha sıx əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bildirdik. Mən, həmçinin Azərbaycan xalqını öz suverenliyini və ərazi bütövlüyünü qoruduğuna görə təqdir etmək istərdim.

Son üç onillikdə bir çox oxşarlıqlarımız mövcuddur. Xüsusilə 1990-cı illərdə Azərbaycan müəyyən çətinliklərlə üzləşəndə, Somali də belə çətinliklərlə üzləşib. Xoşbəxtlikdən, Əlhəmdülillah, Azərbaycan xalqı dünyanın bu hissəsində sabit və firavan bir ölkə kimi qalib gəlməyə müvəffəq olub.

Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik və Sizin praktik təcrübənizi öyrənməyə hazırıq. Cənab Prezident, qeyd etdiyiniz bütün əməkdaşlıq sahələri hər ikimiz və xüsusilə də Somali üçün çox faydalıdır. Somali çətin dövrdən çox parlaq gələcəyə keçid edən ölkədir. Somali zəngin resursları və böyük potensialı olan ölkədir. Lakin şərait inkişaf etməyə imkan verməyib. Azərbaycan kimi yaxşı tərəfdaşlarla ölkəmizin potensialı üzə çıxacaq və o, proqnozlaşdırılabilən olacaq. Azərbaycandan öyrənə biləcəyimiz digər əsas sahələr proqnozlaşdırılabilən siyasət və proqnozlaşdırılabilən inkişaf siyasətidir.

Bu gün imzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır, həmçinin ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır. Bu müqavilələrdən başqa, bizim bugünkü əməkdaşlığımız ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir. Azərbaycanla bilik mübadiləsi və investisiya tərəfdaşlığı böyük fayda əldə edə biləcəyimiz sahələrdir.

Eynilə, Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrində qapı kimi baxa bilər. Somalinin Hind okeanında və Qırmızı dənizdə strateji olaraq yerləşməsi ölkələrimiz üçün iqtisadi faydaların paylaşıla və araşdırıla biləcəyi qiymətli strateji ərazidir.

Cənab Prezident, bu gün, sadəcə, başlanğıcdır. Somali və Azərbaycan təkcə iqtisadi artım və təhlükəsizlik üçün baxışı bölüşmür. Biz xalqlarımız üçün daha yaxşı gələcək yaratmaq naminə möhkəmlik, qətiyyət və ambisiya ruhunu bölüşürük.

Zati-aliləri cənab Prezident, mən nümayəndə heyətlərinin səfərləri, ticarət mübadiləsi yolu ilə əlaqələrimizin daha da möhkəmlənməsini arzu edirəm. Somalinin texniki heyətləri Azərbaycana səfər etməyə və Azərbaycan hökumətinə, Azərbaycanın özəl sektoruna Somalidə mövcud olan və yeni yaranan imkanları təqdim etməyə hazırdır.

Cənab Prezident, bir daha Sizə minnətdarlığımı bildirirəm və Azərbaycan hökumətinə göstərdiyi səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirir, xalqlarımız arasında daha möhkəm, əmin gələcəyin olmasını arzulayıram.

İnşallah, Sizi müəyyən bir vaxtda Somalidə qarşılamağa ümid edirik.

Çox sağ olun, cənab Prezident.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:10
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 143-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi...

19 mart 2025, 17:10
SƏNƏDLƏR Qanunlar 19 mart 2025
17:08
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının...

19 mart 2025, 17:08
SƏNƏDLƏR Qanunlar 19 mart 2025
17:06
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan...

19 mart 2025, 17:06
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:04
“Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 154 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi...

19 mart 2025, 17:04
SƏNƏDLƏR Fərmanlar 19 mart 2025
17:02
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və...

19 mart 2025, 17:02
SƏNƏDLƏR Sərəncamlar 19 mart 2025
13:09
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni...

19 mart 2025, 13:09
SƏNƏDLƏR Sərəncamlar 18 mart 2025
17:02
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı...

18 mart 2025, 17:02