Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 11 fevral tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sisteminin (bundan sonra – Sistem) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Sistem rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, Sistemdə saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.
1.3. Sistemin formalaşdırılmasının məqsədi qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahəsində dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə analitik təhlillər aparılmasından, proqnozların və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
1.4. Sistemdə yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.5. Sistemin sahibi və operatoru Agentlikdir.
1.6. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nda (bundan sonra – Qaydalar), həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
1.7. Fərdi məlumatların Sistemdə toplanılması və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.2-ci bəndində qeyd olunanların təmin edilməsidir. Fərdi məlumatların Sistemdə toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.8. Sistemin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.9. Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
1.10. Sistem Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
2. Sistemin texniki-texnoloji infrastrukturu
2.1. Sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onu idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri;
2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznes yönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, Sistemin funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə Sistemdən istifadəni və məlumat mübadiləsini təmin edir.
2.3. Sistem onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. Sistemin qurulma topologiyasına uyğun olaraq telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.4.1. Sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları sahibin müvafiq struktur bölməsi tərəfindən;
2.4.2. Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları və kanalları Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.
2.5. Sistemdə formalaşdırılan, ona daxil edilən və ötürülən məlumatlar Sistemin informasiya ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli Sistemin informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Sistem, o cümlədən Sistemdə toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
2.8. Sistemdə aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
3. Sistemin altsistemləri
3.1. Sistemin strukturuna aşağıdakı altsistemlər daxildir:
3.1.1. insan və heyvanların həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə riskin qiymətləndirilməsi, idarə edilməsi, risk haqqında məlumatlandırmanı təmin edən “Risklərin təhlili” altsistemi;
3.1.2. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktları və ya onların layihələrini, qida təhlükəsizliyi ilə bağlı nəzarət prosedurlarını, qeydiyyat, təsdiq və sertifikatlaşma qaydalarını, qida məhsulunun insan sağlamlığı üçün yaratdığı riskin təhlili prosedurlarını və metodlarını, sanitar mühafizənin zəruri səviyyəsini müəyyən edərkən nəzərə alınan amillər barədə məlumat verilməsini, habelə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların ictimai müzakirəsini təmin edən “Məlumat və bildiriş” altsistemi;
3.1.3. qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılmasını təmin edən “Qida məhsullarının təhlükəli halları” altsistemi;
3.1.4. Azərbaycan Respublikasının ərazisindən xarici ölkələrə ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara gömrük ərazisinə gətirilməzdən əvvəl elektron bildirişin göndərilməsi, onlara idxal sağlamlıq aktının, bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının, idxal karantin icazəsinin, ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatının verilməsini, gömrük ərazisinə idxal edilmiş, o cümlədən Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edən “İdxal-ixrac əməliyyatları” altsistemi;
3.1.5. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, qida obyektlərinin və qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı sahəsində fəaliyyət göstərən obyektlərin qeydiyyatını və ya təsdiqini, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatını, pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və baytarlıq preparatlarının qeydiyyatını, həmçinin Qida Təhlükəsizliyi Reyestrinin aparılması ilə bağlı proseslərin həyata keçirilməsini təmin edən “Qeydiyyat və təsdiq” altsistemi;
3.1.6. qida zənciri subyektlərindən məhsulların izlənilməsi ilə bağlı sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatların əldə olunmasını təmin edən “Məhsulların izlənilməsi” altsistemi;
3.1.7. qida təhlükəsizliyi, baytarlıq və fitosanitar qanunvericiliyin tələblərinə riayət olunması sahəsində dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi ilə bağlı proseslərin idarə olunmasını təmin edən “Dövlət nəzarəti” altsistemi;
3.1.8. qida mənşəli xəstəliklər üzrə təhlillər aparılmasını və bununla bağlı məlumat bazasının formalaşdırılmasını təmin edən “Qida mənşəli xəstəliklərin müşahidəsi” altsistemi;
3.1.9. qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı proseslərin aparılmasını təmin edən “İstehlakçıların müraciətlərinin baxılması və izlənilməsi” altsistemi;
3.1.10. heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası ilə bağlı baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarəti və bu məqsədlə hər bir heyvan və ya heyvanlar qrupunun müşahidə edilməsini təmin edən “Heyvanların identikləşdirilməsi (kodlaşdırılması)” altsistemi;
3.1.11. ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənədlərin verilməsi ilə bağlı tədbirlər görülməsini, baytarlıq sahəsində uçot və hesabat aparılmasını, həmçinin heyvanların karantin xəstəliklərinin statistik uçotunu, habelə fərdi baytarlıq xidməti praktikası ilə məşğul olmaq istəyən fiziki şəxslərin uçotunu təmin edən “Heyvan sağlamlığı” altsistemi;
3.1.12. ölkədə fitosanitar vəziyyətin araşdırılması və bitki mühafizəsi sahəsində nəzarət tədbirlərinin, habelə ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edən “Bitki sağlamlığı” altsistemi;
3.1.13. qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində laboratoriya tədqiqi (sınağı), ekspertiza və tədqiqat (ölçmə) xidmətləri, habelə laboratoriyalararası müqayisəli və səriştəlilik sınaqlarının təşkili və sınaq metodlarının tətbiqi ilə bağlı proseslərin idarə olunmasını təmin edən “Laboratoriyaların idarəedilməsi” altsistemi;
3.1.14. Sistemə daxil edilmiş və ötürülmüş məlumatların təhlili üçün həmin məlumatların tutuşdurulmasını, tutuşdurulma zamanı aşkarlanan uyğunsuzluqların hesabatlarda öz əksini tapmasını, müxtəlif parametrlərə görə hesabatların alınmasını təmin edən “Təhlil və hesabat” altsistemi.
4. Sistemə daxil edilən və ötürülən məlumatlar
4.1. Məlumat mübadiləsinin operativliyini və səmərəliliyini artırmaq məqsədilə Sistem qanunvericiliyin tələbləri nəzərə alınmaqla, digər dövlət informasiya sistemləri ilə əlaqəli fəaliyyət göstərir.
4.2. Sahib normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, dövlət xidmətləri göstərilməsi, vəzifələrinin icrası zamanı tələb olunan aşağıdakı məlumatları inteqrasiya yolu ilə ilkin mənbələrdən əldə edir:
4.2.1. qida zənciri subyektləri olan və ya Agentliyin nəzarəti dairəsində baytarlıq və fitosanitar sahələrdə fəaliyyət göstərən fiziki şəxslər barədə məlumatlar (soyadı, adı, atasının adı və FİN-i);
4.2.2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq qeydiyyat və ya təsdiq üçün müraciət edən cavabdeh subyektin təsərrüfat fəaliyyətini həyata keçirdiyi qida obyekti üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əsaslandırılmış sorğusu ilə həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqlar və həmin hüquqların məhdudlaşdırılması (yüklülüyü) barədə məlumatlar;
4.2.3. qida zənciri subyektləri olan və ya Agentliyin nəzarəti dairəsində baytarlıq və fitosanitar sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin vergi ödəyicisi kimi uçotda olub-olmaması, fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvanlar, hüquqi şəxsin hüquqi ünvanı, adı və rəhbəri barədə (soyadı, adı, atasının adı və vəzifəsi), qanuni təmsilçinin (təmsilçilərin) soyadı, adı, atasının adı və FİN-i barədə məlumatlar;
4.2.4. qida zənciri subyekti olan hüquqi şəxsin və ya fərdi sahibkarın qida məhsulları ilə bilavasitə təmasda olan işçiləri barədə məlumatlar (işçilərin sayı, soyadı, adı, atasının adı və vəzifəsi);
4.2.5. qida zənciri subyekti olan hüquqi şəxsin və ya fərdi sahibkarın qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşlarının ilkin və dövri tibbi müayinədən keçməsi barədə məlumatlar;
4.2.6. qida zənciri subyekti olan sahibkarın “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada mikro, kiçik, orta və iri sahibkar meyarları üzrə aid edildiyi kateqoriya barədə məlumatlar;
4.2.7. bu Əsasnamənin 3.1.4-cü yarımbəndində nəzərdə tutulan malların və məhsulların gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsi və onların gömrük rəsmiləşdirilməsi ilə bağlı məlumatlar;
4.2.8. bioloji aktiv qida məhsullarının dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasını müəyyən etmək məqsədilə aparılan ekspertiza rəyi barədə məlumatlar;
4.2.9. qida mənşəli xəstəliklər barədə məlumatlar;
4.2.10. baytarlıq xidmətləri barədə məlumatlar;
4.2.11. fitosanitar xidmətləri barədə məlumatlar.
4.3. Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.4. Sistemlə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) Sistemə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə, onların elektron kabinetləri vasitəsilə daxil edilir.
4.5. Sistemdə formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib edilir və rəsmiləşdirilir.
5. Sistemdən istifadə qaydası
5.1. Sahibin digər dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının, həmçinin yerli özünüidarəetmə orqanlarının və digər hüquqi şəxslərin (bundan sonra – qurumlar) Sistemdən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda həmin qurumların rəhbər şəxsi tərəfindən Sistemdə qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxsləri Vahid Giriş Sistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq həmin informasiya ehtiyatlarından və sistemlərindən istifadə edirlər.
5.3. Fiziki şəxslər Vahid Giriş Sistemi vasitəsilə Sistemdə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərinə daxil olaraq Sistemdən istifadə edirlər.
5.4. Sistem vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə həmin informasiya sistemlərinin rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə, ödənişlərin edilməsi isə elektron kabinetdə ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.
5.5. Sistem vasitəsilə təqdim edilən xidmət kanalları (portal, mobil tətbiq, virtual köməkçi və digər) istifadəçilərin Sistemin fəaliyyətində iştirakını və onlardan istifadəsini, habelə elektron xidmətlərdən yararlanmasını təmin edir. Elektron xidmətlər, istifadəçi təcrübəsi və istifadəçi yönümlülüyü nəzərə alınmaqla, xidmət kanalları vasitəsilə təqdim edilir.
6. Sahibin vəzifələri və hüquqları
6.1. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. Sistemin idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. Sistemin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) hallarda isə fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
6.1.3. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin, həmçinin fərdi məlumatların dövlət informasiya ehtiyatlarında və sistemlərində toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
6.1.4. Sistemin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – Nazirlik) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə Sistemə çıxış, habelə onun texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;
6.1.5. Sistemin informasiya təhlükəsizliyini XRİTDX və operator ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliklə birlikdə təmin etmək;
6.1.6. Sistemin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə, həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.7. Sistemə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.8. Sistemə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.9. Sistemin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və operatorla birlikdə tədbirlər görmək;
6.1.10. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barədə məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
6.1.12. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.13. aidiyyəti qurumların Sistemin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
6.1.14. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda, həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və Nazirliklə birlikdə tədbirlər görmək;
6.1.15. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Sistemə daxil etmək;
6.1.16. Sistemdən sərbəst və maneəsiz istifadənin, habelə onların dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
6.1.17. Sistemdə dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
6.1.18. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. Sistemin fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
6.2.1. Sistemin formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
6.2.2. Sistemdən istifadə və onların funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.2.3. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğular vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7. Operatorun vəzifələri və hüquqları
7.1. Operatorun vəzifələri aşağıdakılardır:
7.1.1. Sistemin informasiya təhlükəsizliyini XRİTDX və sahiblə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin Nazirliklə birlikdə təmin etmək;
7.1.2. Sistemin informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə, həmçinin Nazirliyə təqdim etmək, habelə XRİTDX və Nazirlik tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
7.1.3. Sistemə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
7.1.4. Sistemin, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün Nazirlik və sahiblə birlikdə tədbirlər görmək;
7.1.5. Sistemin təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə həmin informasiya ehtiyatlarının və sistemlərinin “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün Nazirliklə birlikdə zəruri tədbirlər görmək;
7.1.6. Sistemin fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində, sahiblə razılaşdırmaqla, texniki tədbirlər görmək və bu barədə Sistemin fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
7.1.7. Sistemdən sərbəst və maneəsiz istifadəni, Sistemin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Sistemin proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;
7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) Sistemə daxil etmək;
7.1.9. Sistemi EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatları və sistemləri ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
7.1.10. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.11. Sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;
7.1.12. Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında Sistemdə dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
7.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
7.1.14. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə və Nazirliyə təqdim etmək;
7.1.15. Sistemin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
7.1.16. aidiyyəti qurumların dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
7.1.17. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
7.2. Operatorun aşağıdakı hüquqları vardır:
7.2.1. Sistemin fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. Sistemin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.2.3. Sistem ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişiklik aparılması məqsədilə məsələ qaldırmaq;
7.2.4. Sistemin parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.2.5. iştirakçılar və istifadəçilər Sistemin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, Sistemə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
8. İştirakçıların vəzifələri və hüquqları
8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
8.1.1. Sistemə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.1.2. Sistemə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə Sistemə daxil etmək (ötürmək);
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
8.1.5. Sistemdən, habelə Sistemdə olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.1.6. Sistemdə saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə və ya operatora məlumat vermək;
8.1.7. sahibin və operatorun Sistemə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
8.1.8. Sistemin fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və Nazirliyə məlumat vermək;
8.1.10. öz təşəbbüsləri, habelə Nazirliyin və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.
8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
8.2.1. Sistemin fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə və ya operatora sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
8.2.2. Sistemin təkmilləşdirilməsi istiqamətində sahibə və ya operatora təkliflər vermək.
9. İstifadəçilərin hüquqları
9.1. İstifadəçilərin Sistemdən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:
9.1.1. Sistemdəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahib və ya operatora müraciət etmək;
9.1.3. elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək;
9.1.4. sahiblə, operatorla, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
9.1.5. Sistemin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.1.6. Sistemdən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;
9.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.