Mircavid Ağalarovdan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan gənclərinə, elmə və mədəni irsə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin Sərəncamınızla Prezident mükafatına layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Arxeologiya və mədəni irs sahəsində çalışan bir tədqiqatçı kimi, bu mükafat mənim üçün təkcə bir qiymətləndirmə deyil, eyni zamanda, ölkəmizin elmi inkişafına daha çox töhfə vermək üçün böyük stimul və öhdəlikdir. Azərbaycanın qədim tarixi və mədəni irsinin tədqiqi, qorunması və dünyaya tanıdılması yolunda fəaliyyətimi bundan sonra da əzmlə davam etdirəcəyəm.
Sizin rəhbərliyiniz altında ölkəmizdə arxeologiya elminin inkişafı üçün geniş imkanlar yaradılmışdır. Xüsusilə, işğaldan azad edilmiş ərazilərimizdə aparılan arxeoloji tədqiqatlar milli irsimizin yenidən öyrənilməsi və dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Biz bu ərazilərdə arxeoloji tədqiqatları müasir elmi metodlar və texnologiyalar əsasında həyata keçiririk. AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən tətbiq edilən müasir metodologiyalar Azərbaycan arxeologiyasını yeni səviyyəyə qaldıraraq, tarixi irsimizin dəqiq və sistemli şəkildə tədqiqinə şərait yaradır. Sizin qayğınız və diqqətiniz sayəsində biz arxeologiya sahəsində beynəlxalq əməkdaşlıqları genişləndirir, Azərbaycan elmini dünyada tanıtmaq istiqamətində mühüm addımlar atırıq.
Mən özümü çox xoşbəxt hiss edirəm ki, bu gün çalışdığım elmi müəssisənin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazisində elmi tədqiqat aparan ekspedisiyasının fəal üzvlərindənəm. Bu bölgələrdə işləməklə həm də Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi yazmasının addımbaşı canlı şahidi oluruq. Hər gün burada, işğaldan azad olunmuş torpaqlarda oyanmaq, burada işə getməyin ayrı xoşbəxtliyi var. Çünki biz 30 ildir həsrət qaldığımız torpaqların tarixi gerçəkliyinin, mədəni irsinin araşdırılması, onların bərpası üçün oradayıq və buna görə çox böyük qürur hissi yaşayırıq. Təşəkkür edirəm ki, Siz bizə bu qürur hissini yaşatdınız! Baxmayaraq ki, hələlik burada infrastruktur hələ tam formalaşmayıb, bəzən mina təhlükəsi ilə üzləşirik, lakin, bu torpaqlarda çalışmaq, elmi araşdırma aparmaq, burada nəfəs almaq özü bir xoşbəxtlikdir. Qarabağda aşkar olunan hər hansı yeni bir abidə, yeni artefakt bizim üçün sevinc mənbəyidir, ayrı bir məna kəsb edir. Çünki bu abidələr uzun illər öz sahiblərini, öz həqiqi tədqiqatçılarını gözləyirdi. Mən Azərbaycan gənci olaraq özümü xoşbəxt hiss edirəm ki, mənə məhz bu torpaqlarda işləmək, elmi tədqiqat aparmaq qismət olub. Mən 10-15 il əvvəl, tələbə olanda xəyallarını qururdum, lakin, ağlıma da gəlməzdi ki, bu ərazilərdə ilk tədqiqat aparan şəxslərdən olacağam. İndi çox xoşbəxtəm ki, bu xəyallarım gerçək olub! Azərbaycan arxeoloqu indi Azıxda, Tağlarda, Xocalı kurqanlarında, Əsgəran qalasında, Şahbulaq qalasında, alban irsini əks etdirən abidələrdə, erməni vandalizmini ən bariz şəkildə yaşamış İmarət kompleksində, Şəhri-şərifanda qürurla tədqiqat aparır və gənc yaşımda bu tədqiqatların bir parçası olmaq mənə də qismət olub. Gələcəkdə də bu sahədə elmi fəaliyyətimi davam etdirərək, milli-mədəni irsimizin qorunması və təbliği üçün var gücümlə çalışacağam.
Ölkəmizin elminə və gənclərinə verdiyiniz dəstəyə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Dərin hörmətlə,
Ağalarov Mircavid Elşad oğlu
AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi və doktorantı
Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.