İlham Əliyev Qvineyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

27 yanvar 2025, 12:03
İlham Əliyev Qvineyanın ölkəmizdə yeni təyin  olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı siyasi və iqtisadi əlaqələrimizin uğurla inkişaf edəcəyinə ümidvarlığını bildirərək, ölkələrimizin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında fəal və uğurlu əməkdaşlıq etdiklərini dedi, bu çərçivədə qarşılıqlı dəstəyə əsaslanan əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev əməkdaşlığımızın cəlbedici sahələrinin müəyyənləşdirilməsinin də zəruriliyini qeyd etdi.

Ölkəmizdə Afrikadan çoxsaylı tələbələrin təhsil aldığını deyən dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları təqdim etdiyini bildirdi, qvineyalı tələbələrin də bundan yararlana biləcəklərini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın özünün ASAN və DOST xidmət təcrübəsini bir sıra ölkələrlə bölüşdüyünü qeyd edərək, bu sahədə Qvineya ilə də əməkdaşlıq imkanlarının olduğunu dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir, ilk növbədə, Qvineya Respublikasının Prezidenti Mamadi Dumbuyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qvineya Prezidentinə çatdırmağı xahiş etdi.

Səfir Umar Kande Qvineya Prezidenti və ölkəsi adından təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və xalqına başsağlığını çatdırdı.

Umar Kande ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın həyata keçirilməsində maraqlı olduğunu dedi və ölkəmizlə strateji tərəfdaşlığın qurulacağına ümidvar olduqlarını bildirdi. O qeyd etdi ki, bu isə öz növbəsində xüsusilə də BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında müştərək təşəbbüslərin irəli sürülməsinə xidmət edəcək. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizdən məmnunluğunu ifadə edən səfir ölkələrimiz arasında təhsil, mədənçilik, elektron hökumət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.

Söhbət zamanı ölkəmizin aidiyyəti iqtisadi qurumları ilə birbaşa əlaqələrin yaradılmasının, iqtisadi əməkdaşlıq perspektivlərinin araşdırılmasının və onun inkişaf etdirilməsi üçün iqtisadi sahə üzrə nümayəndə heyətlərinin mübadiləsinin vacibliyi qeyd olundu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2026
16:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan...

11 fevral 2026, 16:28