İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana

20 dekabr 2024, 20:22

Hörmətli cənab Prezident,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə İran İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.

Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.

Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Fürsətdən istifadə edərək qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsi yolunda birgə səylərimizi davam etdiricəyimizə inamımı ifadə edirəm.

Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2024-cü il

SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20