“Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

20 dekabr 2024, 15:56

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I); 2024, № 6 (I kitab), maddələr 631, 639) 53-cü maddəsinin üçüncü hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“icbari tibbi sığortanın təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə.”.

Maddə 2. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 44-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci maddə üzrə:

2.1.1. 1.0-cı, 1.0.1–1.0.16-cı maddələr müvafiq olaraq 1.1-ci, 1.1.1–1.1.16-cı maddələr hesab edilsin;

2.1.2. 1.1.1-ci maddədə “toplusu” sözü “, habelə dərman vasitələrindən ambulator və ya stasionar şəraitdə istifadənin təmin edilməsi üçün dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin məcmusu” sözləri ilə əvəz edilsin;

2.1.3. 1.1.8-ci maddəyə “tariflərə,” sözündən sonra “habelə şərti kompensasiya məbləğinə,” sözləri əlavə edilsin və həmin maddədə “əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə” sözləri “aptek təşkilatına” sözləri ilə əvəz edilsin;

2.1.4. aşağıdakı məzmunda 1.1.13-1-ci və 1.1.13-2-ci maddələr əlavə edilsin:

“1.1.13-1. ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə – sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılması məqsədilə aptek təşkilatı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə;

1.1.13-2. dərman vasitələrinin pozitiv siyahısı (bundan sonra – pozitiv siyahı) – xidmətlər zərfində nəzərdə tutulmuş dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) üzrə ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin məcmusu;”;

2.1.5. 1.1.16-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.1.17-ci və 1.2-ci maddələr əlavə edilsin:

“1.1.17. şərti kompensasiya məbləği – pozitiv siyahıya daxil olan dərman vasitələrinə görə sığorta ödənişinin həyata keçirilməsi üçün bu Qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilən məbləğ.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.”;

2.2. 1-1-ci maddə üzrə:

2.2.1. 1-1.1-ci maddədə “və dərman yardımı almasına” sözləri “almasına, dərman və tibb vasitələri ilə təchizatına” sözləri ilə əvəz edilsin;

2.2.2. 1-1.3-cü maddədən “sığortaolunanlara” sözü çıxarılsın və həmin maddəyə “almasını” sözündən sonra “, habelə onların dərman və tibb vasitələrindən istifadə etməsini” sözləri əlavə edilsin;

2.3. 2-1-ci maddəyə “sığortaçılar” sözündən sonra “, aptek təşkilatları” sözləri əlavə edilsin;

2.4. 15-1-ci maddə üzrə:

2.4.1. 15-1.0-cı, 15-1.0.1–15-1.0.6-cı maddələr müvafiq olaraq 15-1.1-ci, 15-1.1.1–15-1.1.6-cı maddələr hesab edilsin;

2.4.2. 15-1.1.1-ci maddədə “əlçatanlığına və” sözləri “, dərman və tibb vasitələrinin əlçatanlığına və tibbi xidmətlərin” sözləri ilə əvəz edilsin;

2.4.3. 15-1.1.3-cü maddəyə “göstərilməsi” sözündən sonra “, habelə onun dərman və tibb vasitələri ilə təmin edilməsi” sözləri əlavə edilsin;

2.5. 15-3-cü maddə üzrə:

2.5.1. adına “müəssisələrinin” sözündən sonra “və aptek təşkilatlarının” sözləri əlavə edilsin;

2.5.2. aşağıdakı məzmunda 15-3.4-cü və 15-3.5-ci maddələr əlavə edilsin:

“15-3.4. “Dərman vasitələri haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən fəaliyyət göstərən aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər. İcbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə bu Qanunun 15-19-1-ci maddəsinə uyğun olaraq müqavilə bağlanılır.

15-3.5. Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol verilir.”;

2.6. 15-4-cü maddə üzrə:

2.6.1. 15-4.1.2-ci maddəyə “etmək” sözündən sonra “, həmçinin bu Qanunun 15-3.4-cü və 15-23-1.1-ci maddələri nəzərə alınmaqla, aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək” sözləri əlavə edilsin;

2.6.2. 15-4.1.3-cü maddəyə “müəssisəsindən” sözündən sonra “, buraxılan dərman vasitələrinin qiyməti, şərti kompensasiya məbləği və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər məlumatları aptek təşkilatından” sözləri əlavə edilsin;

2.6.3. 15-4.1.5-ci maddəyə “müəssisəsinin” sözündən sonra “və aptek təşkilatının” sözləri, “müəssisəsindən” sözündən sonra “və aptek təşkilatından” sözləri əlavə edilsin;

2.7. 15-7-ci maddə üzrə:

2.7.1. adına “müəssisəsinin” sözündən sonra “və aptek təşkilatının” sözləri əlavə edilsin;

2.7.2. 15-7.1.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan)” sözləri “sığortaçıdan” sözü ilə əvəz edilsin;

2.7.3. 15-7.2.4-cü və 15-7.2.5-ci maddələrdə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri “sığortaçıya” sözü ilə əvəz edilsin;

2.7.4. aşağıdakı məzmunda 15-7.3-cü və 15-7.4-cü maddələr əlavə edilsin:

“15-7.3. Aptek təşkilatının aşağıdakı hüquqları vardır:

15-7.3.1. bu Qanunun 15-3.4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək;

15-7.3.2. bu Qanunun 15-19-1-ci maddəsinə uyğun olaraq bağlanılmış müqavilə əsasında buraxılmış dərman vasitələrinə görə sığorta ödənişini sığortaçıdan tələb etmək;

15-7.3.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunda nəzərdə tutulmuş qaydada apardığı tibbi-iqtisadi ekspertizanın nəticələrini mübahisələndirmək.

15-7.4. Aptek təşkilatının aşağıdakı vəzifələri vardır:

15-7.4.1. bu Qanunun, habelə ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılması haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanları reseptə uyğun dərman vasitələri ilə təmin etmək;

15-7.4.2. icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə buraxılmış dərman vasitələrinin uçotunu aparmaq;

15-7.4.3. icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə buraxılmış dərman vasitələri barədə məlumatları sığortaçıya təqdim etmək;

15-7.4.4. icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə buraxılmış dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanların səhhətinə dair məlumatları, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlarla bağlı həkim sirri təşkil edən məlumatları sığortaçıya təqdim etmək;

15-7.4.5. onun təqsiri üzündən sığortaolunanların sağlamlığına dəymiş zərərin əvəzini ödəmək.”;

2.8. 15-8-ci maddə üzrə:

2.8.1. 15-8.1.2-ci maddədə “keyfiyyət və” sözləri “keyfiyyətinin, habelə tibbi xidmətlərdən, dərman və tibb vasitələrindən istifadənin” sözləri ilə əvəz edilsin;

2.8.2. 15-8.1.3-cü maddəyə “xidmətlərin” sözündən sonra “və tibb vasitələrinin, habelə pozitiv siyahıya daxil olan dərman vasitələrinin” sözləri əlavə edilsin;

2.8.3. 15-8.1.4-cü maddəyə “haqqında” sözündən sonra “, habelə aptek təşkilatları ilə ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında” sözləri əlavə edilsin;

2.8.4. 15-8.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 15-8.1.6-cı maddə əlavə edilsin:

“15-8.1.6. ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin aptek təşkilatı tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə icbari tibbi sığorta çərçivəsində buraxılmış dərman vasitələrinə görə sığorta ödənişini ödəməmək, qismən ödəmək və ya aptek təşkilatından ödənilmiş vəsaitin geri qaytarılmasını tələb etmək.”;

2.8.5. aşağıdakı məzmunda 15-8.2.3-1-ci maddə əlavə edilsin:

“15-8.2.3-1. icbari tibbi sığorta çərçivəsində buraxılmış dərman vasitələrinə görə aptek təşkilatına sığorta ödənişini ödəmək;”;

2.9. 15-12-ci maddə üzrə:

2.9.1. adına “göstərilməsi” sözündən sonra “, habelə dərman və tibb vasitələrinin təmin edilməsi” sözləri əlavə edilsin;

2.9.2. 15-12.1-ci maddədə “Tibbi xidmətlər sığortaolunanlara” sözləri “Sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi, habelə onların dərman və tibb vasitələri ilə təmin edilməsi” sözləri ilə, “göstərilir” sözü “həyata keçirilir” sözləri ilə əvəz edilsin;

2.9.3. 15-12.2-ci maddədə “xidmətlər onların öz vəsaiti hesabına göstərilir” sözləri “xidmətlərin göstərilməsi, habelə sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi onların öz vəsaiti hesabına həyata keçirilir” sözləri ilə əvəz edilsin;

2.10. 15-13.1-ci maddəyə “xidmətlərdən” sözündən sonra “, dərman və tibb vasitələrindən” sözləri əlavə edilsin;

2.11. 15-15-ci maddə üzrə:

2.11.1. aşağıdakı məzmunda 15-15.3-1–15-15.3-3-cü maddələr əlavə edilsin:

“15-15.3-1. Pozitiv siyahıya daxil edilən dərman vasitələrinə görə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən şərti kompensasiya məbləğinə əsasən ödənilir. Pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinə görə eyni şərti kompensasiya məbləği ödənilir. Pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinin pərakəndə satış qiyməti və şərti kompensasiya məbləği arasında yaranan fərq sığortaolunan tərəfindən ödənilir.

15-15.3-2. Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-15.3-3. Xidmətlər zərfində nəzərdə tutulmuş stasionar şəraitdə istifadə olunan dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) üzrə dərman vasitələrinin və tibb vasitələrinin dəyəri tibbi xidmətlərin tariflərinin tərkib hissəsidir və bu halda sığorta ödənişi bu Qanunun 15-15.3-cü maddəsinə uyğun olaraq ödənilir.”;

2.11.2. 15-15.4-cü maddədə “maddəsində” sözü “və 15-19-1-ci maddələrində” sözləri ilə, “müqavilə” sözü “müqavilələr” sözü ilə əvəz edilsin;

2.12. 15-16-cı maddə üzrə:

2.12.1. 15-16.0-cı, 15-16.0.1–15-16.0.4-cü maddələr müvafiq olaraq 15-16.1-ci, 15-16.1.1–15-16.1.4-cü maddələr hesab edilsin;

2.12.2. 15-16.1.1-ci maddəyə “göstərilməsi” sözündən sonra “və tibb vasitələrinin verilməsi, habelə pozitiv siyahıya daxil olmayan dərman vasitələrinin buraxılması” sözləri əlavə edilsin;

2.12.3. 15-16.1.4-cü maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;

2.13. 15-17-ci maddə üzrə:

2.13.1. 15-17.1-ci maddəyə ikinci halda “xidmətləri” sözündən sonra “, habelə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarını (təsiredici maddələrin adlarını) və tibb vasitələrini” sözləri əlavə edilsin;

2.13.2. 15-17.2.3-cü maddəyə “müştərək” sözündən əvvəl “tibbi xidmətin” sözləri əlavə edilsin;

2.13.3. aşağıdakı məzmunda 15-17.2.3-1-ci, 15-17.2.3-2-ci və 15-17.3-1-ci maddələr əlavə edilsin:

“15-17.2.3-1. ambulator və stasionar şəraitdə istifadə olunan dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) siyahısı (adı, dozası, farmasevtik forması, anatomik-terapevtik-kimyəvi təsnifat kodları, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) təyinatına əsas verən Xəstəliklərin Beynəlxalq Təsnifatının kodları göstərilməklə);

15-17.2.3-2. stasionar şəraitdə istifadə olunan tibb vasitələrinin siyahısı;”;

“15-17.3-1. Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

2.13.4. 15-17.2.5-ci maddəyə “göstərilməsi” sözündən sonra “, klinik protokollara uyğun olaraq dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) təyinatı və buraxılması, tibb vasitələrinin təyinatı” sözləri əlavə edilsin;

2.14. 15-18-ci maddə üzrə:

2.14.1. 15-18.1-ci maddəyə “müəssisəsinə” sözündən sonra “və ya dərman vasitələrini buraxmış aptek təşkilatına sığortaolunan tərəfindən” sözləri əlavə edilsin;

2.14.2. 15-18.2-ci maddədə “müəssisəsinə” sözündən sonra “və aptek təşkilatına” sözləri əlavə edilsin;

2.14.3. 15-18.3-cü maddədə “xidmətlər zərfi” sözləri “tibbi xidmətlərə münasibətdə xidmətlər zərfi, dərman vasitələrinə münasibətdə isə pozitiv siyahı” sözləri ilə əvəz edilsin;

2.15. aşağıdakı məzmunda 15-19-1-ci, 15-23-1-ci və 15-23-2-ci maddələr əlavə edilsin:

“Maddə 15-19-1. Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə

15-19-1.1. Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə sığortaçı ilə aptek təşkilatının hüquq və vəzifələrini, dərman vasitələrinin buraxılması şərtlərini, pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləği üzrə sığorta ödənişinin verilməsi qaydasını və müddətlərini, müqavilənin şərtlərinin pozulması nəticəsində dəbbə pulunun həcmini və yuxarı həddini, müqaviləyə xitam verilməsi şərtlərini və digər zəruri məsələləri tənzimləyir.

15-19-1.2. Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilənin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

“Maddə 15-23-1. Pozitiv siyahının müəyyən edilməsi

15-23-1.1. Pozitiv siyahı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və onun rəsmi internet saytında yerləşdirilir. Pozitiv siyahıda ambulator şəraitdə istifadə olunan dərman vasitələri ilə bağlı aşağıdakı məlumatlar göstərilir:

15-23-1.1.1. bu Qanunun 15-17.2.3-1-ci maddəsində göstərilən məlumatlar;

15-23-1.1.2. dərman vasitəsinin əmtəə nişanı adı;

15-23-1.1.3. dərman vasitəsinin orijinal və ya generik olması;

15-23-1.1.4. dərman vasitəsinin ticarət qablaşdırılması;

15-23-1.1.5. dərman vasitəsinin qablaşdırılma miqdarı;

15-23-1.1.6. dərman vasitəsi istehsalçısının və istehsal edildiyi ölkənin adı;

15-23-1.1.7. şərti kompensasiya məbləği;

15-23-1.1.8. müştərək maliyyələşmə məbləği;

15-23-1.1.9. dərman vasitəsinin qlobal identifikasiya nömrəsi (olduğu halda);

15-23-1.1.10. dərman vasitəsinin QR kodu (barkodu);

15-23-1.1.11. dərman vasitəsinin pozitiv siyahıya daxil edilmə və çıxarılma tarixləri.

15-23-1.2. Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları, habelə həmin siyahıdan çıxarılması əsasları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 15-23-2. İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilə

15-23-2.1. Sığortaolunanların ambulator və stasionar şəraitdə istifadə olunan dərman vasitələrinə əlçatanlığının artırılması və icbari tibbi sığorta fondunun maliyyə sabitliyinin təmin olunması məqsədilə sığortaçı və dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi arasında aşağıdakı şərtlərdən birinin və ya hər ikisinin nəzərdə tutulduğu icbari tibbi sığorta çərçivəsində dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilə bağlanıla bilər:

15-23-2.1.1. icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən dərman vasitəsinin proqnozlaşdırılan istifadə həcmi müqabilində dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən endirimlərin tətbiq edilməsi;

15-23-2.1.2. icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən dərman vasitəsinin proqnozlaşdırılan effektivliyinə nail olunmadıqda dərman vasitəsinə görə ödənilən vəsaitin müqavilə ilə razılaşdırılmış hissəsinin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən sığortaçıya geri qaytarılması.

15-23-2.2. Dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilə sığortaçının təşəbbüsü və ya istənilən dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqə sahibinin sığortaçıya müraciəti əsasında bağlanılır.

15-23-2.3. Dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilənin nümunəvi forması və bağlanılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;

2.16. IV-V fəslin adına “tibbi xidmətlərə” sözlərindən sonra “, habelə dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə” sözləri əlavə edilsin;

2.17. 15-26-cı maddə üzrə:

2.17.1. adına “şərtlərinə” sözündən sonra “, habelə dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə” sözləri əlavə edilsin;

2.17.2. 15-26.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İcbari tibbi sığorta çərçivəsində və bu Qanunun 15-19-1-ci maddəsində nəzərdə tutulan müqavilənin şərtlərinə uyğun olaraq buraxılan dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.”;

2.17.3. 15-26.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İcbari tibbi sığorta çərçivəsində və bu Qanunun 15-19-1-ci maddəsində nəzərdə tutulan müqavilənin şərtlərinə uyğun olaraq buraxılan dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə nəzarət tibbi-iqtisadi ekspertiza vasitəsilə həyata keçirilir.”;

2.17.4. 15-26.3-cü maddənin birinci cümləsinə “hesabat sənədlərinə” sözlərindən sonra “, habelə aptek təşkilatları tərəfindən buraxılmış ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin həcminin və buraxılma şərtlərinin bu Qanunun 15-19-1-ci maddəsində nəzərdə tutulan müqavilə və reseptə” sözləri əlavə edilsin;

2.18. 16-1.2-ci maddəyə “tibb müəssisələri” sözlərindən sonra “və aptek təşkilatları” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2024-cü il

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07