Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

27 oktyabr 2024, 10:02

Hörmətli cənab Baş nazir,

Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənizin aparıcı siyasi qüvvəsi olan “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir.

Eyni zamanda, seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm.

Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2024-cü il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55