01 oktyabr 2024, 14:17

Məsud Əfəndiyevdən, Münxen, Almaniya

Möhtərəm cənab Prezident.

2024-cü il sentyabrın 9-11-də Bakı və Xankəndi şəhərlərində keçirilmiş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi baxımından mühüm əhəmiyyət daşımış, Azərbaycanın gücünü və birliyini nümayiş etdirmişdir. Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu kimi genişmiqyaslı tədbirləri beynəlxalq elmi əməkdaşlığın genişlənməsi istiqamətində atılmış mühüm addım kimi dəyərləndiririk.

Dünya Azərbaycanlı Alimlər Birliyinin həm nümayəndəsi, həm də sədri olaraq elmin inkişafına göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümüzü bildiririk.

Sizin yürütdüyünüz uğurlu siyasət ölkəmizin elmi potensialını artıraraq beynəlxalq arenada tanınmasına kömək edir.

Biz, xaricdə yaşayan azərbaycanlı alimlər hər zaman Sizin və hörmətli Mehriban xanım Əliyevanın bizə olan dəstəyini görür, hiss edir və bundan sonsuz dərəcədə ilhamlanırıq.

Forumda qeyd edildiyi kimi, dövlət ilə xalqın birliyi, vəhdəti bizim gələcək uğurlarımızın mənbəyidir. Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvləri, Sizin, dövlətimizin Foruma göstərdiyi diqqət və dəstəyi soydaşlarımıza daim hiss etdirdiyiniz qayğının bariz nümunəsi kimi qiymətləndirir. Biz alim kimi daşıdığımız məsuliyyətin əhəmiyyətini dərk edir və Sizin göstərdiyiniz böyük etimadı doğrultmaq məqsədilə əlimizdən gələni etməyə daim hazır olduğumuzu bəyan edirik.

Bir daha Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvləri adından Sizə təşəkkür edir, qüdrətli ölkəmizin xoşbəxt və firavan gələcəyi üçün məsuliyyətli, şərəfli və hər birimizi soydaş olaraq qürurlandıran fəaliyyətinizdə, yürütdüyünüz uzaqgörən siyasətinizdə böyük nailiyyətlər, axarlı uğurlar arzu edirik.

Dərin hörmət və ehtiramla,

Məsud Əfəndiyev, Azərbaycanın Əməkdar elm xadimi, “Aleksander fon Humboldt” mükafatını alan ilk azərbaycanlı, professor, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri

Almaniya Federativ Respublikası, Münxen şəhəri.