01 oktyabr 2024, 13:15

Murad Ömərovdan, Xarkov, Ukrayna

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları adından bütün dünya azərbaycanlılarının əvəzolunmaz Lideri və Prezidenti kimi səmimi qəlbdən salamlayır, Sizinlə qürur duyuğumu və fəxr etdiyimi bildirirəm. Yenilməz Ordumuzun və xalqımızın Sizin ətrafınızda birləşərək düşmən üzərində şanlı Qələbə çalması, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunması xaricdə yaşayan milyonlarla soydaşlarımızı sevindirir, doğma Azərbaycanımızın beynəlxalq arenada gündən-günə artan nüfuzunun şahidi oluruq. Bu Qələbə məhz Sizin rəhbərliyiniz, uzaqgörən siyasətiniz, iradəniz və “Dəmir yumruğunuz” sayəsində qazanıldı. Vətənimiz naminə taleyüklü məsələlərdə tutduğunuz qətiyyətli mövqeyə, göstərdiyiniz iradəyə görə Sizə təşəkkürümü bildirir və fəaliyyətinizdə uğurlar arzulayıram!

Hörmətli Cənab Prezident!

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir zamanda təşkilinə dəstək verdiyinizə, Forum çərçivəsində Şuşa və Xankəndi şəhərlərini, Qarabağ Universitetini ziyarət etməyimiz, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesləri ilə tanışlığımız zamanı keçirdiyimiz sevinc və fəxarət hisslərini bizə yaşatdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizi əmin edirəm ki, Forum iştirakçılarına müraciətinizdə qarşımızda qoyduğunuz tapşırıqların - dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, ölkəmizin elm və təhsil ocaqları ilə əlaqələrimizin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası, ölkəmizdə elmin dayanıqlı və innovativ inkişafı, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə bilik və təcrübəmlə töhfə vermək istiqamətlərində var gücümlə çalışacaq və Sizin etimadınızı doğrultmağa səy göstərəcəyəm.

Sizə dərin hörmət və ehtiramla,

Murad Ömərov, Xarkov vilayətindəki Azərbaycan-Ukrayna “Dostluq” Cəmiyyətinin sədri, Xarkov Milli Radioelektronika Universitetinin prorektoru, Texnika elmləri doktoru, Azərbaycanın Əməkdar elm xadimi, professor.

Ukrayna, Xarkov şəhəri.