30 sentyabr 2024, 15:30

Toğrul Kərimovdan, Saarbrüken, Almaniya

Möhtərəm cənab Prezident.

Cari ilin sentyabr ayında ölkəmizdə xaricdə yaşayan Azərbaycanlı Alimlərin I Forumu keçirildi. Mən də Almaniyada kompüter elmləri sahəsində bir tədqiqatçı olaraq Foruma dəvət almışdım və böyük həvəslə bu möhtəşəm tədbirdə iştirak etdim. Görüşün fəlsəfəsi qabaqcıl tədqiqat mərkəzlərində çalışan alimlərimizin “doğma Azərbaycanımız üçün biz nə edə bilərik” məfkurəsi üzərində qurulmuşdu və keçirilən görüşlər bu istiqamətdə bir çox yeni istiqamətləri ortaya çıxarmağa kömək etdi.

Forum zamanı yaranan ən böyük təəssürat Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımızda milli dövlət quruculuğunda, elm və təhsilin inkişafında, qlobal proseslərə yanaşmada necə böyük inkişafın olması oldu. Sənaye inqilabı, enerji, iqlim dəyişikləri, xalqların milli özünüdərki kimi məsələlərin Azərbaycanda kifayət qədər peşəkar platformalarda öyrənilməsi çox maraqlı idi. Qarabağa səfərimiz, buradakı bərpa və quruculuq işləri qəlbimizi qürurla doldurdu.

Möhtərəm cənab Prezident.

Qeyd etmək istərdim ki, mən 2019-cu ildə Böyük Britaniyanın Oksford Universitetinin bakalavr və magistr pillələrini “Kompüter elmləri” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm, 2024-cü ildə isə Almaniyanın Maks Plank İnstitutunda dəqiq elmlər üzrə fəlsəfə doktoru adını almışam, hazırda da həmin institutda postdoktorant olaraq çalışıram. Xaricdə oxuduğum müddətdə həmişə Azərbaycan dövlətinin böyük dəstəyini görmüşəm. Oksford Universitetində təhsilimi də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyə dəstəyi ilə almışam. Bütün bunlara görə dövlətimizə və şəxsən Sizə minnətdaram və Sizin rəhbərliyiniz altında dövlətimizin inkişafı üçün əlimdən gələni etməyə hazıram.

İcazə verin ölkəmizdə belə əhəmiyyətli və məhsuldar Forumun keçirilməsinə görə Sizə və təşkilatçılara öz minnətdarlığımı bildirim. Əmin olun ki, dünyanın hansı qitəsində olsaq belə, doğma Azərbaycanımızın mənafeyi üçün hər şeyi etməyə hazırıq

Hörmətlə,

Kərimov Toğrul, Kompüter elmləri üzrə fəlsəfə doktoru.

Almaniya Federativ Respublikası, Saarbrüken şəhəri.