30 sentyabr 2024, 10:46

İlham Axundovdan, Vaterlo, Kanada

Hörmətli cənab Prezident.

Bu sətirləri Sizə olan böyük hörmət və minnətdarlıq hissi ilə yazıram. Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz sayəsində Azərbaycan həm regional, həm də beynəlxalq arenada böyük uğurlara imza atır. Biz alimlər üçün də Sizin tərəfinizdən göstərilən diqqət, xüsusilə xaricdə yaşayan azərbaycanlı alimlərin əməkdaşlığı və inkişafı üçün yaratdığınız şərait bizə böyük dəstək və stimul verir.

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumunun təşkil olunmasına verdiyiniz şəxsi dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin tərəfinizdən göstərilən bu cür diqqət və qayğı, xaricdə yaşayan azərbaycanlı alimlərin öz bilik və bacarıqlarını Azərbaycan xalqının və dövlətinin inkişafına yönəltməsinə stimul yaradır. Bu cür tədbirlər Azərbaycan elminin beynəlxalq səviyyədə tanınması, alimlər arasında əməkdaşlığın gücləndirilməsi və Vətənimizə daha çox fayda vermək məqsədilə bilik və təcrübəmizi bölüşmək üçün çox mühüm platformadır.

Cənab Prezident, xaricdə yaşayan alimlərə göstərilən bu etimad həm də bizim üzərimizə böyük məsuliyyət qoyur. Biz bu etimadı yüksək qiymətləndirir və Sizin rəhbərliyiniz altında Azərbaycan elmini daha yüksək səviyyələrə qaldırmaq üçün bütün imkanlarımızı səfərbər etməyə hazır olduğumuzu bildiririk. Biz, bilik və təcrübəmizi ölkəmizin elmi-texnoloji inkişafına yönəltmək, Vətənimizin dünya səviyyəsində daha da tanınması və rəqabət qabiliyyətinin artırılması üçün Sizin göstərdiyiniz etimadı doğrultmağa çalışacağıq. Elmi tədqiqatlarımızın nəticələrinin Azərbaycan üçün faydalı olacağına və ölkəmizin dünya elm məkanında öz mövqeyini daha da gücləndirəcəyinə inanırıq. Bu istiqamətdə bizə göstərdiyiniz dəstək və yaratdığınız imkanlar üçün Sizə bir daha səmimi minnətdarlığımızı çatdırırıq.

Sizə və ailənizə möhkəm cansağlığı, fəaliyyətinizdə davamlı uğurlar və Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərdə müvəffəqiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla,

Axundov İlham, Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının prezidenti, Vaterlo Universitetinin Riyaziyyat fakültəsinin Riyaziyyat-biznes və mühasibat proqramları direktoru, professor.

Kanada, Vaterlo şəhəri.