28 sentyabr 2024, 15:40

Aygül İsayevadan, Tbilisi, Gürcüstan

Hörmətli cənab Prezident.

Bu gün ölkəmiz Sizin sayənizdə yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. Azərbaycan bütün sahələrdə dünyada öz sözünü deməkdədir. Məhz Sizin diqqət və qayğınızdan bəhrələnən elm adamları da dünyanın ən böyük arenalarında ölkəmizin adını ucaldırlar.

Bu günlərdə - sentyabr ayının 9-11-də Azərbaycanda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumu tarixi əhəmiyyət kəsb edən hadisələrdən birinə çevrildi. Forumun paytaxt Bakıda “Gülüstan” sarayında açılışı və daha sonra işğaldan azad edilmiş ərazilərə, o cümlədən Qarabağ Universitetinə səfərin təşkil edilməsi tarixi, elmi, ictimai-siyasi bir hadisə kimi yaddaşlara həkk edildi.

Forumda çıxışınızı video-fraqmentlərlə izləyərkən bir daha Sizinlə qürur duydum. Siz Azərbaycan dilinin hamımızı birləşdirən əsas amil olmasını vurğulayaraq qeyd edirsiniz: “Çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”. Biz də Sizin tövsiyələrinizə uyğun olaraq dövlətimizin Gürcüstanda ana dilimizin yaşadılması ilə bağlı həyata keçirdiyi mühüm layihələrə dəstək olmağa çalışırıq.

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda 23 ölkəni təmsil edən 80-dən çox alim və professorların arasında Gürcüstan təmsilçisi kimi böyük fəxarət hissi keçirdim. Panel müzakirələr və sessiyalarda elmi müzakirələrə qatılaraq ana dilimizin qorunub saxlanılması, yaşadılması istiqamətində üzləşdiyimiz çətinliklər və həlli yollarını müzakirə etdik.

Əminik ki, Sizin sayənizdə xarici ölkələrlə Azərbaycan arasında təhsil və elm sahəsində əməkdaşlıq münasibətləri bundan sonra daha da möhkəmlənəcək.

Cənab Prezident, elm və təhsil sahəsinə göstərdiyiniz diqqətə, o cümlədən xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

İsayeva Aygül, iqtisadiyyat üzrə fəlsəfə doktoru.

Gürcüstan, Tbilisi şəhəri.