“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

10 iyul 2024, 17:34

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılsın.

2. “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra – Xidmət) adıçəkilən rayona əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

3.2. Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3.3. Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;

3.4. Xidmətin nizamnamə fondu 500 000 (beş yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;

3.5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

4. Xidmətin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. idarəetmə orqanlarının yaradılması;

4.1.3. Müşahidə Şurasının sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. Xidmətin yenidən təşkili və ləğvi;

4.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

4.2. Xidmətə:

4.2.1. Xidmətin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;

4.2.2. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Xidmət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Xidmətin nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

6.1. bu Fərmanın 3.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;

6.2. Xidmətin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

7. Xidmət:

7.1. Xidmətin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

7.2. Xidmət dövlət qeydiyyatına alındıqdan sonra Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2024-cü il

SƏNƏDLƏR Müraciətlər 02 sentyabr 2026
11:24
“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına

Hörmətli Konfrans iştirakçıları,

Sizi “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının açılışı münasibətilə salamlayıram.

Artıq ...

02 sentyabr 2026, 11:24
SƏNƏDLƏR Məktublar 02 sentyabr 2026
11:12
Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

Zati-aliləri,

Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

İqtisadi inkişafın təmin edilməsi, əh...

02 sentyabr 2026, 11:12
XƏBƏRLƏR Tədbirlər 31 avqust 2026
14:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.

Liderlər 8 avqust 2025-ci il tarix...

31 avqust 2026, 14:55