Astanada İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib

03 iyul 2024, 16:43
Astanada İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib.

Görüşdə çıxış edən Çin Xalq Respublikasının Sədri Si Cinpin dedi:

-İnanıram ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bundan sonra da ölkə quruculuğunun müxtəlif istiqamətlərində yeni nailiyyətlər əldə edəcək. Çin-Azərbaycan əlaqələri səmimiyyətə və qarşılıqlı etimada əsaslanır.

Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin-Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Bu gün biz Birgə Bəyannamə qəbul edəcəyik. Bu sənədlə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyimizi bəyan edəcəyik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərək dedi:

-Hörmətli cənab Sədr.

Yenidən görüşməyimizə çox şadam. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul ediləcək Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik.

Şadam ki, Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır və ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafına mühüm impuls verir. Beynəlxalq strukturlarda qarşılıqlı dəstəyi, ikitərəfli səviyyədə qəbul edilən müxtəlif sənədlərdə ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinin ifadə olunmasını xüsusi vurğulamaq istərdim.

Eyni zamanda, ölkələrimizin nazirləri, idarələri, dövlət strukturları, ictimai təşkilatları səviyyəsində fəal diplomatiyanı, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında məhsuldar əməkdaşlığı qeyd etmək istərdim. Bütün bunlar əlaqələrimizi möhkəmləndirir.

Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir. Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq.

COVID-19 epidemiyası zamanı göstərilən köməyə görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim. Mənim Sizə yazılı müraciətimə dərhal müsbət reaksiya verildi və Azərbaycana minlərlə insanın həyatını xilas edən milyon dozadan çox vaksin çatdırıldı. Azərbaycan bu sınaqdan, ilk növbədə, Sizin dostluq münasibətiniz və çətin vaxtda bizə köməyiniz sayəsində ən az itkilərlə çıxan ölkələr sırasında oldu.

Qeyd etmək istərdim ki, investisiya əməkdaşlığının perspektivləri artıq əyani şəkildə görünür. Son hadisələr arasında elektromobillərin və elektrobusların tanınmış istehsalçısı – Çinin “BYD” şirkətinin Azərbaycanın strateji tərəfdaşı seçilməsini qeyd etmək istərdim. Əməkdaşlığın, elektrobusların və digər elektromobillərin birgə istehsalının ilk addımı olaraq müvafiq sənədlər imzalanıb. Əlbəttə, ölkələrimiz arasında yükdaşımaların artmasını xüsusi məmnunluqla qeyd edirəm.

x x x

Si Cinpin İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik etdi. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyini vurğuladı. Tayvanda keçirilmiş seçkilərin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən pislənildiyi, Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdiyi qeyd olundu.

Si Cinpin Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyinə görə təşəkkürünü bildirdi. Ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü xüsusi qeyd olundu.

Prezident İlham Əliyev Azərbaycanın multilateralizmə - çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd etdi ki, Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinin tərəfdarıdır. İkili standartlardan əziyyət çəkmiş ölkəmiz də daxili işlərimizə qarışmaq cəhdlərini qəbul etmir.

Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi vurğulandı, gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi bildirildi.

Si Cinpin Azərbaycan Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, eyni zamanda, bu əsnada Çinə dövlət səfərinə dəvət etdi.

Prezident İlham Əliyev dəvəti məmnunluqla qəbul etdi.

Azərbaycan Prezidenti də Çin Xalq Respublikasının Sədrini uyğun vaxtda ölkəmizə rəsmi səfərə dəvət etdi.

Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biri olduğu vurğulandı, ölkəmizin nəqliyyat-logistika imkanları, bu sahəyə hazırda Azərbaycanın investisiyalar qoyduğu və daim onu təkmilləşdirməsi sayəsində qazandığı uğurları qeyd edildi. Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanlarının 5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması vurğulandı.

Orta Dəhliz çərçivəsində Azərbaycan ilə Çin arasında əməkdaşlığa toxunularaq, bu dəhlizin rəqəmsallaşdırılmasının onun Mərkəzi Asiya ölkələrindən Qərb istiqamətinə, eyni zamanda, Qərb istiqamətindən də Çinə və Mərkəzi Asiyaya yüklərin həcminin artmasına müsbət təsir göstərməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çinin “BYD” şirkəti arasında imzalanan və ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsini nəzərdə tutan Çərçivə Sazişinin önəmi bildirildi.

Görüşdə ölkələrimizin şəhərləri arasında qardaşlıq əlaqələrinə toxunularaq, Azərbaycanın 6 şəhərinin Çinin müxtəlif şəhərləri və regionları ilə əlaqələrinin olduğu vurğulandı.

Azərbaycan ilə Çin arasında humanitar, mədəni əlaqələr qeyd edildi, Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırıldı.

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və insanlar arasında təmasların artırılması məqsədilə Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarına münasibətdə vizaların aradan qaldırılması qeyd edilərək, bunun da ölkələrimiz və insanlar arasında təmaslara ciddi təkan verəcəyinə ümidvarlıq ifadə olundu. Si Cinpin dedi ki, Çin tərəfi də Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəlişin tətbiq olunması məsələsini nəzərdən keçirəcək ki, ölkələrimiz və insanlar arasında təmaslar daha da çoxalsın.

Çin Xalq Respublikasının Sədri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı və ölkəsinin də bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını dedi. COP29 çərçivəsində nümayəndə heyətlərimizin yaxından əməkdaşlıq etməsinin önəmi qeyd olundu.

Si Cinpin Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə toxunaraq, COP29-un sədri kimi Azərbaycanın və Çinin Qlobal Cənubun bir hissəsi olduqlarını dedi.

Prezident İlham Əliyev ölkəmizin ŞƏT ilə əməkdaşlığını dəstəklədiyi kimi, BRICS-lə də əməkdaşlığının inkişafına yaxından dəstək verdiyinə görə Çinə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammiti 2026-cı ildə Azərbaycanda keçiriləcək. Bununla bağlı Azərbaycan ilə Çin arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

x x x

Qeyd edək ki, görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 06 fevral 2026
19:23
S.Ə.Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                    

Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri...

06 fevral 2026, 19:23
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2026
17:48
Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələrin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq...

06 fevral 2026, 17:48
SƏNƏDLƏR Fərmanlar 06 fevral 2026
17:47
Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər, Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanının ləğv edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli 1913 nömrəli və “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında” 2024-cü il 1 fevral tarixli 2462 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

06 fevral 2026, 17:47