Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində İlham Əliyevin nitqi

11 may 2024, 12:10
Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində İlham Əliyevin nitqi

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli ICESCO-nun Baş direktoru cənab əl-Malik.

Hörmətli qonaqlar, əziz dostlar.

Bildiyiniz kimi, Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm. Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik.

Birinci dəfə deyil ki, Azərbaycan şəhəri bu şərəfli ada layiq görülür. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu dəfə isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu şərəfli adı daşıyacaq.

Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir.

Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq.

Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi.

Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.

Bu işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir.

Qeyd etdiyim kimi, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz Şuşanı tam haqlı olaraq sülhün rəmzi kimi qiymətləndirə bilərik.

Mən xarici qonaqları səmimiyyətlə salamlayıram. Builki “Xarıbülbül” festivalı bu hadisəyə - Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilib. Bu gün bir çox müsəlman ölkələrinin kollektivləri bizim üçün müqəddəs olan Cıdır düzündə öz məharətlərini ifadə edəcəklər. Bu, birlik bayramı olacaq, bu, həmrəylik bayramı olacaq. Eyni zamanda, Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir. Bizim qəhrəman əsgər-zabitlərimiz, bax, bu sıldırım qayalara dırmaşaraq yüngül silahlarla şəhəri düşməndən azad etmişlər.

Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin. Sağ olun.


SƏNƏDLƏR Qanunlar 06 oktyabr 2026
17:12
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (A...

06 oktyabr 2026, 17:12
SƏNƏDLƏR Fərmanlar 05 oktyabr 2026
16:00
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104 (Ci...

05 oktyabr 2026, 16:00
SƏNƏDLƏR Sərəncamlar 05 oktyabr 2026
10:30
J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                          

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni il...

05 oktyabr 2026, 10:30