Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

20 may 2024, 16:56

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 443 (Cild I) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. “I fəsil”, “II fəsil”, “III fəsil”, “IV fəsil”, “V fəsil”, “VI fəsil”, “VII fəsil”, “VIII fəsil”, “IX fəsil”, “X fəsil” sözləri müvafiq olaraq “1-ci fəsil”, “2-ci fəsil”, “3-cü fəsil”, “4-cü fəsil”, “5-ci fəsil”, “6-cı fəsil”, “7-ci fəsil”, “8-ci fəsil”, “9-cu fəsil”, “10-cu fəsil” sözləri ilə əvəz edilsin;

1.2. 2-ci maddəyə “Məcəlləsindən,” sözündən sonra “Azərbaycan Respublikasının Əmək Məcəlləsindən (bundan sonra – Əmək Məcəlləsi),” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 2-1-ci maddə əlavə edilsin:

“2-1. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları ilə tənzimlənir.”;

1.4. 4-cü maddədə “vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş” sözləri “xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət keçən” sözləri ilə əvəz edilsin;

1.5. 6-cı maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Xidməti vəsiqə vergi orqanının vəzifəli şəxsinin tutduğu vəzifəni və onun xüsusi rütbəsini təsdiq edən rəsmi sənəddir.”;

1.6. 8-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Vergi orqanlarında xidmətə qəbul və xidmət keçmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Əsasnamə və Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir.”;

1.7. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“9. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş vətəndaşlar, tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş və ya qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər.”;

1.8. aşağıdakı məzmunda 10-1-ci və 10-2-ci maddələr əlavə edilsin:

“10-1. Bu Əsasnamənin 10-2-ci və 13-1-ci maddələrində nəzərdə tutulan şəxslər istisna olmaqla, ilk dəfə vergi orqanlarında xidmətə qəbul edilən şəxslərlə 6 aylıq staj müddəti müəyyən edilməklə əmək müqaviləsi bağlanılır.

10-2. İqtisadiyyat və ya hüquq sahəsində elmlər doktoru dərəcəsi olan şəxslər, eləcə də baş və ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə təyin olunan şəxslər vergi orqanlarında xidmətə qəbul edilən zaman onlar barəsində staj müddəti müəyyən edilmir.”;

1.9. 11-ci maddədə “Vergi orqanlarına xidmətə qəbul edilən şəxslər üçün,” sözləri “Bu Əsasnamənin 13-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, xidmətə qəbul edilən şəxslər üçün” sözləri ilə əvəz edilsin;

1.10. aşağıdakı məzmunda 11-1-ci və 11-2-ci maddələr əlavə edilsin:

“11-1. Vergi orqanlarının vəzifəli şəxsi staj müddəti dövründə peşə hazırlığı kursunu müvəffəqiyyətlə başa vurduqda və staj müddəti başa çatdıqdan sonra onun barəsində müsbət rəy verildikdə sınaq müddəti müəyyən edilmədən, habelə barəsində sınaq müddəti müəyyən edilmiş vəzifəli şəxs sınaq müddəti başa çatdıqdan sonra sınağın nəticəsi qaneedici olduqda, ilkin (bu Əsasnamənin 15-2-ci maddəsi nəzərə alınmaqla) xüsusi rütbə verilməklə vergi orqanlarında daimi xidmətə qəbul edilir. Staj müddəti başa çatdıqda stajın nəticəsi, sınaq müddəti başa çatdıqda isə sınağın nəticəsi qaneedici olmadıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.

11-2. Vergi orqanlarında staj və sınaq keçmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

1.11. 12-ci maddə üzrə:

1.11.1. birinci hissədə “Sınaq” sözü “Staj və sınaq” sözləri ilə, “əlavələrin ödənişində” sözləri “əlavələr ödənilərkən” sözləri ilə əvəz edilsin;

1.11.2. ikinci hissə ləğv edilsin;

1.12. aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:

“12-1. Staj və sınaq müddəti vəzifəli şəxsin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. Vəzifəli şəxsin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.”;

1.13. 13-cü, 17-1-ci, 42-ci, 51-ci, 63–65-ci, 69-1-ci, 70-ci və 74-cü maddələr ləğv edilsin;

1.14. 13-1-ci maddəyə “barəsində” sözündən sonra “, habelə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə xidmət (qulluq) keçən və ya əvvəllər xidmət (qulluq) keçmiş və staj və sınaq müddətini başa vurmuş şəxslər barəsində staj və” sözləri əlavə edilsin;

1.15. aşağıdakı məzmunda 13-2-ci, 13-3-cü, 15-1-ci və 15-2-ci maddələr əlavə edilsin:

“13-2. Vergi orqanlarında xüsusi rütbə verilməklə daimi xidmətə qəbul olunmuş vəzifəli şəxs işə başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir:

“Mən, vergi orqanlarında xidmət keçərkən Azərbaycan Respublikasına sadiq olacağıma, Azərbaycan Respublikasının Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət, kommersiya və (və ya) vergi sirrini, həmçinin xidməti sirri qoruyacağıma, hüquq və vəzifələrimi qərəzsiz, vicdanla, qanuna uyğun həyata keçirəcəyimə, intizamlı olacağıma, vergi işçisinin şərəf və ləyaqətini uca tutacağıma and içirəm.

13-3. Andı içən vəzifəli şəxs andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.”;

“15-1. Bu Əsasnamədə başqa hal nəzərdə tutulmamışdırsa, vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr ardıcıl olaraq verilir.

15-2. Rəhbər vəzifələrə təyin olunan şəxslərə bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş xüsusi rütbələrdən (baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə ilk dəfə təyin olunan şəxslərə kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) xüsusi rütbəsindən yuxarı olmamaqla) biri verilir.

Qeyd. Bu maddədə “rəhbər vəzifə” dedikdə vergi orqanlarında bölmə rəisi və ondan yuxarı vəzifələr nəzərdə tutulur.”;

1.16. 16-cı maddədən “vətəndaşlara və” sözləri çıxarılsın;

1.17. 17-ci maddə aşağıdakı redaksiyada verilsin:

“17. Dövlət vergi orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların dövlət vergi orqanlarındakı xidmət illəri həmin orqanlarda xidmət (qulluq) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər dövlət vergi orqanlarına xidmətə qəbul edildikdə, onların xidmət (qulluq) illəri dövlət vergi orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir.”;

1.18. 21-ci maddədə “Vergi” sözü “Bu Əsasnamənin 15-2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla vergi” sözləri ilə əvəz edilsin və həmin maddədən “ştat üzrə” sözləri çıxarılsın;

1.19. 23-cü maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Vergi orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə tutduğu vəzifəyə görə nəzərdə tutulmuş hədd daxilində vaxtından əvvəl verilə bilər. Növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi vergi orqanının vəzifəli şəxsinə verilmiş xüsusi rütbə üçün müəyyən olunmuş xidmət illərinin yarısı keçdikdən sonra, növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi isə vergi orqanının vəzifəli şəxsinə verilmiş xüsusi rütbə üçün müəyyən olunmuş xidmət illəri bitdikdən sonra mümkündür.”;

1.20. 27-ci maddədən “ştat üzrə” sözləri çıxarılsın;

1.21. 28-ci maddə aşağıdakı redaksiyada verilsin:

“28. Vergi orqanlarının sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılan, yaxud intizam tənbehi tətbiq edilmiş, həmçinin barəsində cinayət təqibi üzrə icraat başlanılmış vəzifəli şəxs müvafiq olaraq vəzifəyə təyin olunana, vəzifəsinə qaytarılana, intizam tənbehi götürülənə, cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək növbəti xüsusi rütbəyə təqdim edilmir.”;

1.22. 29-cu maddənin mətni ikinci cümlə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük verilir.”;

1.23. 33-cü maddənin birinci hissəsinin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda on ikinci və on üçüncü abzaslar əlavə edilsin:

“dövlət vəsaiti hesabına təhsil almaq və təlimlərdə iştirak etmək;

əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək (əgər bu, maraqların toqquşması və korrupsiya hüquqpozmalarına səbəb olmursa).”;

1.24. 38-ci maddənin birinci cümləsində “, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada” sözləri “aylıq vəzifə maaşı, xüsusi rütbə üzrə maaşı, xidmət illərinə və elmi dərəcəyə görə əlavələr saxlanılmaqla” sözləri ilə əvəz edilsin;

1.25. aşağıdakı məzmunda 38-1-ci maddə əlavə edilsin:

“38-1. Sərəncamda olma müddəti vergi orqanında xidmət illərinə daxil edilir.”;

1.26. 39-cu və 40-cı maddələr aşağıdakı redaksiyada verilsin:

“39. Vergi orqanının vəzifəli şəxsi vəzifədə irəli çəkilə və başqa vəzifəyə keçirilə bilər.

40. Bu Əsasnamədə başqa hal nəzərdə tutulmamışdırsa, vergi orqanının vəzifəli şəxsinin vəzifədə irəli çəkilməsinə və başqa vəzifəyə keçirilməsinə onun razılığı ilə yol verilir.”;

1.27. aşağıdakı məzmunda 40-1-ci maddə əlavə edilsin:

“40-1. Vergi orqanının vəzifəli şəxsi vəzifədə irəli çəkilərkən onun təhsili, işgüzarlığı, peşəkarlıq səviyyəsi, fəaliyyətinin qiymətləndirilməsi nəticələri, etik davranış qaydalarına əməl etməsi, bərabər vəzifəyə dəyişdirilərkən isə ailə vəziyyəti, səhhəti, yaşı və yaşayış yeri nəzərə alınır. İntizam tənbehi qaydasında, fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə vergi orqanının vəzifəli şəxsinin başqa vəzifəyə (o cümlədən aşağı vəzifəyə) keçirilməsinə onun razılığı tələb olunmur.”;

1.28. 45-ci maddənin birinci hissəsinin 6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 7-ci və 8-ci bəndlər əlavə edilsin:

“7) “fəxri vergi orqanı işçisi” adının verilməsi;

8) döş nişanı ilə təltif edilməsi.”;

1.29. aşağıdakı məzmunda 45-2-ci və 45-3-cü maddələr əlavə edilsin:

“45-2. Vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

45-3. Vergi sisteminin inkişafı sahəsində göstərdikləri səmərəli əməkdaşlığa və verdikləri töhfəyə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri və ölkə vətəndaşları fəxri fərman və xatirə nişanı ilə təltif edilə bilərlər.”;

1.30. 46-cı maddə üzrə:

1.30.1. birinci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“46. Vergi orqanının vəzifəli şəxsi bu Əsasnamənin 10-cu və 34-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda), onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:”;

1.30.2. 3-cü bənddən “6 ay müddətinə” sözləri çıxarılsın;

1.31. 46-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“46-1. Töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verildiyi gündən 6 ay müddətində qüvvədə olur. Həmin intizam tənbehlərinin qüvvədə olma müddəti başa çatdıqda və ya həmin intizam tənbehləri vaxtından əvvəl götürüldükdə şəxs tənbeh almamış hesab olunur.”;

1.32. aşağıdakı məzmunda 46-2 – 46-5-ci və 48-1-ci maddələr əlavə edilsin:

“46-2. Bu Əsasnamənin 46-cı maddəsinin birinci hissəsinin 3-cü bəndində nəzərdə tutulan intizam tənbehi tətbiq edildikdə, vergi orqanının vəzifəli şəxsi 6 ay müddətində əvvəlki vəzifəsinə bərpa edilə və ya digər yuxarı vəzifəyə keçirilə bilməz (bu Əsasnamənin 38-ci maddəsində qeyd olunan halda eyni vəzifədə saxlanılması, bərabər və ya daha aşağı vəzifəyə keçirilməsi mümkün olmadığı hallar istisna olmaqla).

46-3. Bu Əsasnamənin 46-cı maddəsinin birinci hissəsinin 4-cü bəndində nəzərdə tutulan intizam tənbehi tətbiq edildikdə, vergi orqanının vəzifəli şəxsinin aşağı salınmış xüsusi rütbədə xidmət müddəti intizam tənbehi tətbiq edilməsi barədə əmrin verildiyi tarixdən hesablanır.

46-4. Bu Əsasnamənin 46-cı maddəsinin birinci hissəsinin 5-ci bəndində nəzərdə tutulan intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 10-cu maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.

Qeyd. Bu maddədə “kobud pozuntu” dedikdə Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən pozuntular nəzərdə tutulur.

46-5. Bu Əsasnamənin 46-cı maddəsində nəzərdə tutulan intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, vergi orqanının vəzifəli şəxsinə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.”;

“48-1. Bu Əsasnamənin 46-cı maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan eyni bir əmələ görə yalnız bir intizam tənbehi verilə bilər.”;

1.33. 49-cu maddə aşağıdakı redaksiyada verilsin:

“49. İntizam tənbehi intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının vəzifəli şəxsinə intizam pozuntusuna yol verildiyi məlum olduğu andan 2 ay müddətində tətbiq edilə bilər.”;

1.34. 50-ci maddənin birinci cümləsində “törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt” sözləri “bu Əsasnamənin 46-cı maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan əməlin törədildiyi gündən 2 il” sözləri ilə əvəz edilsin;

1.35. aşağıdakı məzmunda 5-1-ci fəsil əlavə edilsin:

“5-1-ci fəsil

VERGİ ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN SOSİAL MÜDAFİƏSİ

VƏ MADDİ TƏMİNATI

54-1. Vergi orqanlarının vəzifəli şəxslərinin əməkhaqqı aylıq vəzifə maaşından, xüsusi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavələrdən və normativ hüquqi aktlarda nəzərdə tutulan digər ödənişlərdən ibarətdir.

54-2. Vergi orqanlarının vəzifəli şəxslərinin aylıq vəzifə maaşının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

54-3. Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

54-4. Vergi orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

54-5. Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələr ödənilir. Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

54-6. Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti yaşayış sahəsi üçün yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası verilir.

54-7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası dövlət büdcəsinin vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Vergi orqanlarında çalışan digər vəzifəli şəxslər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada icbari sığorta olunurlar.

54-8. Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanının vəzifəli şəxslərinə və ya onların ailə üzvlərinə birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;

1.36. 59-cu maddədə “Xidmət şəraitindən asılı” sözləri “Əmək Məcəlləsinə uyğun” sözləri ilə əvəz edilsin və həmin maddəyə “qısaldılmış” sözündən sonra “və ya natamam” sözləri əlavə edilsin;

1.37. 60-cı maddə üzrə:

1.37.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

“Vergi orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar Əmək Məcəlləsində nəzərdə tutulan qaydada gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilə, habelə onlara çoxnövbəli iş rejimi müəyyən edilə bilər.”;

1.37.2. ikinci hissədə “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” sözləri “Əmək Məcəlləsi” sözləri ilə əvəz edilsin;

1.38. 61-ci maddədə “Azərbaycan Respublikasının əmək qanunvericiliyi” sözləri “Əmək Məcəlləsi” sözləri ilə əvəz edilsin;

1.39. 62-ci maddə aşağıdakı redaksiyada verilsin:

“62. Bu Əsasnamənin müddəaları nəzərə alınmaqla vergi orqanlarının vəzifəli şəxsləri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada məzuniyyətlərdən istifadə edirlər.”;

1.40. 66-cı maddə üzrə:

1.40.1. birinci cümlədə “Xidməti zərurətlə əlaqədar olaraq məzuniyyətdə olan vergi orqanının vəzifəli şəxsi” sözləri “Məzuniyyətdə olan vergi orqanının vəzifəli şəxsi xidməti zərurətlə əlaqədar olaraq və ya Əmək Məcəlləsinə uyğun olaraq öz arzusu ilə” sözləri ilə əvəz edilsin;

1.40.2. üçüncü cümlədə “günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri verilir” sözləri “günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur, habelə məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir” sözləri ilə əvəz edilsin;

1.41. 69-cu maddə aşağıdakı redaksiyada verilsin:

“69. Vergi orqanlarının vəzifəli şəxsi müvafiq iş ilində əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə və əmək məzuniyyəti növbəti iş ilinə keçirilmədikdə, ona həmin iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada kompensasiya ödənilir.”;

1.42. 72-ci maddənin ikinci abzasında “60” rəqəmləri “200” rəqəmləri ilə, üçüncü abzasında “54” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “51” rəqəmləri “160” rəqəmləri ilə, beşinci abzasında “48” rəqəmləri “145” rəqəmləri ilə, altıncı abzasında “45” rəqəmləri “130” rəqəmləri ilə, yeddinci abzasında “42” rəqəmləri “115” rəqəmləri ilə, səkkizinci abzasında “39” rəqəmləri “100” rəqəmləri ilə, doqquzuncu abzasında “36” rəqəmləri “80” rəqəmləri ilə, onuncu abzasında “33” rəqəmləri “65” rəqəmləri ilə, on birinci abzasında “30” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

1.43. aşağıdakı məzmunda 73-1-ci maddə əlavə edilsin:

“73-1. Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

1.44. 75-ci maddə üzrə:

1.44.1. 4-cü bəndə “habelə” sözündən sonra “stajın və ya” sözləri əlavə edilsin və həmin bənddə “qənaətedici” sözü “qaneedici” sözü ilə əvəz edilsin;

1.44.2. 5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5) bu Əsasnamənin 46-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş halda;”;

1.44.3. aşağıdakı məzmunda 5-1-ci bənd əlavə edilsin:

“5-1) xidmətdə olmanın yaş həddinə çatdıqda;”;

1.44.4. 6-cı bəndə “verildikdə” sözündən sonra “, habelə bu Əsasnamənin 9-cu maddəsində müəyyən edilmiş hallar aşkar olunduqda” sözləri əlavə edilsin;

1.44.5. 7-ci bənd ləğv edilsin;

1.44.6. 8-ci bənddə “Azərbaycan Respublikasının əmək qanunvericiliyində” sözləri “Əmək Məcəlləsində” sözləri ilə əvəz edilsin;

1.44.7. ikinci hissədə “3-7-ci” sözləri “3-6-cı” sözləri ilə əvəz edilsin;

1.45. 77-ci maddədə “Vergi” sözü “Əmək Məcəlləsində başqa hal müəyyən edilməmişdirsə, vergi” sözləri ilə əvəz edilsin;

1.46. 78-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu maddənin birinci cümləsində nəzərdə tutulan vəzifəli şəxslər istisna olmaqla, vergi orqanında dövlət qulluğunda çalışan digər vəzifəli şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş pensiya təminatı şamil edilir.”;

1.47. aşağıdakı məzmunda 78-1 – 78-3-cü maddələr əlavə edilsin:

“78-1. Vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır.

78-2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir.

78-3. Bu Əsasnamənin 78-1-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olma müddəti həmin vəzifəli şəxsin razılığı ilə müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Vergi orqanının vəzifəli şəxsinin vergi orqanlarında xidmət müddətinin beş ildən çox uzadılmasına yol verilmir. Xidmətdə olma müddətinin artırılması sonradan bu Əsasnamə ilə nəzərdə tutulmuş əsaslarla vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətinə xitam verilməsini istisna etmir.”;

1.48. 82-ci maddədə “fondu” sözü “vəsaitləri” sözü ilə əvəz edilsin.

Maddə 2. Keçid müddəalar

2.1. Bu Qanunun 1.13-cü (17-1-ci və 42-ci maddələrin ləğvinə münasibətdə) və 1.17-ci maddələri Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 17-ci maddəsində nəzərdə tutulmuş qayda ilə eyni gündə qüvvəyə minir.

2.2. Bu Qanunun 1.35-ci və 1.42-ci maddələri 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2024-cü il

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12