“Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

20 may 2024, 16:46

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 486 (Cild I) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin:

“1-1. Normativ hüquqi akt layihələrinin razılaşdırılması və vizalanması ilə bağlı kargüzarlığın aparılması, o cümlədən sənədlərin rəsmiləşdirilməsi, protokolların hazırlanması və tərtib edilməsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla həyata keçirilir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 mart tarixli 17 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.4-cü bənddən “, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır” sözləri çıxarılsın;

2.2. aşağıdakı məzmunda 8.4-1-ci və 9.5-1-ci bəndlər əlavə edilsin:

“8.4-1. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrini aparır, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) məcburi hüquqi ekspertizasını keçirir;”;

“9.5-1. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla) məcburi hüquqi ekspertizasını keçirmək;”;

2.3. 9.3-cü, 9.5-ci və 9.7-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“9.3. yeni normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə təkliflər hazırlamaq;”;

“9.5. Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinin aparılmasını, idarə olunmasını, tamlığını, müvafiq internet informasiya ehtiyatı vasitəsilə ümumi istifadə üçün daimi açıqlığını və mühafizəsini təmin etmək;”;

“9.7. ictimaiyyət üçün açıq olan Hüquqi aktların vahid elektron bazasını aparmaq;”;

2.4. 9.4-cü bənddə “normativ hüquqi aktların və normativ xarakterli aktların” sözləri “qanun layihələrinin, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının” sözləri ilə əvəz edilsin;

2.5. 9.6-cı bənddən “, ədliyyə orqanları və məhkəmələrin normativ hüquqi aktlarla təchiz olunmasını həyata keçirmək, onlara normativ hüquqi aktların nəzarət vəziyyətində saxlanılması üçün kömək göstərmək” sözləri çıxarılsın;

2.6. 10.2-ci bənddə “zərurət olarsa, öz qərarlarını müvafiq icra hakimiyyəti orqanları” sözləri “öz qərarlarını aidiyyəti üzrə dövlət orqanları (qurumları)” sözləri ilə əvəz edilsin;

2.7. 10.4-cü bəndə “aktlar” sözündən sonra “(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları istisna olmaqla)” sözləri, “orqanlar” sözündən sonra “(qurumlar)” sözü əlavə olunsun və həmin bənddə “qüvvədən düşməsi, yaxud onlara əlavə və” sözləri “ləğv edilməsi və ya onlarda” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 626 (Cild I) ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.11-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlar Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunduqdan sonra yeddi iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməyibsə, həmin aktlar Dövlət Reyestrinə daxil edilmiş hesab olunur və rəsmi dərc edilməlidir, bu şərtlə ki, həmin müddət bitdikdən sonra bir iş günü ərzində Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktın Dövlət Reyestrinə vaxtında daxil edilməməsinin səbəbləri barədə hüquqi aktı qəbul etmiş orqana (quruma) əsaslandırılmış məlumat verilməmiş olsun.”;

3.2. 4.1.3-cü yarımbənddən “(vizalanması)” sözü çıxarılsın.

4. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1794 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” üzrə:

4.1.1. 5.3-cü bənddə “Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidenti aktlarının layihələrinə və digər sənədlərə” sözləri “sənədlərə (bu Qaydanın 5.3-1-ci bəndi nəzərə alınmaqla)” sözləri ilə əvəz edilsin;

4.1.2. aşağıdakı məzmunda 5.3-1-ci, 5.3-2-ci, 5.14-cü və 5.15-ci bəndlər əlavə edilsin:

“5.3-1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə normativ hüquqi akt layihəsinin hazırlanması və ya yenidən işlənilməsi ilə bağlı göndərilən təklifə, həmçinin baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihəsinə ən geci 3 (üç) ay müddətində, əlavə araşdırma tələb olunduqda isə 6 (altı) aydan gec olmayaraq baxılmalıdır (münasibət bildirilməlidir). Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin məktubunda normativ hüquqi akt layihəsinin hazırlanması və ya yenidən işlənilməsi, habelə normativ hüquqi akt layihəsinə baxılması (münasibət bildirilməsi) üçün daha qısa müddət müəyyən edilə bilər.

5.3-2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə icra hakimiyyəti orqanlarının təsdiq edilmiş (qüvvəyə minmiş) normativ hüquqi aktlarının təkmilləşdirilməsi, aşkar edilmiş boşluqların, ziddiyyətlərin və digər nöqsanların aradan qaldırılması ilə bağlı göndərilən təkliflər nəzərə alınmalı və ən geci 1 (bir) ay müddətində müvafiq normativ hüquqi aktlarda dəyişiklik edilməsi və ya onların ləğv edilməsi ilə bağlı tədbirlər görülməli, nəticəsinə dair məlumat, təkliflərin nəzərə alınması mümkün olmadıqda isə bu barədə əsaslandırılmış cavab məktubu Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.”;

“5.14. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırığın icra müddətinin ilk üçdə bir hissəsi ərzində (bu Qaydanın 5.15-ci bəndi nəzərə alınmaqla) əsas icraçı tərəfindən müvafiq normativ hüquqi akt layihəsi hazırlanmalı və razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərilməlidir. Tapşırığın icra müddətinin qalan hissəsində normativ hüquqi akt layihəsi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla razılaşdırılmalı və Nazirlər Kabinetinə təqdim olunmalıdır.

5.15. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırığın müəyyən olunmuş müddətdə icrası mümkün olmadıqda, tapşırığı icra edən bunun səbəbləri və tapşırığın icra tarixini göstərməklə, yuxarı dövlət orqanına tapşırığın icrasının başaçatma tarixindən azı 7 (yeddi) iş günü əvvəl məlumat verməlidir.”;

4.1.3. 5.9-cu bəndin ikinci cümləsində “Təcili” sözü “Normativ hüquqi aktların layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, “təcili” sözləri ilə əvəz edilsin;

4.1.4. 5.10-cu bənd üzrə:

4.1.4.1. birinci cümlədə “Tapşırığın” sözü “Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, digər tapşırığın” sözləri ilə əvəz edilsin;

4.1.4.2. ikinci cümləyə “tarixindən” sözündən sonra “azı” sözü əlavə edilsin;

4.1.5. 5.11-ci bənd üzrə:

4.1.5.1. birinci cümlədə “Tapşırıq” sözü “Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, digər tapşırıq” sözləri ilə əvəz edilsin;

4.1.5.2. üçüncü cümlə çıxarılsın;

4.1.6. 5.13-cü bənddə “Tapşırıq” sözü “Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırıq istisna olmaqla, digər tapşırıq” sözləri ilə əvəz edilsin;

4.1.7. 6.3-cü bənddə “2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına əlavə – “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin” sözləri “2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin” sözləri ilə əvəz edilsin və həmin bənddən “Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsinə,” sözləri çıxarılsın;

4.1.8. 6.4-cü bənddə “layihə irad və təkliflərlə birlikdə” sözləri “digər dövlət orqanları (qurumları) tərəfindən vizalanmış layihə, ona razılıq verməyən icraçıların rəylərini əks etdirən iclas protokolu və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.2-ci maddəsində göstərilənlər əlavə olunmaqla” sözləri ilə əvəz olunsun və həmin bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu qaydaya əməl edilmədən təqdim olunan sənədlər əsas icraçıya geri qaytarılır.”;

4.1.9. 6.5-ci bənddə “layihəni hazırlayan əməkdaşının (əməkdaşlarının), habelə irad və təklifləri olan mərkəzi icra hakimiyyəti orqanının (orqanlarının), yerli icra hakimiyyəti orqanının (orqanlarının), dövlətin hüquqi şəxsinin (şəxslərinin) və digər aidiyyəti qurumların rəhbərlərinin (müavinlərinin) və ya nümayəndələrinin” sözləri “layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin)” sözləri ilə əvəz olunsun və həmin bəndə “müzakirə aparılır” sözlərindən sonra “və nəticələr protokollaşdırılır” sözləri əlavə edilsin;

4.1.10. 6.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.7. Müzakirə nəticəsində qarşılıqlı həlli tapılmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair Baş nazir aşağıdakı tədbirlərdən birini görür:

6.7.1. razılığın əldə edilməməsi normativ hüquqi akt layihəsinin və ya onun ayrıca struktur elementinin qəbul edilməsinin məqsədəuyğunluğu ilə bağlıdırsa, layihəyə və ya onun ayrıca struktur elementinə dair öz qərarını həyata keçirir;

6.7.2. razılığın əldə edilməməsi qüvvədə olan normativ hüquqi aktların tələbləri ilə əlaqədardırsa, həmin tələblərə əsaslanaraq qərar qəbul edir.”;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” üzrə:

4.2.1. 3.0.22-ci yarımbəndə “Baş nazirin” sözlərindən əvvəl “bu Əsasnamənin 3.0.22-1-ci yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda” sözləri əlavə edilsin;

4.2.2. aşağıdakı məzmunda 3.0.22-1-ci və 5.9.15-1-ci yarımbəndlər əlavə edilsin:

“3.0.22-1. razılıq əldə edilməsi mümkün olmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair qarşılıqlı həllin tapılması məqsədilə Baş nazirin tapşırığı ilə onun müavini və ya Nazirlər Kabineti Aparatının rəhbərinin yanında Aparatın müvafiq struktur bölməsinin (bölmələrinin), layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin) iştirakı ilə müzakirə aparmaq və nəticələrini protokollaşdırmaq;”;

“5.9.15-1. razılıq əldə edilməsi mümkün olmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair qarşılıqlı həllin tapılması məqsədilə Baş nazirin tapşırığı ilə Nazirlər Kabineti Aparatının müvafiq struktur bölməsinin (bölmələrinin), layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin) iştirakı ilə müzakirə aparır;”;

4.2.3. 3.0.24-cü yarımbəndə “idarələrarası” sözündən əvvəl “Normativ hüquqi aktlar” informasiya sisteminin və” sözləri əlavə edilsin;

4.2.4. 5.9.5-ci yarımbənddə “rəy və təkliflər verilməsi, həmçinin razılaşdırılması” sözləri “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Nazirlər Kabinetinə baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihələrini baxılması (münasibət bildirilməsi)” sözləri ilə əvəz edilsin;

4.2.5. 5.9.15-ci yarımbəndə “Baş nazirin” sözlərindən əvvəl “bu Əsasnamənin 5.9.15-1-ci yarımbəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 218 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 aprel tarixli 38 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nın 2.14-cü bəndində “2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.12-ci” sözləri “2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 4.4-cü” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2024-cü il